AZ

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi” keçirilir

MDU-da

Bakı, 14 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin (“Yaşıl IT həftəsi”) açılış mərasimi olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki,əvvəlcə qonaqlar tələbələrin tərtib etdikləri rəqəmsal inkişafla bağlı “Arzular ağacı”na ürək sözlərini və təkliflərini yazıblar. Gənclər qonaqlara “Hər bir yeni rəqəmsal həll ətraf mühitin mühafizəsinə töhfəmizi artırmaq üçün növbəti fürsətdir” sloqanlı ağac tingləri bağışlamaqla ölkədə yaşıllıqların artırılmasına töhfə verməyə, hər kəsi ağac əkmək və qorumaq sahəsində fəal olmağa çağırış ediblər.

Sonra universitet tələbələrinin startap layihələrinin və Mingəçevir şəhər ümumi təhsil məktəblərinin şagirdlərinin innovativ layihələrinin təqdimatı olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəlsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Universitetin rektoru Şahin Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının yaratdığı imkanları diqqətə çatdırıb. Rektor “Yaşıl IT həftəsi"nin məqsədindən danışaraq, “MDU 2030: İnkişaf Strategiyası”nın dayanıqlı və rəqəmsal inkişaf hədəflərindən bəhs edib, startap fəaliyyətinə fəal cəlb olunan tələbə və əməkdaşlara təşəkkürlərini bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Sevinc Həsənova, Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının direktoru Elvin Balacanov, Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz, Kiber Təhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Milli Sec" şirkətinin icraçı direktoru Zaur Qasımov, Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer və "Htech İnvest" şirkətinin icraçı direktoru Orxan Nadirov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir “Yaşıl kibertəhlükəsizlik konsepsiyası: rəqəmsal dövrdə ətraf mühitin mühafizəsi” və “Davamlı inkişaf konseptinə baxış: gənc tədqiqatçı perspektivi” mövzularında panel müzakirələri ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
3
azertag.az

4Mənbələr