AZ

Azərbaycanlı–fransız ailə cütlüyü Afrikada

“Azərbaycanın Dostları Təşkilatı”nın sədri Billurə Bayramova–Bernard 2022-ci ildən Anqolanın paytaxtı Luandada yaşayır. Afrikada uzun illər yaşamasının səbəbi həyat yoldaşı, fransız Antuanın neft sahəsində işləməsidir. Anqolaya gəlməzdən öncə 9 il Nigeriyada yaşayan Billurə görünüşcə çox zərifdir. Amma onunla söhbətdən, gördüyü işlərin həcmini öyrəndikdən, həyata keçirdiyi layihələrə nəzər saldıqdan sonra bu qədər yükü necə daşımasına heyran qalmamaq olmur. “Beynəlxalq Ailə Günü”ndə 43 yaşlı Billurə xanımın XQ-yə verdiyi müsahibə ilə onun Afrika həyatını və uğur hekayətini dinləyək:

– İsmayıllı rayonu hara, Afrika hara? Ozü də qadın. Bir az qəribə səslənmirmi? Bu qitədən o qitəyə necə gedib çıxmısan? 

– Qəribə səslənsə də belədir. La­hıcda doğulub böyümüşəm. Atam orta məktəbdə müəllim, xalçaçı anam isə evdar xanım olub. Ailənin təhsil alıb işləyən 6 uşağından biriyəm. Məndən başqa, hamısı Azərbaycandadır. Uşaq­lıqdan jurnalist olmaq, xaricdə təhsil almaq, Azərbaycanı dünyada tanıtmaq, biznes qurmaq arzulamışam. 

– Həm də xarici ölkədə yaşamaq, eləmi?

– O qədər də yox. İlk ali təhsilimi jurnalistika deyil, filologiya üzrə aldım, magistr dərəcəsini də bitirdim. Sonradan Azərbaycan Dövlət İqtisad Universite­tində ikinci təhsil alıb, İsveç Krallığının Lund Universitetində maliyə iqtisadiy­yatı üzrə magistr dərəcəsi aldım. 

– Bizi maraqlandıran əsas məsələ ailənin beynəlmiləl olmasıdır.

– Həyat yoldaşım Antuan fransızdır. Təhsilindən sonra ilk işinə Bakıda neft şirkətində başlayıb. İxtisasca mühən­disdir. Onunla Bakıda tanış olmuşduq. Burada bir neçə il çalışandan sonra işi ilə bağlı Qazaxstana getsə də, əlaqəmiz kəsilmədi. Telefonla zəngləşir, dost kimi fikirlərimizi bölüşürdük. Xarici vətən­daşlarda “səni sevirəm, sənsiz ölərəm, filan” yoxdur. Düz 5 il sonra ondan evlilik təklifi aldım. Elə bil, illərdir ki, bu təklifi gözləyirdim. Dərhal da qəbul etdim. Əslində, o zaman arzularım­da nəinki xarici vətəndaşla evlənmək, ümumiyyətlə ailə qurmaq fikri yox idi. Amma ailə qurandan, övladlarım dün­yaya gələndən, Antuanın bizə münasi­bətindən sonra nə qədər düzgün addım atdığımın fərqinə vardım. İndi vaxtımın çoxunu uşaqlara və həyat yoldaşıma həsr edirəm və bundan həzz alıram. 

– Valideynlərinin bu sevgini eşi­dəndə reaksiyası necə oldu? 

– Əvvəl bu barədə söz açmağa cə­sarət etməsəm də, sonradan hər şeyi açıb dedim. Bildirdim ki, deyəsən, mən Azərbaycandan gedəcəyəm. Hər şey el adəti ilə, amma tez müddətdə baş ver­di. Toyumuz həyat yoldaşımın istəyi ilə Lahıcda, rəsmi evlilik isə Fransada oldu. Onun ailəsi də Lahıcda olan toy mərasimində iştirak edirdi. Siz kənd sakinlərinin o toyda Antuana, onun va­lideynlərinə necə maraqla baxdıqlarını görəydiniz. Qohum-əqrabaya qoşulub milli musiqimizin sədalarına necə qol qaldırıb rəqs etdiklərini seyr edəydiniz... Həmin gün mən özümü göyün yeddinci qatında hiss edirdim. Hər iki ailə bu ev­liliyə ancaq sevinirdi. Çünki onlar üçün önəmli olan övladlarının xoşbəxtliyi idi. Toydan sonra biz Fransaya, bir il sonra Antuanın işi ilə bağlı Nigeriyaya köç­dük. 

Üç övladım oldu. Uşaqlarla çalışı­ram öz dilimdə danışım. Böyük oğlum Tomas dilimizi gözəl bilir. Aleksandr və Hüqo da öyrənir. İldə ən azı 1 dəfə Azərbaycana gəlirəm. Övladlarım mək­təbə getdiyindan yalnız yay ayını onlar­la birlikdə Azərbaycanda oluram. Alla­hımdan çox razıyam ki, mənim qarşıma həyat yolunda qoşa addımlamaq üçün Antuanı çıxarıb. O mənə hər kəsi əvəz edir və işlərimə həm maddi, həm mənə­vi dəstək olur.

– Bir az iş-gücündən söz aç. Ha­zırda nə işlə məşğulsan?

– Anqolada fəaliyyətim Nigeriyada qurduğum təşkilatın işini davam etdir­məkdir. Azərbaycan mədəniyyətinin, musiqisinin, tarixinin, mətbəxinin ya­şadığım ölkənin insanlarına təbliği ilə məşğulam. Mən Nigeriyaya köçəndə orada yeganə azərbaycanlı idim. Afri­ka ölkələrində ölkəmizin konsulluqları barmaqla sayılacaq qədərdir. Nigeriya da o az ölkələrin sırasındadır. 2013-cü ildə Nigeriyaya köçmüşəm. O vaxt tək­cə yerli əhali üçün deyil, orada yaşayan xarici vətəndaşlar üçün də Azərbaycanla bağlı məlumat çox az idi. Nigeriyanın sosial-ictimai həyatında fəallıq göstə­rirdim. Yerli və beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə təmənnasız, könül­lü işləmişəm. Bir vaxt qərara gəldim ki, orada paralel olaraq Vətənimi tanıtmaq­la bağlı bir təşkilat yaradım. Düşündüm ki, Nigeriyada azərbaycanlı yaşamasa da, burada yaşayanları ölkəmizə dost edə bilərəm və bu adı seçdim. Mənə bu işdə xarici dostlarım kömək etdi. Təsisçilər 4 nəfərdir. Mən, Nigeriyada 2 şirkəti olan bir fransız, digəri ingilis vətəndaşı və nigeriyalı bir hüquqşünas xanımdır. Könüllü şəkildə təşkilatın hüquqi işlərini o aparır. 

Təşkilatın əsas maliyyə mənbəyi bizim ailə qazancımızdır. Çoxları buna bəzən şübhə ilə yanaşır. Hər kəsin hə­yatda qazancını xərclədiyi ünvanlar fərqlidir. Mən də qazancımı layihələrə xərcləməyi sevirəm. Layihələr vasitə­silə həm öz ölkəmin mədəniyyətini təb­liğ edirəm, həm mədəniyyətlər arasında körpü yaratmağa çalışıram. Ölkələr ara­sında turizmə dəstək verir, sahibkarları tanıtmağa çalışır, həm də dəstəyə ehti­yacı olan insanlara kömək edirəm. 

Bu işdə mənə həm maddi və həm də mənəvi dəstək olan həyat yoldaşım da usanmır. Əslində, daha çox dəstək verir ki, mən özümü xoşbəxt hiss edim. Buna görə ona çox minnətdaram. O da bilir ki, mədəniyyət üzərindən daha mükəmməl təbliğat aparmaq mümkündür. Məncə, mədəniyyət təbliğat üçün ən güclü si­lahdır. 

Onu da deyim ki, mətbəx işlərini sevdiyimdən kiçik bir “Kuzinşe Billura” adlı şirkət yaratmışam. Oradan gələn gə­lir birbaşa təşkilatımıza yönəlir. Şirkəti yaratmaqla, həm evimi restorana çevir­dim, həm də Nigeriyada yaşayan səfirlə­rin, digər diplomatik korpusların, şirkət rəhbərlərinin nahar yeməklərini təşkil edirdim. Onların yeni bir dada ehtiyac­ları olduğunu bildiyimdən düşündüm ki, bu üsulla maliyə vəsaiti əldə edib la­yihələrimə davam edə bilərəm. “Kuzin­şe Billura” pandemiyaya qədər davam etdi. Amma hələ də əvvəlki aktivliyini bərpa edə bilmir.

– Təşkilatın xətti ilə hansı la­yihələri reallaşdırmısan? 

– “Azərbaycanın Dostları Təşkilatı” bir neçə iri layihə həyata keçirib. 2018-ci ildə “İpək yolu” adı altında Azərbay­can Demokratik Respublikasının 100 il­liyinə həsr olunmuş konsert təşkil etdik. Konsertdə Əməkdar artist tarzən Sahib Paşazadəni və Fransada yaşayan iste­dadlı pianoçumuz Səidə Zülfüqarovanı dəvət etdik. Konsertdə onlarla birlikdə Nigeriyanın gözəl səsi olan tenor Jozef, həmin vaxt orada çalışan İsveçrənin konsulunun soprano səsli həyat yoldaşı iştirak etdi. Layihə uğurla həyata keçdi. Ora gələnlər üçün bizim tar qeyri-adi göründü. Tar onlar üçün yeni bir kəşf idi. İstər quruluşu, istər səsi onlarda böyük maraq oyatdı. Konsert o qədər bəyənildi ki, Nigeriyada yerli şirkət rəhbərlərinin dəstəyi ilə 2-cü gün də təkrar edildi. Yer­li media, televiziya, radioda çıxışlarımız oldu. Musiqiçilərimiz “Vozobiya” yerli televiziya kanalının səhər proqramında çıxış etdilər. 4 aydan sonra Sahib Paşa­zadə və Səidə Zülfüqarova Nigeriyada keçirilən “Qərb ilə Şərq görüşəndə” mu­siqi festivalına dəvət aldılar. 

“Kuzinşe Billura” adı ilə müxtə­lif ölkələrin mətbəxlərinin birləşmə­si layihələrində iştirak edirdik. Orada yaşayan insanlara ölkəmizin mətbəx dərslərini keçirdim. Bundan sonra Nige­riya televiziyasının çox tanınmış proqra­mından dəvət gəldi və mən ayda 1 dəfə həmin verilişdə çəkilişlərə qatılır və hər dəfə Azərbaycan mətbəxindən 1 yeməyin hazırlanmasını nigeriyalılara çatdırırdım. 

Bundan sonra 2 jurnalistlə Azər­baycana səfər etdik. “Azərbaycanın dadı” adlı layihə həyata keçirdik. Ve­rilişin aparıcısı Cina xanımla 10 gün Bakı, Şəki və Lahıcda olduq. Müxtəlif bölgələrin yeməkləri ilə bağlı çəkiliş­lər etdik. Tarixi yerlər, muzeylər, yerli insanların yaşayışı, ölkəmizdə yaşayan nigeriyalıların həyatı ilə bağlı çəkiliş apardıq. “Azərbaycanın dadı” layihəsi ilə bağlı 10 epizoddan, 2-ci layihə ilə bağlı 7 epizoddan ibarət qısametrajlı film hazırlandı. Filmlər bir il müddətin­də yalnız Nigeriyada deyil, Amerikada, İngiltərədə də afrikalıların 10 müxtəlif televiziya kanallarında nümayiş olundu. Pandemiya işimizi dayandırdı...

Fəaliyyətimiz Anqolada davam edir. Ötən il “Tarın səsi–birləşmiş səslər” adlı layihə icra etdik. Tarın təbliği ilə bağlı Nigeriyanın musiqi məktəblərində tar dərslərinin keçilməsini düşünürdük. Anqolaya köçdüyümüzdən o işimiz ya­rımçıq qaldı. Bu ideyanı Luandada da­vam etdirmək istədim. Sahib Paşazadə 1 həftəlik Luandaya gəldi və iki yerli incəsənət və mədəniyyət mərkəzində musiqiçi uşaqları ilə 5 günlük ustad dərsləri keçdi. Tarın tarixi, ifa qaydası ilə bağlı müəyyən bilgilər verdi. Yaşadı­ğım ölkədə kimliyindən asılı olmayaraq həmvətənlərimi bir araya gətirməyi se­virəm. Əslində, mədəniyyətlərin təbliği, digərlərinə yardım üçün millətin fərqli olması önəm kəsb etmir. Bu kimi təbli­ğat, xeyriyyə işləri üçün heç bir sərhəd yoxdur.

...Billurə Bernard həyata keçirdiyi daha çox sayda layihələrdən söz açdı. Ona işində uğurlar, ailə bağlarının daha möhkəm olmasını arzulayıb ay­rıldıq.

Müsahibəni apardı:
Zərifə BƏŞİRQIZI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
xalqqazeti.az

1Mənbələr