AZ

“İrəvanda etirazlar güclənsə, Rusiya ona dəstək verəcək” - Arif Əliyev

“Ermənistanda Paşinyan əleyhinə olan və hakimiyyətə can atan qüvvələr dərk edirlər ki, sülh müqaviləsinin imzalanması vaxtı yaxınlaşır, bu ərəfə öz siyasi məqsədlərini həyata keçirmək üçün çox əlverişli vaxtdır. Onlar başlıca məqsədlərinin Qarabağa dönüş, məğlubiyyəti qələbəyə çevirmək və sair olduğunu elan etsələr də, bunun qeyri-mümkün olduğunu özləri də başa düşürlər”.



Bunu Bakupost.az -a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.

Onun fikrincə, etirazçılar sözügedən tezisləri əsas götürüb bu həmləni həyata keçirməklə hakimiyyətə qayıtmağı düşünürlər:

"Rusiyanın bu prosesdə rolu nə dərəcədədir? Əsas mübahisə bunun üzərində gedir. Məncə, Rusiya bu prosesə kömək etməklə yanaşı, hələlik daha çox müşahidəçi rolundadır. Ümumiyyətlə, Rusiya siyasətində belə bir şey var ki, onlar daxili prosesləri özlərinin xarici siyasətində nəzərə alırlar”.

A.Əliyev deyib ki, etiraz aksiyaları geniş vüsət alsa, Rusiya bundan istifadə edəcək:

“Əgər bu hərəkat güclənməyə doğru getsə, təbii ki, Rusiya ona dəstək verəcək. Bu, onun maraqlarının regionda daha dolğun təmsil olunmasına xidmət edəcək. O zaman Ermənistan yenidən Rusiyanın tam təsir dairəsinə qayıdacaq. İndiki prosesin mahiyyəti budur. Ancaq hələlik müxalifətin və revanşist qüvvələrin Paşinyanı üstələyəcək qədər qüvvəyə malik olması görünmür. Təbii ki, Rusiya da bunun fərqindədir. Proseslər bu cür davam edəcəksə, bu etirazlar yavaş-yavaş klounadaya çevriləcək. İndiki məqamda kilsənin proseslərə təsir imkanları əhəmiyyət kəsb edir. Hələlik o imkanlar məhdud görsənir və Paşinyan hökuməti ənənəvi olaraq çox güclü olan bu təsirdən xeyli dərəcədə uzaqlaşa bilib. İndiki vəziyyətə görə hətta kilsənin mövqeyi də bütövlükdə götürəndə İrəvan ictimaiyyətini hakimiyyətə qarşı döndərə bilməyəcək”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
bakupost.az

1Mənbələr