AZ

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar - Elina Bardaç-Yalova - FOTO

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Adassa" Akademik Kollecinin və "Beqin-Sadat" Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Elina Bardaç-Yalova deyib.

"İndiyədək yüksək texnologiyalardan tutmuş tibbə qədər müxtəlif sahələrdə ünsiyyət qurmaq imkanı əldə etdiyim bütün israilli iş adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa maraq göstərirlər. Bundan əlavə, Azərbaycana konfransa getdiyimi bilənlər məndən xahiş edirlər ki, müəyyən bir sahədə imkanlar barədə məlumat əldə edim. Təsdiq edə bilərəm ki, istisnasız olaraq hamı Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda işləməyə maraq göstərir. Fəaliyyət dairəsini genişləndirmək imkanı yarandıqda, istər yüksək texnologiya, istər tibb sənayesi olsun, istisnasız olaraq hamı Azərbaycan bazarına daxil olmaqda maraqlıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda İsrail şirkətləri arasında rəqabət əhəmiyyətlidir. "İri İsrail korporasiyaları bir ildən artıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Mən uzun müddətdir burada olan şirkətləri tanıyıram. Məsələn, pilotsuz uçuş aparatlarının istehsalında ixtisaslaşan "Aeronautics" kimi bir şirkət var", - deyə E.Bardaç-Yalova əlavə edib.

Bakı ilə Təl-Əviv arasında potensial əməkdaşlığın konkret istiqamətlərindən danışan E.Bardaç-Yalova qeyd edib ki, israilli iş adamları kənd təsərrüfatı, İKT və tibb sahələrində əməkdaşlığa xüsusi maraq göstərirlər:

"Kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi danışıqlarda şəxsən mən iştirak etmişəm. Biz bu sahədə mümkün əməkdaşlığı, o cümlədən Qarabağda kənd təsərrüfatının inkişafını müzakirə etdik. Quru və dağlıq ərazilərdə əkin sahələrinin becərilməsi, torpaqların suvarılması məsələlərinə baxılıb. İsrailin informasiya texnologiyaları sektoru da Azərbaycan bazarına böyük maraq göstərir. Azərbaycan bazarına daxil olmaq və İsrail bazarına azərbaycanlı tərəfdaşları daxil etmək istəyən İsrailin bir çox İT şirkətləri ilə əlaqə saxlamışam. Həmçinin su ehtiyatları ilə bağlı çoxlu müzakirələr aparılıb və Azərbaycanda, xüsusən də Qarabağda işləməyə maraq son dərəcə yüksəkdir. Mən anladığım qədər bu ərazilərdə ciddi təmir işləri aparılır ki, bu da İsrail şirkətləri üçün imkanlar açır. Ona görə də bütün bu məsələlər həm dövlət sektorunu, həm də özəl strukturları maraqlandırır".

E.Bardaç-Yalova qeyd edib ki, İsrail şirkətləri tibb sahəsində əməkdaşlığa böyük maraq göstərirlər:

"Mən bilirəm ki, bir çox xəstəxanalar təkcə tibbi avadanlıqlar sahəsində deyil, həm də azərbaycanlı tələbələrin hazırlanmasında əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan tərəfi də bizim qabaqcıl texnologiyalara və ixtisaslı mütəxəssislərə malik olduğumuzu nəzərə alaraq buna böyük maraq göstərir. Kadr çatışmazlığı səbəbindən digər ölkələrdən həkimləri tibb sahəsinə fəal şəkildə cəlb edirik. Bu həm İsrail, həm də Azərbaycan tərəfi üçün böyük maraq doğurur".

E.Bardaç-Yalova, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərdə əlamətdar hadisə olduğunu vurğulayıb:

"İsrail ilə Azərbaycan arasında dostluq qrupunun keçmiş rəhbəri kimi deyə bilərəm ki, bütün bu illər ərzində əlaqələrimiz fəal şəkildə inkişaf edir. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı Azərbaycan tərəfi ilə apardığımız danışıqları xatırlayıram. İsrail üçün bu, əlamətdar hadisə olub. Azərbaycanın strateji və geosiyasi mövqeyini nəzərə alsaq, bu, bizim üçün də böyük əhəmiyyət kəsb edirdi. Mən təsdiq edə bilərəm ki, bu, İsrail hökumətini Bakı ilə ikitərəfli danışıqları stimullaşdırdı. İştirak etmək imkanım olan Azərbaycan tərəfi ilə bütün görüşlərdə hər iki tərəfdən əməkdaşlığı fəal şəkildə təşviq edən iş adamları iştirak edirdilər".

Y.Bardaç-Yalova qeyd edib ki, bu, ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə töhfə verib:

"Bəzi şirkətlərin bazarı tərk etməsi və indi geri qayıtmağa çalışması səbəbindən İsrail son vaxtlar hava nəqliyyatı və uçuşlarda ciddi problemlər yaşayıb. Onlar may ayında qayıdacaqlarına söz verdilər, sonra fikirlərini dəyişdilər və s. Bu səbəbdən uçuşlarda böyük çətinliklər yarandı. Mən bu yaxınlarda Azərbaycan aviaşirkətinin reyslərindən birində uçdum və hər şey saat mexanizmi kimi işləyirdi. Bu, həqiqətən də münasibətlərimizdə əlamətdar bir məqamdır".

Sonda Elina Bardaç-Yalova Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi ilə bağlı davam edən danışıqların əhəmiyyətinə toxunub:

"Biz hesab edirik ki, Azərbaycan nə etdiyini tam olaraq bilir. Və əgər o, bu cür addım atırsa, düzgündür. Ona görə də biz hazırda regionda baş verən hadisələri fəal şəkildə izləyirik. Azərbaycan bizim üçün təkcə dost deyil, həm də geosiyasi maraqlarımızı nəzərə alsaq, mühüm geosiyasi müttəfiqdir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
2
milli.az

3Mənbələr