AZ

ABŞ da nəhayət Almatı sülh prosesini dəstəklədi...

Image

Ramil Hüseynov: “Vaşinqton Almatı danışıqları fonunda Paşinyanın mövqelərinin möhkəmlənməsində maraqlıdır”

Məlum olduğu kimi, 10-11 may tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş baş tutub.

Qeyd edək ki, delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayan nazirlər, həmçinin onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Bu arada Fransadan sonra ABŞ da Almatıda iki ölkə xarici işlər nazirilərinin görüşünü dəstəkləyib. Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanır: “Biz sülhün mümkün olduğuna inanmağa davam edirik. Dövlət katibi və başqaları sülh yolu ilə nizamlanma prosesində fəal iştirak etməyə davam edirlər. Tərəflər arasında danışıqların gedişi ilə bağlı məlumatım yoxdur, amma biz bu prosesi dəstəkləməyə davam edəcəyik”.

“Həm Birləşmiş Ştatlar, həm də Fransa yaxşı bilir ki, Mərkəzi Asiyaya ən etibarlı yol Cənubi Qafqazdan keçir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, ABŞ-ın belə mövqe sərgiləcəyi gözlənilən idi: “Baxmayaraq ki, ABŞ bir sıra məsələlərdə haqsız olaraq Ermənistanı dəstəkləyir, Konqresdə Azərbaycana qarşı sanksiya çağrışları səslənir. Ancaq Vaşinqton Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlı deyil. Vaşinqton Almatı danışıqları fonunda Paşinyanın mövqelərinin möhkəmlənməsində maraqlıdır. Çünki tərəflər arasında sülh sazişi imzalanarsa, bu, regionda dayanıqlı sabitliyə öz töhfəsini verəcək. Həm Birləşmiş Ştatlar, həm də Fransa yaxşı bilir ki, Mərkəzi Asiyaya ən etibarlı yol Cənubi Qafqazdan keçir. Son illərdə Qərbin Orta Asiya ölkələrinə marağının artması müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Orta Asiyada Qərblə Çin arasında rəqabət getdikcə artır. Həm Çin də maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh olsun. Çünki Ukrayna müharibəsi və Qırmızı dənizdə yaşananlarla əlaqədar ticarət yollarında sıxıntılar yaranır. Bu səbəbdən Çin hər keçən gün Orta Dəhlizə daha çox önəm verir. Bu dəhlizin də əsas halqası Azərbaycandır. O üzdən, bir sıra güc mərkəzləri Cənubi Qafqazda stabilliyin yaranmasında maraqlıdır. Vaşinqton Almatı prosesini həm də ona görə dəstəkləyir ki, danışıqlar davamlı və effektiv olsun. Çünki bütün bunlar nəticə etibarı ilə Qərbpərəst Paşinyanın öz hakimiyyətini qorumasına şərait yaradacaq. Bu da Birləşmiş Ştatların marağındadır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
baki-xeber.com

1Mənbələr