AZ

Baqratın Kanadadakı maliyyə fırıldaqları

1905-ci ildə Sankt-Peterburqda fəhlələri kütləvi qırğına aparan keşiş Qaponun müasiri İrəvanda peyda olub

Ermənistanı qarışdıran keşiş "Qapon"-Baqrat Qalstanyan minlərlə ermənini qızışdıraraq hakimiyyətə qarşı qaldırıb. O, bu qarşıdurmada arxasında duran bütün ermənilərin ali patriarxı və katalikosu II Qareginlə görüşdüyünü  fəxrlə deyib: “O, mənim atamdır, o, mənim mənəvi atamdır, o, Ali Patriarxdır... Bir gün əvvəl onunla görüşmüşəm”.

Bununla da Baqrat erməni kilsəsi rəhbərliyinin siyasətə qarışdığını və Paşinyan hakimiyyətini devirməkdə maraqlı olduğunu etiraf etmiş olub. Onu da qeyd edək ki, son günlər erməni mətbuatında yepiskop Baqratın Kanadada keşiş olarkən etdiyi maliyyə fırıldaqları barədə məlumatlar yayılıb. Bildirilir ki, Baqrat Qalstanyan Kanadada yaşayarkən erməni yeparxiyasını əhəmiyyətli borclarla yükləyib onu şübhəli maliyyə maxinasiyalarına cəlb edib sonra isə borcları ödəmək üçün Kvebekdəki kilsəni girov qoymağa məcbur qalıb. Onun macəraları bununla bitmir. Qalstanyan Lavaldakı Müqəddəs xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə də ittiham olunub. Hazırda onun "sayəsində" həmin kilsənin borcu 1 milyon dolları keçib. Bu olaylardan sonra məhkəmədən, istintaqdan qaçıb Ermənistana gələn fırıldaqçı keşiş orada özünü vətənpərvər rolunda aparır. Əslində o, erməni tipik xislətini nümayiş etdirib.

Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası təşkil edən və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat günahlarını ört-basdır etmək niyyətindədir. Hay-huyun gur olması üçün baş nazir Paşinyanın impiçment məsələsini ortaya ataraq ətrafına tərəfdarlar yığmağa cəhd edir. Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib. O, bu haqda mitinqdə də danışıb. Keşiş Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar: “İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi”.

Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katalikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların üçdə birinin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir. Parlamentdə “Ermənistan” (Robert Koçaryan) fraksiyasının 29, “Şərəfim var” (Serjik Sarkisyan) fraksiyasının isə 6 deputatı var.

Müxalif fraksiyaların ümumi deputat yeri 35 olduğundan, impiçment prosesi üçün daha bir deputatın səsinə ehtiyac var. Əgər 36 deputatın imzası ilə məktub daxil olarsa, 72 saat müddətində səsvermə olmalıdır. Baş nazirə etimadsızlıq üçün parlament deputatlarının yarıdan çoxu - ən azı 54 deputat əleyhinə səs verməlidir. Bu isə alınan deyil. Çünki Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” fraksiyası parlamentdə mütləq üstünlüyə (71 mandat) sahibdir. Deməli, baş nazirin mövqeyi daha möhkəmdir. Bu rəqəmlər də deyir ki, müasir keşiş "Qapon"un bütün cəhdləri sonda onu axmaq vəziyyətdə qoyacaq. Revanşistlər, daşnaklar və casuslar onun üzünü ağarda bilməyəcəklər. Beləliklə də, maliyyyə fırıldaqçılığı ilə məşğul keşiş siyasi avatürist kimi daha bir ad da qazanacaq.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
ikisahil.az

1Mənbələr