AZ

Ermənistan sərhədlərlə bağlı Azərbaycanın daha bir mühüm tələbini yerinə yetirir...

Image

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir. Məlumata görə, Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Sünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.

Xatırladaq ki, mayın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər. Ermənistanın “Qraparak” nəşri bu fonda olduqca maraqlı bir iddia ilə çıxış edib: “Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib. Paşinyan mayın 8-də Moskvada Putinlə görüşdükdən sonra Rusiya sərhədçilərinin sərhəd boyu ərazilərdən çıxarılması prosesinə start verib. Rusiya sərhədçiləri əsasən Azərbaycanla sərhəddən geri çəkilirlər. İran və Türkiyə ilə sərhəddə isə qalırlar. Bu, İlham Əliyevin tələblərindən biridir. Sülh müqaviləsinin ilkin variantında rəsmi Bakı tələb irəli sürmüşdü ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkənin nümayəndələri dayanmamalıdır. Bizə həmin sənədin cızma-qarasını verdilər. Orada yazılır ki, “tərəflər öz sərhədlərində üçüncü tərəf qüvvələrinin olmasını istisna etməlidir”. Yəni Paşinyan rus sərhədçilərini çıxarmaqla suverenlik və müstəqillik nümayiş etdirməyib, Əliyevin daha bir tələbini yerinə yetirib”. Ermənistan parlamentinin keçmiş deputatı, xüsusi təyinatlı sabiq səfir Edmon Manukyan da məsələ ilə bağlı olduqca maraqlı açıqlma verib: “Çox maraqlıdır, Kremldə nə baş verib ki, Nikol Paşinyan Vladimir Putindən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində qalmasını xahiş edib? Rusiya və Ermənistan liderlərinin əldə etdiyi son razılaşmaya əsasən, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən mövqelərdən geri çəkildikləri bildirilir. Onların, həmçinin, Zvartnots hava limanından da çıxacağı açıqlanıb. 44 günlük müharibədən sonra rusların sərhəddə yerləşməsi Ermənistanın uğuru kimi təqdim edilirdi. Maraqlıdır ki, İrəvanın xahişi ilə rus sərhədçilərinin Türkiyə və İranla sərhəddə xidmətə davam edəcəyi qeyd olunur. Görəsən, Kremldə nə baş verib ki, Paşinyan belə bir şey istəyib?”. Keçmiş deputat İrəvan hökumətinin bir-birinə zidd siyasi addımlar atdığını deyib: “Belə vəziyyətdə Avropa ittifaqı rəsmiləri, Ceyk Sallivan, Ursula fon-der Leyen, Emmanuel Makron bizim haqqımızda nə düşünəcək? Bir tərəfdən Aİ-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə xidmət etməsini, digər tərəfdən isə rusların Türkiyə və İranla sərhədimizdə qalmasını istəyirik. Hələ parlamentin sədri Alen Simonyan da Ukraynada davam edən müharibədə tərəf tutaraq Rusiyanı işğalçı adlandırır. Lakin mənə maraqlı qalan hələ də İranla sərhədimizdə rusların qalmasının vurğulanması oldu. Ölkədə hərə bir şey deyir. Xalqa açıqlayırlar ki, biz Avropaya üz tuturuq, sonra deyirlər, Rusiya ərazimizdən çıxmayacaq”.

Qeyd edək ki, əslində, prosesin bu səpkidə inkişaf etməsində Ermənistanın Qərbə yaxınlaşmasının da rolu var. Hələ bu ilin yanvarında məlumat yayılmışdı ki, Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər addımların müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. Həmin vaxt TASS-a məlumatlı Rusiya mənbəsi bildirmişdi: “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti öz dövlət aparatında Rusiyaya dost olan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir”. Hələlik isə görünən odur ki, Azərbaycan-Ermənistan sərhədində iki ölkənin sərhədçiləri dayanacaq. Bu, ölkəmizin maraqlarına və istəklərinə tamamilə uyğundur. Baş verənləri şərh edən ekspert Natiq Cəfərli qeyd edir ki, 2020-ci ildən üzü bəri Azərbaycanın atdığı addımlar, ərazi bütövlüyü və suverenliyimizin bərpası Rusiyanın bölgədə rolunun dəyişməsinə səbəb olub: “Sualın əsas cavabı, təbii ki, Rusiyanın Ukraynaya təcavüzü, bu müharibənin 2 il 3 aydır davam etməsidir. Kremlin özü, hətta istənilən beynəlxalq beyin mərkəzi, istənilən ölkə Ukraynanın bu qədər davam gətirəcəyinə inanmırdı, bütün hesablar daha qısa müddət üçün hazırlanmışdı – amma hesablar tutmadı. Kəskin şəkildə artan beynəlxalq qarşıdurma Rusiyanı “yaxın, dost ölkə” axtarışından “heç olmasa, düşmən olmayan ölkə” modelinə keçməyə məcbur etdi. Bu gün Qazaxıstan, Qırğızıstan belə Rusiyanın MİR bank kartlarını bloklayır, Qərb ölkələri ilə açıq dialoq qurub stateji sənədlər imzalayırlar. Bütün bunlar 5 il əvvəl mümkünsüz idi – bu gün Rusiyanın durumu artıq başqa reallıqlar diktə edir. Kreml yeni stateji yola baş vurub, Ukrayna məsələsini “nömrə 1” elan edib, bütün güc və enerjisini bu müharibədə məğlub olmamağa, əldə etdiyini isə stateji qalibiyyət kimi təqdim etməyə köklənib. Kreml düşünür ki, Ukraynada uğur qazansa, nə Ermənistan, nə Orta Asiya heç yerə gedən deyil, özləri daha yaxın olmaq üçün növbəyə düzüləcəklər. Bu mənada Azərbaycanın durumu, şükür ki, daha yaxşı və fərqlidir. Qardaş Türkiyə ilə bağlanmız stateji ittifaq, Şuşa Bəyannaməsi, həmin sənədin qarşılıqlı müdafiə öhdəliyi bizim üçün çox yaxşı bir qalxan rolunu oynaya bilər. Bu gün Gürcüstanın, Ermənistanın, Orta Asiya respublikalarının yeni təhlükəsizlik “çətiri” axtarışları həm də indiki qeyri-müəyyənliklə bağlıdır”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
13
baki-xeber.com

10Mənbələr