AZ

Ermənilərin böyük himayəçisi sayılan senator rüsvay oldu...

Image

Yeganə Hacıyeva: “Bu faktın özü göstərir ki, ABŞ-da Azərbaycan əleyhinə təşkil olunan bütün əks kampaniyalar qərəzli olmaqla rüşvət müqabilində həyata keçirilib”

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə xarici agent kimi işləməkdə təqsirləndirilən senator Robert Menendesə qarşı səs-küylü cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Menendez hər hansı bir qanun pozuntusunu rədd edir və ermənipərəst kimi şöhrət qazandığı Konqresdə qalmaq istəyir.

Qeyd edək ki, Menendez Kuba əsilli nüfuzlu demokrat senatordur və uzun illər ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib.

Menendezin işində ondan çox rüşvət epizodu var və onun Nyu Cersidəki malikanəsində beş dəfə axtarış zamanı çoxlu sübutlar tapılıb. Prokurorluğun məlumatına görə, 70 yaşlı senator erməni həyat yoldaşı Nadin Aslanyanla birgə yüksək vəzifəsindən və işgüzar əlaqələrindən istifadə edib. Senator öz səylərinin mükafatı olaraq müxtəlif formalarda yüz minlərlə dollar alıb.

Ən narahatedici epizodlardan biri Menendezin evindən tapılan 13 qızıl külçəsidir. Onların seriya nömrələri misirli iş adamlarına məxsusdur.

Menendezin həyat yoldaşına qarşı da ittihamlar irəli sürülüb. Onun işinə ayrıca baxılır. 2023-cü ildə məhkəmə senatoru və həyat yoldaşını müvafiq olaraq 100 000 və 250 000 dollar girov müqabilində sərbəst buraxıb, lakin onların xarici səfərlərinə məhdudiyyətlər qoyub.

Xatırladaq ki, Menendez həm də ermənilərin böyük himayəçisi sayılan senatorlardandır. Bu faktın özü erməni diasporunun dostlarının kimlərdən ibarət olduğunu və xüsusilə də kriminal mahiyyətli adamlarla əməkdaşlıq etdiyini ortaya qoymuş olur. Yaşanan hadisə həm də  erməni diasporunun növbəti fiaskosu sayıla bilərmi?

Beynəlxalq məsələlər üzrə şərhçi Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, demokrat senator Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi  erməni lobbisinin ruporu rolunu oynayırdı: “ABŞ Konqresində Azərbaycan əleyhinə çoxsaylı dinləmələrin keçirilməsinin təşəbbüskarı kimi Menendez Senatın Xarici Əlaqələr Komitəsinin imkanlarını ABŞ-Azərbaycan münasibətlərinin korlanması üçün səfərbər edib.

Menendez bu dinləmələrdə  həm də müəllifi olduğu, Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini təqdim edir, erməni lobbisinin sifarişlərini  ABŞ qanunverici təşəbbüsləri kimi həyata keçirməyə çalışırdı. 

ABŞ-ın Azərbaycana ikili əməkdaşlıq çərçivəsində yardımları təkliflərinə etiraz və ABŞ-dan Azərbaycana ünvanlı sərt təhdidlər kampaniyaları təşkil edirdi. 

Burda haşiyə çıxmaq lazımdır ki, ABŞ-ın Cənubi Qafqaz və ya Yaxın Şərq siyasətində, ümumilikdə ABŞ xarici siyasətində çoxlu boşluqlar mövcuddur. 

Bu boşluqlar üzərində isə kənar qüvvələr və ya üçüncü tərəf  lobbi qrupların köməyilə ABŞ-ın strateji tərəfdaşları olan ölkələrlə münasibətlərini korlaya biləcək fəaliyyət qurur.

Menendez və həyat yoldaşı Nadine Arslanian-Menendez "üç Nyu-Cersi iş adamı ilə korrupsioner əlaqələri ilə əlaqədar" rüşvət almaqda ittiham olunurlar.

Xatırladım ki, ABŞ senatında xarici siyasət və təhlükəsizlik komitələsini erməni lobbisinin ABŞ-ın  maraqlarına zidd Yaxın Şərq və Cənubi Qafqaz siyasətinin əleyhinə  sabotaj  və  Ermənistanın bu regionda fəaliyyətinin ABŞ maraqlarına zidd olması faktının gizlədilməsinə yönəlik addımları haqqında bir neçə qapalı araşdırma təşəbbüsləri olmuşdu. Amma senatdakı erməni, yunan və PKK maraqları lobbistləri  bu təşəbbüsləri bloklaya bilirdi. 

Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan bu “koalisiya” həm də bu ölkənin siyasi sabitliyinə və ABŞ üçün  həssas regionlarda ortaq maraqlara xidmət edən tərəfdaşlarına qarşı daxildən fəaliyyət göstərməklə, ABŞ-ın milli təhlükəsizliyinə  təhdid yaratmaqla ölkənin maraqlarına qarşı ciddi fəaliyyət göstərir.

Bu faktın özü göstərir ki, ABŞ-da Azərbaycan əleyhinə təşkil olunan bütün əks kampaniyalar qərəzli olmaqla rüşvət müqabilində həyata keçirilib”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
23
baki-xeber.com

10Mənbələr