AZ

Milli Məclisin deputatları ŞKTC ilə təhsil sahəsində əməkdaşlıq yollarını müzakirə ediblər

Lefkoşa, 14 may, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət qrup Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər çərçivəsində Şərqi Aralıq dənizi Universitetini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ali təhsil müəssisələrinin ŞKTC-nin aparıcı ali məktəblərindən biri ilə qarşılıqlı fəaliyyət yolları barədə fikir mübadiləsi aparılıb.

Rektorluğun nümayəndələri bildiriblər ki, hazırda universitetdə Azərbaycandan 60-a yaxın tələbə təhsil alır, ümumilikdə isə yüzlərlə azərbaycanlı bu universitetin məzunu olub və onlar indi doğma ölkələrinin inkişafına töhfə verirlər.

Universitetin rəhbərliyi ilə görüşdə Milli Məclisin deputatı, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan tərəfinin iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün səy göstərməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində kadr mübadiləsi, həmçinin ikili diplom proqramının tətbiqi məsələlərini müzakirə etmək mümkündür.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan ali məktəbləri ilə Şərqi Aralıq dənizi Universiteti arasında tibb mütəxəssislərinin hazırlanması sahəsində əlaqələrin qurulması perspektivlərinə diqqət çəkib.

Azərbaycanın digər parlamentariləri də təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıblar.

Görüşdə ŞKTC parlamentinin sədri Zorlu Töre iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Lefkoşa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
1
azertag.az

2Mənbələr