AZ

COP29 azad regionlarımızın inkişafında yeni mərhələ açacaq...

Image

Azərbaycan artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi yanaşır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP 29) qlobal əməkdaşlıq və bilik mübadiləsi üçün dinamik platforma təklif edərək, ölkənin bu istəklərinə nail olmaq yolunda bir dayaq nöqtəsi kimi meydana çıxır. Ekoloji siyasətin həyata keçirilməsində COP 29-un rolu böyükdür. Azərbaycan qabaqcıl beynəlxalq təcrübələri öz milli ekoloji prioritetlərinə inteqrasiya etməyə çalışdığı bir vaxtda konfrans ekoloji dayanıqlığı davamlı böyüyən, rəqabətədavamlı iqtisadiyyatla uzlaşdıran strategiyaların sinxronlaşdırılması üçün vacib rol oynayır. COP 29 tərəfindən dəstəklənən texnoloji mübadilə və innovasiya Azərbaycanı müasir innovasiyalar və rəqabətqabiliyyətli insan kapitalı üçün mərkəzə çevrilmək vizyonuna doğru aparır. Azərbaycana yaşıl inkişafın əsasını qoyan qabaqcıl texnologiyalara müraciət etməyə imkan verir. Bu yeniliklərin milli strategiyalara inteqrasiyası Azərbaycanı davamlı təcrübələrə qlobal keçiddə qabaqcıl ölkə kimi yerləşdirir. COP 29 vasitəsilə əldə edilən potensial investisiya yaşıl inkişaf məqsədlərini icra edilə bilən layihələrə çevirmək üçün ortaya çıxır.

Bu ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir 

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bugünədək ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1 000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 500-ə yaxın LED lampalarla təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrik doldurma məntəqələri quraşdırılıb.

Onun sözlərinə görə, bu ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır: “İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda yerli su ehtiyatlarımızın 25 %-ə qədərinin Qarabağ ərazisində formalaşdığını nəzərə alaraq qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər geniş hidroenerji potensialı da mövcuddur. Bölgənin enerji təminatının daha da səmərəli təşkili məqsədilə bu ərazilərdə yeni su elektrik stansiyalarının qurulması üçün araşdırmalar aparılır. Eyni zamanda bu ərazilərdə mövcud olmuş su elektrik stansiyalarının bərpası istiqamətində işlər davam etdirilir”.

Azərbaycan COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi haqqını əldə edən ölkə kimi ekoloji tarazlığın qorunması istiqamətində sadiqlik nümayiş etdirir 

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Sözügedən tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl" texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək tədbirlər nəzərdə tutulub. Eyni zamanda bu tədbirlər planındakı öhdəliklər, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 459s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi qrup”u yaradılıb.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 %-ə yüksəltməyi hədəfləyir. Bu, ölkədə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Görülən tədbirlər bir daha təsdiq edir ki, Azərbaycan COP 29 kimi nüfuzlu tədbirə ev sahibliyi haqqını əldə edən ölkə kimi ekoloji tarazlığın qorunması istiqamətində sadiqlik nümayiş etdirir. Biz bunu xüsusilə də işğaldan azad edilən ərazilərdə aparılan işlərdə daha aydın görürük.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
baki-xeber.com

1Mənbələr