AZ

“Örnək müəllim”: Sertifikasiya xeyirimizədir, bu prosesdən qorxmamalıyıq

İyun ayında riyaziyyat və xarici dil müəllimləri üçün sertifikasiya imtahanı keçiriləcək.

 

Bu il imtahan verəcək müəllimlərdən biri də Şamaxı Avropa liseyinin Riyaziyyat müəllimi, “Örnək müəllim” Aygün İsmayılovadır.

 

“Riyaziyyatçılar hər zaman öz məntiqi düşüncəsi ilə daima fərqlənib. Buna görə də mən bütün riyaziyyatçılara səslənirəm: Gəlin öz fərqimizi göstərək!”, - deyə Aygün müəllim AzEdu.az-a bildirib.  

 

“Hər bir müəllim daima öz üzərində işləməlidir. Dövr əvvəlki dövr deyil. Dəyişikliklər, yeniliklər əvvəlki dövrə nisbətən daha sürətlidir.Hər bir müəllim bu yeniliklərlə əvvəlcə özü tanış olmalı, öyrənməlidir ki, şagirdlərə də həmin yenilikləri öyrədə bilsin, şagirdlərin sualları qarşısında aciz qalmasın. Şagird qarşısında aciz qalmaq heç bir müəllimə yaraşmır. Bir sözlə "müəllimə qaranlıq qalan mövzu, şagird üçün zülmətdir.

 

Sertifikasiya imtahanı olmayanda belə, mən daima öz üzərimdə çalışmışam. Etiraf etməliyəm ki, sertifikasiya imtahanına hazırlaşarkən mənə məlum oldu ki, mənim hələ də öyrənməli olduğum çox məqamlar, incəliklər var. Hazırlaşdıqca özümə deyirəm ki, mən heç nə bilmirəm. Riyaziyyat bir dəryadır, biz bu dəryada hələ çox yol almalıyıq. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında yüksək rolu olduğuna inanıram və bu prosesi yüksək qiymətləndirirəm. Sertifikasiya imtahanlarına hazırlaşan müəllimlərə tövsiyələrim odur ki, etibar etdikləri mənbələrdən araşdırmalar etsinlər, dərsliklərdən, sinif testlərindən olan sual nümunələrini işləyib, özlərində vərdiş yaratsınlar. Onlar sınaqlar işləyərək öz hazırlıq səviyyələrini yoxlaya bilərlər. Qorxu, həyəcan hissi keçirməsinlər, çünki bu bizim xeyrimizə olan bir məsələdir. İnsan özünə xeyiri olan heç nədən qorxmamalıdır”.

 

Müsahibimiz şagirdlərin riyaziyyat fənnindən digərlərinə nisbətən çətinlik çəkməsi məsələsinə də toxunub:

 

“İndiki şagirdlərin 70%-də diqqət problemi, qorxu və qərəz var deyərdim. Onlar düşünürlər ki, “riyaziyyat çətindir, mən öyrənə bilməyəcəm”. Bu da onların psixologiyasına təsir edir və nəticədə öyrənməkdə çətinlik çəkirlər. Mən texnologiyanın inkişafının pik nöqtədə olduğu bu dövrdə şagirdlərin ondan müsbət yöndə istifadə etdiklərini düşünmürəm, varsa da çox az kütlədir. Ağıllı telefonların hər şagirddə olması yaxşıdır, amma bir halda ki, bu telefon təhsil üçün araşdırmalar aparmağa istifadə olunsun. Əksəriyyət şagirdlər telefonda oyun oynayır ki, bu da diqqət dağınıqlığına gətirib çıxarır. Sosial şəbəkələrdən istifadə yaxşı haldır,əgər müsbət istiqamətdədirsə. Uşaqların tik-tokdan və başqa şəbəkələrdən pis örnək götürmələrinə çox şahid oluram. Onlar belə şəbəkələrdən məsuliyyətsizlik, ciddiyyətsizlik öyrənirlər ki, bu da bizləri həm valideyn, həm də müəllim olaraq çox narahat edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
azedu.az

1Mənbələr