AZ

“Baqratizm” və Ermənistan üçün iflas moizəsi

Yaxud 44 günün göynədici dərsləri

Ermənistanda apostol kilsəsi­nin ənənəvi müxalifətlə birləşib ölkə iqtidarı əleyhinə başlatdığı etiraz aksiyası hər ötən gün bir qə­dər də dramatik şəkil almaqdadır. Əslində, bu, gözlənilən idi. Gözlə­nilirdi ki, erməni iqtidarı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlanmış aksiyaya axıradək sey­rçi qalmayacaq. Nikolun demok­rat libasını əynindən çıxaracağı da proqnozlaşdırılırdı. Başqa cür mümkün deyildi. Çünki ona qar­şı çıxanlar, necə deyərlər, barıtı tündləşdirirdilər. Bütün bunların fonunda reallıqları görmək üçün bir qədər keçmişə ekskurs etmək zərurəti yaranır. Nəzərə alaq ki, ha­zırda Ermənistanda yaşananların əsası 2020-ci ildən qoyulub. Yəni, ölkənin 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğradığı ildən. 

Bəli, İrəvanda xüsusi təyinatlılar dünən səhər saatlarından başlayaraq, nümayişçilərə güc tətbiqinə başlayıblar. Artıq ikincilər sərt şəkildə saxlanılır və müxtəlif istiqamətlərə aparılır. Konkret səbəb də var. Məsələ burasındadır ki, “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstyan vətəndaş itaətsizliyini dərinləşdirməyə, hakimiy­yətə təzyiqləri gücləndirməyə çağırıb. Çağırışa səs verən nümayişçilər skamya­lar və zibil qutuları ilə küçələri bağlayıblar ki, görünür, məhz, bu, hökuməti qətiyyət nümayişinə vadar edib. Nəticədə sosial şəbəkələrin erməni seqmentini insanlara vəhşicəsinə güc tətbiqini əks etdirən vi­deo-görüntülər bəzəməyə başlayıb. 

***

Arayış verək ki, 2024-cü il aprelin 20-dən Ermənistanda Paşinyana qarşı eti­raz aksiyaları hakimiyyətin Azərbaycan­la sərhədin delimitasiyası çərçivəsində Qazaxın (onlar Tavuşun deyirlər – red.) dörd kəndinin ölkəmizə qaytarılmasında sonra başlamışdı. Bu səbəbdən B.Qals­tanyan mayın 4-dən bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən yürüşə start vermişdi. Qalstyan mayın 9-dan başlayaraq, İrə­vanda etiraz aksiyalarının keçiriləcəyini bildirmişdi. 

Qeyd edək ki, erməni kilsəsinin bütün yeparxiyalarının rəhbərləri də Tavuş arxi­yepiskopuna qoşulublar. Hərəkata ölkə­nin müxtəlif bölgələrindən cəlb olunanlar var. Ümumən, etirazçılar revanşist-şovi­nistlərdir. Məqsədləri Azərbaycanla de­limitasiya və demarkasiya prosesini poz­maq, bütövlükdə, sülhə qarşı çıxmaqdır. Qalstanyana gəldikdə, o, indiyədək çox fikirlər səsləndirib. Həmin fikirlərdən ən diqqətçəkəni isə budur: “Tavuşun ardın­ca anklav problemləri – Tiqranaşen, Sü­nik problemi gələcək. Yəni, Ermənistanın şimalından cənubuna qədər biz fəlakətli risklərlə üzləşirik və bu proses dayandı­rılmalıdır. Bu, bizim tələbimizdir”.

Onu da bildirək ki, arxiyepiskop Baq­ratın Ermənistanda ali məktəblərə get­mək və orada təbliğat aparmaq niyyətinə dair məlumatlar da yayılmaqdadır. Hiss olunur ki, kilsə müxalifəti ətrafında daha çox insan izdihamı görmək niyyətindədir. Əlbəttə, izdiham var, amma demək ol­maz ki, güclüdür. Ümumən, hazırda baş nazir Nikol Paşinyana qarşı çıxanların bir o qədər ciddi qüvvəyə çevrildiklərini söy­ləmək olmaz. 

***

Yazımızın keçmişə ekskurs mən­tiqinə keçid alaq. Əslində, Paşinyan və onun komandasında təmsil olunanlar çox haqlı olaraq bildirirlər ki, ölkədə baş verənlər 2021-ci ildə yaşananların dava­mıdır. Məsələ burasındadır ki, 2020-ci ilin 44 günlük müharibəsində acınacaqlı məğlubiyyətdən və 10 noyabr tarixli üç­tərəfli Bəyanatın imzalanmasından dər­hal sonra Ermənistanda, xüsusən də paytaxt İrəvanda ciddi etiraz aksiyaları başlanmışdı. Həmin vaxt Nikol etirazı çox sadə yolla aradan qaldırmışdı. 2021-ci ildə növbədənkənar parlament seçkilə­ri təyin etmişdi. Seçki iyunda keçirilmiş, Paşinyan isə prosesədək hakimiyyət ko­mandasını kifayət qədər möhkəmləndir­məyi bacarmışdı. Eyni zamanda, etiraz tonunu yumşaltmağa müvəffəq olmuşdu. Əlbəttə, Nikol seçkiyədək xaos şəraitində idarəçilik baxımından müəyyən təcrübə də toplamışdı. Bütün bunlar onun iqtida­rının parlament seçkilərindəki uğurunu təmin etmişdi. 

2021-ci, ümumən isə 2020-ci ildən ötən müddətdə Ermənistanda sabitlik olmadı. Kiçik miqyaslı siyasi təlatümlər qeydə alındı. Gərginlik ab-havasının da­vamı kimi ötən ilin sentyabrında İrəvan meriyasına keçirilmiş seçkilər diqqət çəkdi. Sentyabrda ölkəni silkələyən ən böyük hadisə isə Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbir­ləri oldu. Ondan sonra Qarabağ tama­milə ermənisizləşdi. Bölgədəki separatçı rejimin canını tapşırması 1988-ci ildən başlanmış “Miatsum” cəfəngiyyatına son qoydu. Müvafiq olaraq, Ermənistanda etirazlar qeydə alındı. Müxalifət Ermə­nistana köç etmiş Qarabağ ermənilərinə saymazyana münasibət göstərildiyi iddi­ası ilə gərginlik yaratmağa çalışdı. Lakin etirazlar fonunda gəlinən qənaət bu oldu ki, əks qütbün baş nazirə və komandası­na qarşı çıxacaq real gücü yoxdur. 

Əlbəttə, Ermənistanda baş verən pro­seslərdə kənar təsir amili mütləq nəzərə alınmalıdır. Elə hazırda da bir çox siyasi ekspertlər ölkədə yaşananlarda Rusiya izini axtarmağa girişirlər. Məsələ ondadır ki, ölkənin Ermənistanda bir çox dayaq­ları var. Mediadan tutmuş, iqtisadiyyatın müxtəlif sahələrinədək rus təsiri qalmaq­dadır. Ancaq Moskvanın bu və ya digər təsirə malik dayaq instrumentləri heç də işlək vəziyyətdə deyil. Çünki Ermənistan cəmiyyətində və geniş ictimai rəyində ölkənin sabiq iqtidarının timsalında eks­lərə və bütövlükdə, Rusiya ilə bağlı hər şeyə münasibətdə ciddi antipatiya hökm sürür. Diqqət yetirək, nə zaman ki keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın adları çəkilir, hakimiyyət dər­hal bunu müxalifətə qarşı uğurlu əks-təb­liğata çevirməyi bacarır. Bəzən elə təəs­sürat yaranır ki, belə təbliğat olmasa, Paşinyan iqtidarı ayaqda qala bilməz. 

Paşinyan indi də eyni yolu tutur. Məsələn, o, Baqratın başladığı hərəkatla bağlı ritorik sual səsləndirərək, onu göz­dən salmağa çalışdığı halda, tərəfdarları Koçaryan amilini qabardaraq, əslində, din xadiminin oyunbazlığının arxasında ölkənin ikinci prezidentinin dayandığını vurğulayır, mövcud məsələdə anti-Ru­siya təbliğatı aparırlar. Nikolun ritorik tərzdə səsləndirdiyi suala gəlincə, onun məğzi budur: Nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməli­dir?

Suala cavab aydındır və bu barədə söz açdıq. Ümumiləşdirmə apararaq bil­dirək ki, revanşist-şovinistlər və onların xaricdəki havadarları 2020-ci ildən bəri Paşinyana qarşı bütün vasitələrdən ya­rarlansalar da heç bir nəticə əldə edə bil­məyiblər. Ən son vasitə kimi proletariatın lideri Leninin “din xalq üçün tiryəkdir” de­yimi ilə hərəkətə keçib iqtidarı devirməyə girişiblər. Onlar oyunlarını erməni cəmiy­yətinin xəstəliyindəki ən böyük simptoma – din və kilsə amilinə siyasi və mənəvi sərmayə yatırmaqla, niyyətlərinə nail olmağı düşünürlər. Arxiyepiskop Baqrat sırf buna görə ortadadır. 

Əvvəldə də bildirdik ki, hazırda ümumerməni hərəkatı kimi adlandırılmış “Vətən naminə Tavuş” hərəkatı erməni kilsəsi tərəfindən koordinasiya olunur. O kilsə tərəfindən ki, ona rəhbərliyi II Qare­gin həyata keçirir. O Qaregin ki, Paşinyan tərəfdarları adamı tam açıq şəkildə poz­ğunluqda, hətta uşaqbazlıqda belə qına­ya bilirlər. Görünür, bu baxımdan Baqrat barədə hansısa kompramat yoxdur. Ən azı, hələlik yoxdur. 

***

Sonda Ermənistandakı etiraz dalğası fonunda bir məqamı da vurğulamaq la­zımdır. Şübhəsiz, el dilində deyildiyi kimi, balıq başdan iylənir. Məsələyə mövcud rakusdan yanaşsaq, hazırda ölkədə ya­şanan gərginliyə görə ən böyük müqəssir Paşinyanın özüdür. Nikol səhvə heç də son dörd ildə yol vermədi. O, ən böyük qəbahəti “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verəndə, Cıdır dü­zündə sərxoş vəziyyətdə yayxananda etdi. Halbuki, başqa cür davrana bilərdi. Fərqli, rasional davranış üçün isə ideya bazasını hələ hakimiyyətə gəlməzdən əvvəl formalaşdırmışdı. Məsələn, demiş­di ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır, onu atmaq lazımdır. Ancaq sözünü tutmadı. İndi ona düşmən kəsilmiş başıpozuqlar və həmin başıpo­zuq kütlənin məfkurə dayağına çevrilmiş kilsə kimi davrandı. Nəticədə 44 günlük müharibə yaşandı ki, onun Ermənistan üçün hansı fəlakət doğurduğu hər kəsə yaxşı məlumdur. Bəli, fəlakət ölkəni iç­dən yeyib tamamilə məhvə məhkum vəziyyətə gətirib. Ona görə də, tam qə­tiyyətlə demək olar ki, hazırda Baqrat və tərəfdarlarının səsləndirdikləri tezislər, hakimiyyət əleyhinə çıxışlar, ən başlıcası isə aşıladıqları saxta barışmazlıq ruhu, Azərbaycanla müharibə çağırışları yekun nəticədə müasir erməni dövlətçiliyinin if­las moizəsindən başqa bir şey deyil. 

Ə.CAHANGİROĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
xalqqazeti.az

1Mənbələr