AZ

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbsini və mülki şəxslərə qarşı zorakılığı pisləyib

Bakı

Bakı, 14 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqədar ciddi narahatlığını bildirir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə dərin narahatlıq doğurur.

İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.

Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Numea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif olunan son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub.

Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur.

Biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarındayıq. Fransa hökumətindən kanak xalqının qərarının nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
41
azertag.az

10Mənbələr