AZ

"Bu gün Azərbaycanda 600 manat maaş alan şəxs, əslində, 300 MANAT ALIR" - Sosioloqdan SƏRT AÇIQLAMA

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1748,9 min nəfər olmuş, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Dövlət Statistika Komitəsinin məlumata görə, muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

 

2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 985,3 manat olub.

 

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

Sosioloq Elçin Bayramlı Referans.az" target="_blank">Referans.az-a açıqlamasında Azərbaycan mühiti üçün 985 manat orta aylıq əməkhaqqının reallığından danışıb.




“Bu rəqəm real vəziyyəti təsəvvür etməyə əsas vermir. Məlumdur ki, orta statistikalar müxtəlif metodikalar əsasında fərqli nəticələr verir. Məsələn, əhalinin sadəcə 5 faizi 2000-3000, 10 000-20 000 əməkhaqqı alır, hansı ki onlar bəzi dövlət strukturlarında və ya özəl şirkətlərdə yüksək vəzifələrdə işləyən şəxslərdir. Bu, təxminən 300-500 manat əməkhaqqı alan yüzlərlə insanın orta aylıq əməkhaqqının göstəricidə 1000 manat çıxdığını göstərəcək. Ona görə də bu, əhalinin gəlirlərni aydınlaşdırmaq üçün etibarlı bir mənbə deyil”.


Sosioloq bildirib ki, əsas məqam minimum əməkhaqqının məbləğidir. Bu da Azərbaycanda 345 manatdır və həddindən artıq aşağıdır. Bu sahədə biz istisnasız olaraq bütün qonşu ölkələrdən və MDB, Avropa ölkələrindən geridə qalırıq.


“Hökumət minimum əməkhaqqını qaldırmalıdır. Çünki minimum tələb bu qoyulubsa, Azərbaycanda da işsizlik çoxdur, işçiyə tələbat azdır və bu, o deməkdir ki, şirkətlər, müəssisələr aşağı maaş verməklə işçi qəbul edəcəklər. Amma minimum əməkhaqqı 500-600 manat təşkil edərsə, onlar işçiyə daha minimum bu qədər maaş verməyə məcbur olacaqlar və bu zaman orta aylıq əməkhaqqı ciddi bir rəqəm halına gətirə bilər”.


Ekspert qeyd edib ki, bu il Azərbaycanın büdcə gəlirlərində artım olmasına baxmayaraq, əməkhaqqı və pensiyalarda artım olmadı.


“Hökümət ilin ikinci yarısında büdcəyə baxarkən əməkhaqqı və pensiyalarda artımı nəzərə almalıdır. Eyni zamanda bu da nəzərə alınmalıdır ki, Azərbaycanda son illərdə böyük bahalaşma olub, inflyasiya gedib və manatın faktiki dəyəri minimum iki dəfə azalıb. Faktiki olaraq pulun nominal dəyəri yerində qalsa da, real dəyəri iki dəfə azalıb. Bu o deməkdir ki, hazırda bir şəxs 600 manat maaş alırsa, o faktiki olaraq 300 manat maaş almış hesab olunur. Belə vəziyyətdə indeksasiya düzgün aparılmalıdır. İnflyasiyaya və bahalaşma templərinə uyğun indeksasiya olunmalıdır. Hələ bu özü də artım demək deyil, sadəcə pulun real dəyərini bərpa etməkdir. Hətta bu gün maaş 1000 manat olsa belə, bu bir neçə il əvvəlki 500 manatın dəyərindədir”.


Elçin Bayramlı deyib ki, dünya ölkələrinin də təcrübəsinə baxdıqda minimum əməkhaqqı ən az orta aylıq əməkhaqqının yarısına bərabər olmalıdır.


“Əhali arasında sosial ədalətin bərpa olması üçün bu olduqca vacibdir. Elə bir mexanizm qurulmalıdır ki, əməkhaqqları arasında sosial uçurum olmasın”.

 

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
2
referans.az

3Mənbələr