AZ

Yayda dönər yemək təhlükəlidirmi?

Günümüzdə ən çox istehlak olunan fast-food yeməklərindən biri dönərdir. İnsan sağlamlığına kifayət qədər zərər vursa da bu məhsula tələbat hələ də yüksəkdir. Bir neçə gün öncə məhz toyuq dönərindən kütləvi şəkildə zəhərlənmə hadisəsinin baş verməsi isti aylarda ümumiyyətlə, dönər yeyilməlidirmi sualını gündəmə gətirdi.

Bəs dönər hazırlanarkən hansı qaydalara əməl olunmalıdır? Tez-tez bu qidadan zəhərlənmə hallarının baş verməsinə səbəb nədir? İnsanlar dönər alarkən nələrə diqqət etməlidir?

2 saatdan çox otaq temperaturunda qala bilməz

Qida mütəxəssisi Ağa Salamov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, soyuq qida zəncirində qırılma olarsa, sonda zəhərlənmə baş verə bilər. Qırılmaların olmaması üçün ilk növbədə riskli qidaların yəni balıq, ət, toyuq kimi məhsulların mənşəyi, baytar nəzarətinin necə aparıldığı, kəsimin hansı şəraitdə olduğu məlum olmalıdır. Belə məhsullar dondurulmuş saxlanılırsa, dondurucu maşınla, dondurulmamışdırsa, 2-4 dərəcə temperaturda təchiz olunmuş maşınlarla müəssisələrə daşınmalıdır. Lakin bəzi dönərxanalarda daşınma zamanı kobud səhvlər üzə çıxır. Məsələn, toyuq əti 2-4 dərəcədə daşınır. Bu halda məhsul müəssisəyə çatdığı zaman bişiriləcəksə, həmin vaxt şişə taxılmalı və otaq temperaturunda saxlanmamalıdır. Çünki riskli qidaların maksimum 2 saatdan çox otaq temperaturunda qalması düzgün deyil. Ancaq çox vaxt belə olmur. Toyuq çatdırıldıqdan sonra onun hazırlanma proseduru təxminən 3 saatdan çox çəkir. Bu isə əti mikrobioloji çirklənməyə məruz qoyur və qida zəncirinin sonunda zəhərlənmə baş verir. Həmçinin zəhərlənmə çarpaz çirklənmə nəticəsində də olur.

Ət və toyuq dönərinin bıçağı və taxtası eynidirsə...

Əgər müəssisədə ət və toyuq dönərinin bıçağı və taxtası eynidirsə, bu, çarpaz çirklənməyə səbəb ola bilər. Həmçinin eyni bıçaqla yuyulmadan tərəvəzlər də doğranılırsa, bu zaman ətlərdə olan mikroblar birbaşa tərəvəzlərə bulaşır. Ona görə də bu məhsulların kəsim taxtaları, bıçaqları başqa olmalı, emal prosesi sərin temperaturda ayrı-ayrı aparılmalıdır. Bir sözlə, soyuq qida zəncirində riskli qidalar mühafizə edilməlidir. İsti havalarda dönər yemək olmaz deyə bir şey yoxdur. Sadəcə dönər aldığımız yerin təmizliyinə, qidaların keyfiyyətli olmasına və düzgün saxlanmasına diqqət yetirməliyik. Bəzən belə müəssisələrdə müştəri çox olur və ala-çiy və bişmiş əti bir yerdə qarışdıraraq satırlar. Ala-çiy məhsulda isə salmonella bakteriyası ola bilər. Beləliklə istehlakçı qidadan zəhərlənir. Bu isə birbaşa sahibkar və aşpazın məsuliyyətsizliyidir. Təəssüflər olsun ki, hazırda bir çox aşpazların heç bir təhsili yoxdur.

Dönər alarkən bunlara diqqət edin

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, istehlakçılar dönər alarkən müəssisənin AQTA-nın qeydiyyatından keçməsinə diqqət etməlidir. Həmçinin, obyektin sanitar-gigiyenik vəziyyətinə, ətin baytarlıq şəhadətnaməsinin mövcud olmasına, dönər hazırlayan şəxsin gigiyena qaydalarına əməl etməsinə, inqridiyentlərin təmizliyinə və saxlanma şəraitinə, mayonez, ketçup və digər sousların soyuq rejimdə saxlanılmasına fikir verməlidir. Neqativ hallarla qarşılaşdığınız zaman agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərsiniz. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir. Bu çərçivədə AQTİ-də 23.05.2024-cü il tarixində dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün ödənişsiz təlim keçiriləcək. Təlim zamanı iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat veriləcək. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılacaqlar.

Sayalı Abasova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
ikisahil.az

3Mənbələr