AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 250 Bakı şəhəri, 11 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nrəli Qərarı ilə təsdiq edilmiş “Təh­sil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887 (Cild I) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin veril­məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.3-cü yarımbənd üzrə:

1.1. “hər iki valideyni (tək valideyni ol­duqda isə həmin şəxs)” sözlərindən son­ra “və ya digər qanuni nümayəndələri” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: 

“5. ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;”. 

2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6–3.2.8-ci yarımbəndlər əlavə edil­sin:

“3.2.6. ailə başçısını itirməyə görə so­sial müavinət alanlar;

3.2.7. bir valideyni orqanizmin funk­siyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;

3.2.8. bir valideyni müəyyən müd­dətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlı­ğın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydanın 3.2.3-cü yarımbəndində qeyd olunan ka­teqoriyalardan hər hansı birinə aid olan şəxslər.”.

3. 5.2-ci bənddə “, övladlığa götürən­ləri və ya himayəçisi” sözləri “və ya digər qanuni nümayəndələri” sözləri ilə əvəz edilsin.

4. 5.2.1-ci yarımbənddə “, övladlığa götürənlər və ya himayəçi” sözləri “və ya digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilsin.

5. 7.5-ci bənddə “və 7.4-cü” sözləri “, 7.4-cü və 7.5-1-ci” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:

“7.5-1. TTK-nin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərin­də nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağı­dakı qaydada həyata keçirilir:

7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (ya­rımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiy­mətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi güclən­dirilmiş elektron imza ilə təsdiqləyir;

7.5-1.2. Fond elektron sistem vasitə­silə əldə etdiyi məlumatları nəzərdən keçirərək 3 (üç) iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilmə­sinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötü­rülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir;

7.5-1.3. müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müd­dətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötü­rülür.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
xalqqazeti.az

1Mənbələr