AZ

Xaos və müharibə “duaları”

Birləşmiş müxalifətin Nikol Paşinyanı yıxması Ermənistana nə verər? 

Pessimist proqnozdur, amma əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, burada hadisələrin axarının hansı məcraya yönələcəyini indidən heç kəs söyləyə bilməz. Mövcud durum, sadəcə olaraq, məntiqə və sağlam düşüncəyə sığan bəzi ehtimal və fərziyyələri irəli sürməyə ipucu verir. Əminliklə demək olar ki, kilsənin xeyir-duasını verdiyi “Tavuş Vətən naminə” İrəvana yürüş hərəkatına başlamaq ideyası ölkə daxilində siyasi böhranı yetişdirmək və baş naziri postundan devirmək məqsədinə xidmət edir. Yürüşün Almatıda sülh danışıqlarına üç gün qalmış başlaması da təsadüfi sayılmamalıdır. Onların niyyəti həm də Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında birbaşa sülh təmaslarının qarşısını almaq idi, amma buna nail olmadılar. Bunu Nikol Paşinyanın özü mayın 7-də keçirdiyi mətbuat konfransında açıq etiraf etdi: “Müxalifət mənim Azərbaycanla sülh sazişi bağlamaq istəyimə qarşıdır”. 

Kənardan idarə olunan Tavuş arxiye­piskopu Baqrat Qalstanyanın mayın 9-da açıq havada keçirilən mitinqdə üzünü baş nazirə tutaraq “sizin Ermənistan Respub­likasında artıq heç bir səlahiyyətiniz yox­dur” deməsi isə birbaşa hakimiyyət çev­rilişinə çağırış idi. Amma bu da danılmaz faktdır ki, anti–Paşinyan cəbhəsi uzun müddət ərzində ilk dəfə etiraz kampani­yasına kifayət qədər böyük kütlə topla­ya bildi. Bu isə onlara paralel mübarizə üsullarına keçməyə imkan yaratdı. Ən “effektli üsul” isə Qarabağ klanını iste­faya göndərməyi bacarmış Paşinyanın özünün komandasının nümunəsi oldu. Yəni, eynilə onun kimi, “xalq yürüşü” ilə Ermənistanı ictimai iflic vəziyyətinə gətir­məyi hədəfləyən revanşistlər indi paytaxt İrəvanın küçələrində barrikadalar qur­maqla məşğuldurlar. 

Sülhə qənim kəsilənlər 

İrəvan ermənilərinin 20 il hakimiy­yətdə olmuş Qarabağ klanına aşağıla­yıcı münasibəti məlumdur. Fəqət bunun fonunda Ermənistan cəmiyyətində hələ də böyük nüfuza malik kilsənin aparıcı qüvvə olduğunu da danmaq olmaz. Bəli, vəziyyət kifayət dərəcədə ciddidir və indi hər şey Nikol Paşinyanın diplomatik mə­harətindən asılı kimi görünür. Əslində, Ermənistan baş nazirinin son aylarda etdiyi çıxışları, atdığı əməli addımları onun Bakı ilə ikitərəfli danışıqlarda praq­matizmə üstünlük verməsinin təzahürü sayılmalıdır. Yəqin bu amil həm daxildəki daşnak–separatçı qüvvələrin, “beşinci kolonun”, eləcə də bölgədə sülhə və sa­bitliyə qarşı çıxan xaricdəki dəstəkçilərin maraqları ilə üst-üstə düşmür. 

Bu amilə diqqəti çəkən siyasi şərhçi Tofiq Abbasov “XQ”-yə açıqla­masında Paşinyanın Ermənistanın xilas yolunun qarşıdurmadan deyil, Azərbay­can və Türkiyə ilə barışıqdan keçdiyini anladığını dedi: “Bəli, Paşinyandan fərqli olaraq, kilsə, diaspor təşkilatları, lobbi­çilər, xaricdəki bəzi qüvvələr cidd-cəhdlə çalışırlar ki, Ermənistanla Azərbaycan arasında sülh olmasın. Amma Paşinyan yaxşı başa düşür ki, qarşıdurma xəttinin davam etdirilməsi Ermənistanın axırına çıxa bilər. Həmin radikalların, revanşist­lərin əsas məqsədi hakimiyyəti ələ ke­çirməkdir. İnandırım sizi ki, əgər onlar hakimiyyətə gəlsələr özləri Azərbaycanın qarşısında təzim edəcək və şərtlərimizlə razılaşacaqlar. Sadəcə olaraq, sabiqlər, Qarabağ klanı, kilsə Nikol Paşinyana olan nifrətlərini gizlədə bilmirlər. 

Prezident İlham Əliyevin müdrikcə­sinə söylədiyi bir fikri xatırladım. Dedi ki, biz öz qələbəmizlə Paşinyanın deyil, Ko­çaryan və Sarkiyanın ordusunu məğlub etdik. Tarixi ədaləti bərpa etmək isə bizim haqqımız idi. Hazırda cəmiyyətdə revan­şizmi körükləməyə çalışan həmin klan hakimiyyətə qayıtmaq barədə düşünür. Qarşıdurmanın, gərginliyin artması onla­rın maraqlarına cavab verir. Revanşistlə­rin qovluğunda isə “sülh paketi” yoxdur. Biz bunun təsdiqini əyani şəkildə görmü­şük. Paşinyan isə sülh yolunun alternati­vinin olmadığını anlayır. Əgər həmin sa­biqlər yenidən hakimiyyətə yiyələnsələr və doğrudan da, qarşıdurma meyillərini gücləndirsələr, başlarına iş açacaqlar. Çünki, üç gün bundan əvvəl Prezident İlham Əliyev məhz həmin qaragüruhu nəzərdə tutaraq, onlara xəbərdarlıq etdi. Hətta onların arxasında duran Fransa­ya, ABŞ-a da ciddi mesaj göndərərək bir daha xatırlatdı ki, bölgənin daxili işlərinə qarışmayın, çünki burada söz və güc sa­hibi bizik”.

Təbii ki, Azərbaycan bütün variantla­ra hazırdır və dediyi sözün ağasıdır. Biz otuz ilə yaxın haqsızlığa dözə-dözə ona görə güclənmədik və ərazilərimizi işğal­dan azad etmədik ki, indi yenidən avan­türist ssenarilərə dözək. Bu, olmayacaq. Bölgənin və dünyanın bütün sağlam qüvvələrinin Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyən ekspert bir qonşu kimi heç vaxt Ermənistana xor baxmadı­ğımızı qeyd etdi: “Əksinə, onlar həmişə biz tərəfə çəpəgi baxıblar. Keçmişin xə­yalları ilə yaşayan revanşistlərin çirkin və ikiüzlü əməlləri ilə heç vaxt barışma­yacağıq. Nəhayət, başa düşməlidirlər ki, Azərbaycan sözdən konkret hərəkətə keçib və bu yoldan dönən deyil. İndi otur­sunlar və düşünsünlər ki, bundan sonra öz məkrli siyasətlərini heç bir halda Azər­baycana sırıya bilməyəcəklər. İstəyimiz onların sülhə gəlməsidir. Yox, əgər bunu istəmirlərsə, onda özlərindən küssünlər”.

“Keşişin şansı yoxdur”

Kənardan belə görünür ki, hazırda Ermənistan ictimaiyyəti seçim qarşısın­dadır. Ya keşişin arxasınca gedib müha­ribəyə razılığını bildirməli, ya da Paşin­yanı dəstəkləməklə sülh danışıqlarının məntiqi sonluğa çatmasına nail olmalıdır. Bakının hər iki varianta hazır olduğu­nu deyən “Atlas” Araşdırmalar Mərkə­zinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, keşiş tərəfdarları qalib gələrsə, ardınca sərhəddə basdırılan dirəklər sökülərsə, bu, müharibə demək olacaq: “Növbəti müharibədə də Azərbaycanın qələbəsi labüddür və bu halda biz tarixi torpaqlarımıza da qovuşacağıq. Düşü­nürəm ki, erməni cəmiyyəti bunu anladı­ğına görədir ki, geniş kütlə keşiş Qalstan­yanın arxasınca getmir. İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra həmin daşnak revanşistlər bir ay meydanlarda süləndilər, qışqırdılar, amma heç bir nəticə əldə edə bilmədilər. Nikol Paşinyan hakimiyyətini qorudu və növbədənkənar parlament seçkilərində onun partiyası səslərin çoxunu qazandı. Hesab edirəm ki, indi də oxşar vəziy­yətdir və bir müddətdən sonra etirazlar səngiyəcək. Əlbəttə ki, Azərbaycan mü­haribəyə hazırdır, fəqət biz Ermənistanda sabitliyin tərəfdarıyıq. Ona görə bunda maraqlıyıq ki, rəsmi İrəvan imzasını atdı­ğı bütün sənədlərdəki öhdəliklərinə riayət etməlidir”.

Dövlət başçımızın Şuşadakı məlum çıxışında bu məsələyə tam aydınlıq gə­tirdiyinə diqqət çəkən E.Şahinoğlu Azər­baycanın bir daha müharibə istəmədiyi­ni, Qarabağda quruculuq işlərini davam etdirdiyini bildirdi: “Yox, əgər bizi hərbi qarşıdurmaya təhrik etsələr, cavabları­nı artıqlaması ilə alacaqlar. Cənab Pre­zident ikinci mesajını Ermənistandakı radikallara ünvanladı. Yəni, nəzərə çat­dırdı ki, rəsmi İrəvan bugünədək əldə olunmuş ikitərəfli razılaşmalardan imtina etsə, bu halda daha ağır zərbələr endirə bilərik. Bu, eyni zamanda, həmin radikal revanşistlərin arxasınca getmək barədə düşünən ermənilərə mesaj sayılmalıdır. Real proqnoz odur ki, Ermənistan icti­maiyyəti dediyimiz reallıqları anladığına görə, keşişin arxasınca getməyəcək, Pa­şinyanı və sülhü dəstəkləyəcək”. 

Qarabağ erməniləri də ayılıblar

“Onu demək istərdim ki, Nikol Paşin­yanın əleyhdarları onu yıxmaq iqtidarın­da deyillər”. Bu qənaətini qəzetimizin oxucuları ilə bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bunu revanşist qüvvələrin cəmiyyətə çatdırmaq üçün heç bir pozitiv proqrama malik olmamaları ilə izah etdi: “Doğru­dur, onlar Paşinyanı söyürlər, amma tu­taq ki, Paşinyanı devirdilər, sonra gəlib Azərbaycanla müharibə aparacaqlar? Bundan ötrü onların nə gücləri, nə də cəsarətləri çatar. “Dəmir yumruğ”un təsiri hələ başlarından çəkilməyib. Yəni, ermə­ni xalqı övladlarını bir daha Azərbayca­nın müzəffər Ordusunun qarşısına gön­dərməyə razılaşmayacaq. Bu qüvvələrin Paşinyanı yıxmaq ehtimalı olduqca zəif­dir. Etiraz yürüşünü, impiçmenti dəstək­ləyən Koçaryan və Sarkisyanı indiki du­rumda ən çox maraqlandıran canlarını və mal-mülkləri qoruya bilmələridir. Guya, onlar gəlib Rusiya ilə müttəfiqliyi bərpa edəcəklər, bu amildən yararlanacaqlar və s. qeyri-ciddi söhbətlərdir. Uzun sözün qısası, bu antimilli qüvvələrin nə hakimiy­yətə gəlmək, nə də ki Azərbaycana qarşı nəsə etmək şansları var. Hətta, ikinci va­riantda xarici tərəfdaşlarını münaqişəyə cəlb etmək xəyallarına düşsələr belə, Türkiyə amilini yaddan çıxarmamalıdır­lar. Yoxsa, yenidən torpaqlarımızı işğal etmək barədə düşünürlər? Bunu heç yuxularında da görməyəcəklər. Sadəcə, hakimiyyətə gəlmək üçün faydasız cəhd­lərə baş vururlar”. 

Keşişin başladığı etiraz hərəkatının artıq sönməyə doğru getdiyini vurğula­yan millət vəkili Qarabağdan köçmüş er­mənilərin də arxiyepiskopun arxasından çəkiləcəklərinə əmin olduğunu söylədi: “Paşinyan onlara da çatdırdı ki, həmin Koçaryan və Sarkisyanın ucbatından evinizdən–eşiyinizdən olmusunuz. Mə­gər, bu, sizə dərs olmadı? Onlar sizi yeni qırğına verməyə hazırdırlar. Yox, əgər Ermənistanda məskunlaşmaq istəyirsi­nizsə, bunu sizə yalnız Paşinyanın hö­kuməti verə bilər. Qarabağ erməniləri də artıq ayılıblar və başa düşürlər ki, keşi­şin, sabiq klanın məqsədləri hakimiyyətə gəldikdən sonra onları növbəti qırğına verməkdir. Buna görə revanşistlər güclü sosial bazaya malik deyillər”. 

Sabah gec ola bilər 

Ermənistandakı mövcud durum Cənubi Qafqazda yeni münaqişə və qarşıdurma təhlükəsini təhdid edir. Re­vanşistləri dəstəkləyən Qərbin bəzi döv­lətləri arzuladıqları hakimiyyət dəyişik­liyinin həm özləri, həm də Ermənistan üçün indi proqnozlaşdırılması mümkün olmayan fəsadlara və təhlükəyə səbəb ola biləcəyini mütləq nəzərə almalıdır­lar. Bütün hallarda məsuliyyət rəsmi İrəvanın üzərində qalacaq. Bunun acı nümunəsi göz qabağındadır. Ermənis­tan 30 il ərzində Azərbaycanın xəbər­darlığından nəticə çıxarmadı və çox ağır itkilərlə, faciələrlə üzləşdi. Ona görə də Ermənistan daha çirkin təbliğatdan, si­yasi oyunbazlıqdan uzaq durmalıdır. Aydın məsələdir ki, hazırda Cənubi Qafqazda Fransanın simasında Qərb və Rusiya qarşıdurması davam edir. Qərb strateji və məkrli planlarını həyata keçir­mək üçün bölgədə yeni münaqişə oca­ğını qalamağa çalışır. Bu zaman qərb­çilər Rusiyanın diqqətini Ukraynadan çəkib, bu bölgəyə yönəltmək niyyətini güdürlər. Bu, olduqca təhlükəli ssenari­dir və regionun bütün ölkələri üçün ciddi problemlər yarada bilər.

İndi Ermənistanda müşahidə etdi­yimiz hadisələr bizə yüz il əvvəl baş verənləri xatırladır. XX əsrin əvvəllərində “Qnçak” və “Daşnaksütyun” terrorçuları­na təkcə zəhərli xeyir-duaları ilə silaha sarılmağa çağırmaqla kifayətlənməyib, həm də birbaşa yardımlarla, kilsələrin zirzəmilərini silah anbarına çevirməklə məhz ermənilərin “müqəddəs” ataları məşğul idi. Ona görə də Ermənistanın hüquq-mühafizə orqanlarının qulaqları keşiş moizələrini siyasi çevrilişə çağırış­dan, sülhə deyil, xaos və müharibəyə et­dikləri dualardan ayırmağı bacarmalıdır. Artıq qara çuxalı və qara niyyətli katoli­kosların cəmiyyətə üfürdükləri nifrət və milli naqislik moizələrinin xalqı uçuruma sürüklədiyini anlayan haylar az deyil. Mü­haribədən yorulmuş, dincliyi və güzaranı pozulmuş sıravi erməninin məhz Nikol Paşinyanın göstərdiyi yolla getmək, ona inanmaq və arxasında durmaqdan başqa seçimi yoxdur. 

İmran BƏDİRXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
xalqqazeti.az

1Mənbələr