AZ

“AFFA bizdən 2023/24 mövsümündə sırf bu sahəyə nə qədər pul xərcləndiyini soruşub” – Səbuhi Səfiyarlı

AFFA İcraiyyə Komitəsinin (İK) dünənki iclasından sonra “Qəbələ”nin premyer-liqadan gedəcəyi dəqiqləşdi.

Bununla yanaşı, akademiyanın və infrastrukturun fəaliyyətinin indiki şərtlərlə davam etdirilməsi üçün kluba növbəti mövsümdə dəstək göstərilməsi qərara alındı. Beləliklə, AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” ilə intensiv işləyəcək, İK-nın növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

Bütün bu məqamlarla bağlı ətraflı məlumat almaq məqsədi ilə “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıyla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Qərar gözlənilməz olmadı. Sonuncu yeri tutmuşuqsa, premyer-liqanı tərk etməyimiz normal haldı. Biz də idman prinsiplərinin qorunmasının tərəfdarıyıq. Uğursuzluqların səbəbini rəhbərlik səviyyəsində araşdırmışıq. Səhvlərimizi bilirik. Burda həm bizim, həm uğursuz oyunlar keçirən komandamızın, həm də hakimlərin haqsız qərarlarının payı var. Elə mübahisəli epizodlar olub ki, başqa klubların xeyrinə qərar verilibsə, bizim üçün əksi olub.Ümumiyyətlə, səhvlərdən nəticə çıxarmalıyıq. Hazırdsa 1-ci liqa üçün hazırlığa başlayırıq. Əsas məqsədimiz keyfiyyətli heyətin formalaşdırılmasıdı. Əlbəttə, premyer-liqada qalmaq istəyərdik. Buna baxmayaraq, başverənləri faciəyə çevirməyə ehtiyac yoxdu”.

Səbuhi bəydən İK-nın nəzərdə tutulan dəstəyi ilə bağlı da məlumat aldıq:

“Dəstək akademiyanın və infrastrukturun qorunmasıyla bağlıdı. AFFA bizdən 2023/24 mövsümündə sırf bu sahəyə nə qədər pul xərcləndiyini soruşub. Hesablamalardan sonra lazımi məlumatları quruma təqdim etmişik. Düzü, az məbləğ deyil. Çünki “Qəbələ” digər klublardan fərqli komandadan və ətrafdakı 5-10 adamdan ibarət deyil. Biz təkbaşına bu qədər maliyyə tələb edən işlərin öhdəsindən gələ bilmərik. Çünki sırf akademiya və infrastruktur üçün lazım olan vəsait 1-ci liqa klublarına ayrılan puldan dəfələrlə çoxdu. Belədə dəstəyə ehtiyac var. AFFA-nın istədiklərini etmişik. Qurumla təmaslarımız davam edəcək. Qarşıdakı günlərdə bizə nə qədər maliyyə ayrılacağı bəlli olacaq”.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
football-plus.az

1Mənbələr