AZ

“Qəbələ” “Sabah”ın bütün planlarını pozdu - REPORTAJ

Elitadan düşəcəyi rəsmiləşən “Qəbələ” ötən tur Sxadadzenin rəhbərliyi altında ilk qələbəsini qazanmışdı.

Bu da “qırmızı-qaralar”ın daha da ruhlanmasına və qələbə iştahının açılmasına səbəb oldu. “Sabah” isə Renduliçin rəhbərliyi altında uğurlu seriya yaxalamış və ardıcıl 4 qələbədən sonra avrokuboklar vəsiqə yolunfa ən iddialı komandalardan birinə çevrilmişdi.Bu üzdən hər xalın Masazır təmsilçisi üçün qızıl dəyərində olduğunu deyə bilərik. Çünki Avropaya can atan komandalar arasındakı xal fərqi minimuma bərabərdi. İndiki durumda isə oyunçularının qələbədən sonra ruhlandığını görən gürcüstanlı mütəxəssis də növbəti qələbəsini qazanmaq üçün var gücünü ortaya qoyacaqdı. Bu fonda maraqlı oyuna şahidlik edəcəkdik.

İlk 20 dəqiqə tərəflərin qarşılıqlı hücumları şəraitində, əsasən, qonaqların üstünlüyü şəraitində davam etdi. Lakin “bayquşlar” ya yanlış mövqe seçimi, ya qeyri-dəqiq ötürmələr, ya da rəqib sıx şəkildə müdafiə olunduğuna görə real qol vəziyyətləti yarada bilmədi. 21-ci dəqiqədə “qırmızı-qaralar” fərqlənməyə çox yaxın oldu. Meydan sahiblərinin ən sərrast futbolçusu Allaş Urfanın zərbəsindən sonra çox yaxın məsafədən topu “çərçivə”yə düzgün yönəldə bilmədi. Cəmi 1 dəqiə sonra Eşqinin ötürməsini dəf etmək istəyən İrasabal az qala avtoqol müəllifi olacaqdı. Bir qədər sonra isə Ayzayanın cərimə meydançasının kənarından qüvvətli vuruşu təhlükəli oldu. Futbolçunun zərbəsi azacıq fərqlə tirin üstündən keçdi. Getdikcə üstünlüyün Qəbələ təmsilçisinə keçməsinin, əvəzində isə “tələbələr”in “müdafiəyə oturmasının” şahidi olurduq. Elə bu fonda “Qəbələ” oyunda hesabı açdı. 33-cü dəqiqədə Osamanın ötürməsindən sonra Allaş topu İmanovun qoruduğu qapıdan keçirdi - 1:0. Belçikalı oyunçu 44-cü dəqiqədə fərqi artırmağa yaxın oldu. Fəqət bu dəfə onun zərbəsini qapıçı dəf edib, topu kornerə göndərdi. Elə epizodun davamında künc zərbəsindən sonra Kristiana dəyən top Masazır təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edə bilərdi. Braziliyalı yarımmüdafiəçi avtoqoldan cüzi fərqlə qurtuldu. Bu dəfə isə künc zərbəsindən sonra hesab arasındakı fərq iki topa çatdı. Belə ki, Yusif önə atılıb topu yumruqlarıyla uzaqlaşdırsa da, Bauk qapının boş olduğunu görüb, uzaq məsafədən dəqiq zərbə vurdu - 2:0. Avrokuboklara vəsiqəyə iddialı qonaqların qapıya ilk effektli zərbəsi 60-cı dəqiqəsinə təsadüf etdi. Rəşad isə Parrisin zərbəsini dəf etməyi bacardı. Epizodun davamında kornerdən göndərilən ötürmə zamanı Çaklanın hava mübarizəsindən qalib ayrılıb başla vurduğu zərbə qapıdan azca aralı keçdi. Hesabda geridə olduqlarına görə hücum xəttini gücləndirmək üçün Volkovu oyuna qoşan Renduliçin planları isə “suya düşdü”. Gürcü hücumçu meydana çıxandan cəmi 4 dəqiqə sonra qırmızı vərəqə alaraq, komandasının işini daha da çətinləşdirdi. Say üstünlüyündən istifadə edən “qırmızı-qarlar” rəqibi geri oturtmuşdu. 72-ci dəqiqədə Eşqinin qüvvətli zərbəsini dəf edən Yusif aradakı fərqin 3 topa çatmasına mane oldu. 5 dəqiqə sonra Allaş dublunu rəsmiləşdirməyə yaxın oldu. Lakin bu dəfə də qolkiper səliqəli oynayıb, yaxın küncə yönələn zərbəni qaytardı. Artıq elitadan düşməsi rəsmiləşən Qəbələ təmsilçisi “Sabah”ı “topla döyəcləyirdi”. 84-cü dəqiqədə Urfan sol ayaqla qapını yoxladı. Lakin qapıçı üzərinə gələn topu dəf etməkdə çətinlik çəkmədi. Oyunun əsas vaxtına əlavə edilmiş sonuncu dəqiqədə komandasının ən yaxşılarında olan Eşqin rəqibin darmadağınını rəsmiləşdirməyə yaxın olsa da, zərbəsi “çərçivə”dən yan keçdi.

Beləliklə, Sxadadzenin komandası elitadan düşməsi rəsmiləşəndən sonra keçirdiyi 2-ci oyunda da qələbə qazandı. Renduliç isə heç gözləmədiyi anda sərt zərbə aldı. Bununla da “Sabah”ın avrokuboklara vəsiqə qazanmaq şansı yetərincə çətinləşdi. Axı bu komandanı son iki turda “Sumqayıt” və “Neftçi” kimi çətin rəqiblər gözləyir.

Gözdən qaçmadı
* “Soldati di Sabah” komandaya dəstək olmaq üçün sektordakı yerini tutsa da, “Fratelli del Sabah” Qəbələdə görünmədi. “Red-Black Army” də yerində idi.
* İkinci hissədə hesabı göstərən tabloda problem yaşandı. Belə ki, tabloda hesabın əvəzində mənzərə görüntüsü verildi. Problem 63-cü dəqiqədə həllini tapdı.
* Topdaşıyan uşaqların azyaşlı olması (təxminən 10-12) maraq doğurdu.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
football-plus.az

1Mənbələr