AZ

Xocalıya ilk köç bu tarixdə olacaq - Millət vəkilindən ŞAD XƏBƏR

Xəbər verdiyimiz kimi, bu gün artıq Şuşaya ikinci köç baş tutub, şuşalılar doğma yurdlarında yenidən məskən salırlar. Eyni zamanda yaxın vaxtda Xocalıya da köç olacağı bildirilir.

Köçlə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov dedi ki, arası kəsilmədən köç prosesi davam edəcək:

"Cənab prezidentimiz bunu şuşalılarla görüşündə də dedi, bu məsələyə məsul olan qurumlar da məlumat verdilər ki, Şuşada yaşayış üçün nə qədər mənzillər, evlər artıq hazırdır və qayıdış davamlı olaraq davam edəcək. Təkcə Şuşa yox, başqa ərazilərimizə də köçlər il ərzində davam edəcək. O ki, qaldı Xocalıya köç, yaxın aylarda yox, bu ayın 28-də inşallah köç gözlənilir. Xocalıya, Xocalı şəhərinin mərkəzinə ilk 50 ailənin köçü gözlənilir və olacaq. Bundan sonra da yenə arası kəsilmədən bu qayıdış davam edəcək. Şəhərin mərkəzinə, eyni zamanda Xocalının kəndlərinə, Malbəyliyə, Quşçulara və digər kəndlərə, Cahan qəsəbəsinə, başqa kəndlərə də köç baş tutacaq. Siz məlumat almaq istəyirsiniz, mən də sizə məlumat üçün deyirəm ki, biz də bu məlumatları müvafiq rəsmi dövlət qurumlarından alırıq. Bu dövlət qurumları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir, bir də cənab prezidentimizin Şuşaya, Xocalıya, Ağdərəyə, Xocavəndə və başqa ərazilərimizə təyin olunmuş səlahiyyətli nümayəndələri var, onlardan da məlumat alırıq və bunlar hamısı bizi sevindirən məqamlardır. 2026-cı ilə qədər 100 mindən artıq əhalimizin qayıdışı nəzərdə tutulur, bu rəqəm hələ ilkindir, daha çox olacaq. Burada məsələ təkcə yaşamaq üçün hazır olan evlərin, mənzillərin sayından getmir. Burada eyni zamanda həmin evlərə, mənzillərə qayıtmış insanların məşğulluğu, işlə təmin olunmasından söhbət gedir. Eyni zamanda burada təhsil məsələsi var, tibbi təminat məsələsi var və başqa məsələlər var. Yəni bunların hamısı nəzərə alınır ki, doğma yurd-yuvasına qayıdan insanlar bütün xidmətlərlə təmin olunmalıdır, işlə təmin olunmalıdır", - deyə millət vəkili bildirdi.

Elman Məmmədov dedi ki, ilkin olaraq, uzun illərdir ağır vəziyyətdə yaşayan, yaşayış şəraiti dözülməz olan sakinlərin köçürülməsi nəzərdə tutulur:

"Şəhid ailələri var, qazilər var və sair. Müəyyən kateqoriyalar var ki, bunların köçürülməsi nəzərdə tutulur. Mən bir neçə ay bundan qabaq belə hesab edirdim ki, mən də birinci qayıdışda 50 ailənin içərisində olacam. Ancaq müəyyən məsələlər səbəbindən birinci köçdə olmayacam. Yəni evimizin hazır olmadığına görə birinci mərhələdə 50 ailənin içərisində hələ ki, biz yoxuq, inşallah ikinci mərhələdə köçəcəyik".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda dərc olunub.

2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
redaktor.az

2Mənbələr