AZ

Əsas iqlim çağırışları

Azərbaycan köməyə hazırdır

Hazırda dünya miqyasında meydana çıxan əsas çağırışlardan biri iqlim dəyişmələri ilə bağlıdır. Qlobal istiləşmənin yaratdığı təhdidlər bütün ölkələr üçün təhlükəlidir. Xüsusilə də bu təhlükə kiçik ada dövlətləri üçün kritik həddə çataraq mövcudluq anlamında qəbul olunur. Belə kədərli reallıq fonunda iqlim dəyişmələrinin mənfi təsirlərini öz üzərində də hiss edən Azərbaycan xoş məram ortaya qoyaraq birgə fəaliyyət planlarına töhfələr verməyə hazır olduğunu bildirir. Azərbaycanın cari ilin ikinci yarısında ev sahibliyi edəcəyi COP29 konfransına ciddi hazırlıqlar görməsi bunu əyani şəkildə təsdiqləyir.  Prezident İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Qonaqları konfransa dəvət edən dövlətimizin başçısı vurğulayıb: “Əlbəttə, ümidvaram ki, siz konfransın açılış mərasimində olacaqsınız. Beləliklə, bu, ikitərəfli gündəliyimizi, bizim birlikdə necə çalışa biləcəyimizi və bu ciddi iqlim çağırışı ilə bağlı sizi necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün yaxşı fürsətdir”.

Qlobal iqlim dəyişmələrinin fəsadları

İndiyədək çoxsaylı insan tələfatına səbəb olan, ölkələr arasında düşmənçilik yaradan, müxtəlif sivilizasiyaların tarixi izlərini Yer üzündən birdəfəlik silən müharibələr bəşəriyyətin gələcəyi üçün ən fəlakətli təhlükə hesab olunurdu. İndi isə ekoloji dəyişmələrin fəsadları ağır, çoxillik müharibələrin nəticələri ilə müqayisə olunur və burada risk amilinin daha çox olduğu bildirilir. Çünki müharibələri hər halda idarə etmək və ən zəruri hallarda kritik qərarlar qəbul etmək mümkündür. Qlobal iqlim dəyişmələrinin qarşısının alınması isə daha çətin görünür. 

Dünyanı təhdid edən iqlim dəyişmələrinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır.  Bütün bu kimi fəaliyyətlər atmosverə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Ötən il dünyatarixinə ən isti il kimi daxil oldu. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.

Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini  göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur. Bu gün iqlim dəyişikliyi insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan əsas problemlərdən biri qismində çıxış edir. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz daimi yaşayış yerindən köçmək məcburiyyəti ilə üz-üzə qoyub.

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda qlobal iqlim dəyişmlərinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Göstəriciləri açıqlanan beş su anbarından yalnız Şəmkir su anbarının güzgü səthinin sahəsi 2017-ci ildən bəri artıb və 5 min 650 hektardan 8 min 993 hektara yüksəlib. “Azərkosmos” peyk görüntüləri ilə ölkənin ən böyük çayı olan Kür çayını da monitorinq edib. Həmin görüntülərin təhlili göstərir ki, 2020-ci ildə Kürün Salyan şəhəri yaxınlığından keçən hissəsində çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib. Bununla, üç il ərzində Kürün orta eni 8 metr azalıb. Müşahidə aparılan dövrdə Kürün eninin ən az olduğu dövr 2021-ci ilə təsadüf edib. Həmin vaxt Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində orta en göstəricisi 68 metrə qədər geriləyib. Təqdim olunan bu kimi faktlar həyəcan təbili çalmağa əsas verir. “Artıq dediyim kimi, hər kəs, o cümlədən Azərbaycan iqlim dəyişmələrindən əziyyət çəkir. Sizdə su artıqdır. Bizdə isə su azdır. Bizdə quraqlıq, sizdə isə dənizin ərazinizə daxil olması var. Bununla belə, hər bir ölkə problemlə üzləşir, lakin sizin üçün bu, mövcudluqla bağlıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Kiçik ada dövlətlərinin problemləri

Narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmənin azalacağı ilə bağlı hər hansı bir proqnoz verilmir. Əksinə bildirlir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6, hətta 6 dərəcəyə qədər arta bilər. Bunun fəsadlarının kiçik ada dövlətləri üçün necə ağır olacağını təsəvvür etmək çətin deyil. Bu barədə qəbulda ətraflı müzakirələr aparıldı. Kiçik ada dövlətlərinin əsas problemləri ondan ibarətdir ki, onlar dörd bir tərəfdən su ilə əhatə olunublar. Dəniz səviyyəsinin qalxması bu ölkələrin ərazilərinin kiçilməsi ilə nəticələnir. Bu ölkələrdə təbii fəlakətlər tez-tez təkrarlanır. Məsələn, Tahada vulkan püskürməsi və sunami baş verib. Bu hadisələr sahilyanı sərhədlərin geriyə çəkilməsini şərtləndirib və sahil mühafizəsi nöqteyi-nəzərindən vəziyyəti  mürəkkəbləşdirib. Vəziyyəti şərh edən Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau bildirib: “Baham adalarının əvəzindən danışmaq istəməzdim, ancaq biz və hər halda Tuvalu da 99 faiz okeanla əhatə olunmuşuq, ərazimiz olduqca kiçikdir. Biz bəzən özümüzü böyük okean dövləti adlandırırıq. Ancaq reallıq ondan ibarətdir ki, bizim resursumuz və torpaq sahəmiz yoxdur, olan kiçik sahəni qorumaq üçün əlimizdən gələni etməliyik. Hər il Sakit Okean hövzəsi liderlərinin toplantısı təşkil olunur, 18 dövlətin rəhbərləri Liderlərin Forumu adlanan tədbirə toplaşırlar. Buraya Avstraliya və Yeni Zelandiya da daxildir. Bu il liderlər Tonqaya səfər edəcəklər”.

Kiçik ada dövlətlərinin üzləşdikləri belə vəziyyət birgə səylərlə zəruri  tədbirlər görülməsinin vacibliyini önə çıxardıb. Qəbulda bununla bağlı təkliflər səsləndirilib. Bunlar əsasən üç geniş sahəni əhatə edir: İtki və Zərər Fondunun fəaliyyətə başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması. İqlim dəyişmələrinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi.  

Respublikamız qlobal iqlim dəyişmələrinə çox həssas yanaşma sərgiləyir. Əvvəla, Azərbaycan neft-qaz ölkəsi olsa da, qlobal iqlim dəyişmələrinə təsiri çox cüzidir. Digər tərəfdən, respublikamız qarşıya 2050-ci ilədək “sıfır emissiya” hədəfi qoyub. “Yaşıl enerji”yə keçid də ölkəmizin gündəliyinin prioritetləri sırasında yer alır. Azərbaycan,  həmçinin kiçik ada dövlətlərinin problemlərinin həllinə dəstək verməyə hazırdır. “Hazırda biz COP29-a sədrlik edirik və buna praktiki nöqteyi-nəzərdən yanaşırıq. Bilirik ki, bir çox müzakirələr, söhbətlər aparılıb, lakin nəticə çox olmayıb. Bizim mövqeyimiz isə hər zaman çox praktiki və praqmatik olub. Biz nəticələrə nail olmaq istəyirik. Konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Vəsaitlərin ayrılması üzərində fəal çalışırıq ki, həmin məsələlər həllini tapsın. Eyni zamanda, anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
yeniazerbaycan.com

1Mənbələr