AZ

Ölkəmizdə inflyasiya 1 faizdən aşağı enib

Bu, sağlam rəqabət və antiinhisar tədbirlərinin nəticəsidir

Bu ilin yanvar–aprel aylarında ölkədə istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 faiz, qeyri-qida məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 102,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlu­matına görə, cari ilin aprel ayında isteh­lak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 102 faiz olub.

Cari ilin aprel ayında istehlak qiy­mətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz təşkil edib. Mart ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 99,6 faiz, qeyri-qida malları üzrə istehlak qiymətlə­ri indeksi isə 100,1 faiz olub. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlərində 0,1 faizlik ar­tım qeydə alınıb.

Ekspertlər tərəfindən inflyasiyanın azalması bir neçə amillə əsaslandırı­lır. Onların fikirincə, ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin tədricən aşağı düşməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirləri inflyasiyanın aşağı enməsinə mücbət təsir göstərib. 

Yuxarıdakı fikri bir qədər də konk­retləşdirib qeyd edək ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyanın azal­masını şərtləndirib. Gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşdırılması iş­güzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırıb. Nazirlər Kabinetinin “Azərbaycan Res­publikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndi­rilməsi istiqamətində əlavə tədbirlər barə­də” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da, şübhəsiz ki, inflyasiyanın aşağı düşməsini reallaş­dırıb. 

Xatırladaq ki, Azərbaycanda inflya­siyanın azalması ilə əlaqədar müsbət tendensiya keçən ilin birinci rübündən başlayıb və sonrakı aylardan etibarən isə sabit enmə prosesi müşahidə edi­lib. İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, ölkədə belə bir nəticəyə qiymətlərin bazar prinsipləri əsasında formalaşması ilə nail olunub, hökumət tərəfindən inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini mi­nimallaşdırmaq məqsədilə çoxsaylı anti­inflyasiya tədbirləri həyata keçirilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il fevralın 21-də “Azərbaycan Respublika­sında antiinflyasiya tədbirlərinin güclən­dirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamının icrası da diqqət­də saxlanılıb. 

Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində göstərilir ki, indiyədək inflyasiyanın artımını şərtlən­dirən qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlı olub. Bu məsələdə idxal üzrə illik qiymət indeksinin artımı yüksək göstərici ilə diqqət çəkib ki, bu da dünya əmtəə qiymətlərinin və daşın­ma-logistika xərclərinin yüksəlməsinə, habelə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artmasına gətirib çıxarıb. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. 

Qeyd edək ki, ölkədə hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirlə­ri nəticəsində 2022-ci ilin son rübündən etibarən inflyasiyanın artım tempi da­yandırılıb və tədricən sabitləşmə, enmə meylləri müşahidə olunub. Bu istiqamət­də müsbət nəticənin əldə edilməsi üçün, ilk növbədə, qiymətlərin bazar prinsipləri əsasında formalaşması diqqət mərkə­zində saxlanılıb, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsinə, in­hisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınmasına xüsusi əhəmiyyət verilib. 

Son illərdə elektron monitorinq siste­minin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi ilə əlaqədar görülən tədbirlər inflyasiyanın aşağı enməsini şərtləndirən qiymətlərin izlənilməsinin daha operativ və şəffaf hə­yata keçirilməsini, kağız daşıyıcılardan istifadənin azaldılmasını və ya tamamilə ləğv olunmasını gerçəkləşdirilib. Bununla da inflyasiya və qiymətlərə daimi nəzarət mexanizminin əsası qoyulub. Məsələn, Nazirlər Kabinetinin “İnflyasiya və qiy­mətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” (15 iyul 2023-cü il) sərəncamı ilə inflyasiya proseslərini və onun səbəblərini kəmiy­yət və keyfiyyətcə qiymətləndirməyə im­kan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə geniş tərkib­də yaradılan işçi qrup tərəfindən “Qiymət izləmə tətbiqi”nin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi qəbul edilib. 

Qeyd edək ki, “Qiymət izləmə tət­biqi” sisteminin yaradılması idxal və top­dansatış nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə imkan verir, bu, müvafiq dövlət qurumlarına vaxtında və çevik müdaxilələr etməyə şərait yaradır, inflyasiyanın tənzimlənməsində qurum­lararası məlumat mübadiləsini, həmçinin koordinasiyanı gücləndirir, əldə olunan məlumatlar əsasında potensial qiymət dəyişikliyi üzrə proqnozlar hazırlanır. Beləliklə, “Qiymət izləmə tətbiqi”, eyni za­manda, bazarlarda qiymət sabitliyini qo­rumaq məqsədilə ölkə daxilində qiymət dəyişkənliyi nöqtələrini müəyyənləşdirir. 

Yeri gəlmişkən, sonda bir məsələ­ni də diqqətə çatdırmaq istərdik. Son vaxtlar beynəlxalq reytinq qurumlarının məlumatlarında ölkəmizdə inflyasiyanın tədricən azalacağı ilə bağlı proqnozlar yer alıb. Məsələn, bu günlərdə Niderlan­dın beynəlxalq bank və maliyyə xidmət­ləri korporasiyası– ING 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb. Belə ki, ING 2024-cü il üçün respublikada orta illik inflyasiya proqnozunu 3,1faizdən 1,6 faizə endirib. Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1,5 faiz bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 faiz, 2026-cı il üzrə isə 4,2 faiz müəyyən­ləşdirib. 

Proqnozlara əsasən, cari ilin ikinci rü­bündə Azərbaycanda orta illik inflyasiya 0,1 faiz, üçüncü rübündə 1,3 faiz, dör­düncü rübündə isə 2,6 faiz səviyyəsində gözlənilir.

Vaqif BAYRAMOV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
xalqqazeti.az

1Mənbələr