AZ

Orxan Məmmədov: "Komanda sayı ilə bağlı dəyişiklik olmayacaq"

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov liqanın final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, federasiya rəsmisi mövsümü dəyərləndirib və gələcək planlardan danışıb.

- Geridə qalan mövsümü necə dəyərləndirirsiz?

- Hesab edirəm ki, mövsüm uğurlu keçdi. "Birbaşa Bakı" yenidən çempion oldu. Onları təbrik edirəm. Gərgin mübarizə izlədik. Final da çox gərgin keçdi. "Aznur" yeni bir komandadır və finala qədər irəllilədi. Bu həm də çempionatımızın dəyişməsini göstərir. Yeni komandalara oyunçular, sponsorlar cəlb olunur. Hesab edirəm ki, bu, minifutbolun inkişafı üçün böyük töhfədir. Həm "Aznur", həm də üçüncü yer tutan "Real Bakı" çempionatımıza damğa vurdu.

- Gələn mövsüm komanda sayını artırmağı düşünürsüz?

- Məqsədimiz dediyim kimi daha çox kütləviliyi təmin etməkdir. Komanda sayı ilə bağlı dəyişiklik olmayacaq. Yeni oyunçuların, yeni sponsorların cəlb olunması bizim üçün 1 nömrəli məqsəddir. Komandaların peşəkarlığının daha da artırılması əsas məsədlərimizdən biridir.

- Regional Liqaların keçirilməsi gündəmdə varmı?

- Bəli kütləviliyi artırmaq üçün regionları yaddan çıxarmamalıyıq. Minifutbol ölkəmizin hər yerində oynanılır. Nəinki regional, hətta qadınlar arasında minifutbol liqasını yaratmağı fikirləşirik. Hesab edirəm ki, növbəti hədəflərimizdən biri məhz bu olacaq.

- Qarşıdan Avropa çempionatı gəlir. Millimizin qarşısına qoyulan hədəf nədir?

- Komandamız favoritlərdən biridir. Biz son Avropa çempionuyuq və dünya çempionatında da dördüncü olmuşuq. Bunu nəzərə alsaq, məqsədimiz yalnız çempionluqdur. Birinci növbədə çempionluq titulumuzu qorumağa çalışacağıq. Bu ay keçirilən beynəlxalq turnirdə millimiz son dünya çempionuna qalib gəldi. Bu da onu göstərir ki, uşaqların məqsədi çox ciddidir. Həm sizlər - media nümayəndələri, həm də biz onları daha da ruhlandırmalıyıq. Millimiz gələn ay keçiriləcək yarışa tam hazırdır. Bir neçə gün sonra tam heyət elan olunacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
1
idman.biz

2Mənbələr