AZ

İki qəhrəmanın Vətən sevgisi...

44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünyaya sübut etdi ki, onun Vətəni nə qədər müqəddəsdir. Vətənini canı qədər sevən qəhrəman oğullarımız ana torpağının bir qarışı belə düşməndə qalmasın deyə, ölümün gözünə dik baxıb şəhadətə yüksəldilər. Ömürlərini vətənə xidmətə həsr edən Mərhəmət Əhmədov və Rəhman Əjdərovda belə oğullardan idi. Bildirək ki, bu gün onların doğum günüdür.

Əhmədov Mərhəmət Adil oğlu 1991-ci il may ayının 14-də Şərur rayonun Oğuz kəndində anadan olub. İlk təhsilini Aşağı Daşarx kənd orta məktəbində alan vətənin igid oğlunun elə uşaqlıqdan tək arzusu hərbçi olmaq olub. Hər zaman dilə gətirdiyi bu arzusuna Mərhəmət 2019-cu ilin iyun ayında qovuşur. O, 3 aylıq hərbi təlim keçərək Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmətə başlayır. Bir il idi ki, hərbi sirlərə yiyələnən Mərhəmət döyüş yolldaşları ilə söhbətində “nənəsinin yurdu olan Füzulinin və digər torpaqlarımızın işğaldan azad olunmasını görmək istədiyini bildirərmiş”. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin düşmən üzərinə əks-hücum əmrini verməsi qəlbi qisas üçün döyünən oğullar kimi Mərhəmətində böyük sevincinə səbəb oldu. O, xidmət etdiyi bölmə ilə birlikdə Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərə qatılır. Sonralar Daşaltının Tuğ kəndinin düşmənlərdən azad edilməsi üçün qəhrəmancasına döyüşür. Şuşa istiqamətindəki döyüşlərdə iştirak edən vətənin igid oğlu oktyabrın 25-də ağır yaralanaraq şəhidlik məqamına yüksəlir. Qəhrəmanımız Şərur rayon Şəhidlər xiyabanında dəfn olunur. Ailəli olan şəhid Mərhəmət iki oğul atası idi.

Bildirək ki, Vətənini canından artıq sevən Mərhəmət Əhmədov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ən ülvi sevgidir Vətən sevgisi. İnsana doğulduğu andan ailəsindən, oxuduğu məktəbindən aşılanır. Elə qəlbi vətən eşqi ilə döyünən Rəhman Əjdərov da körpəliyindən anasından aldığı tərbiyə ilə Vətənə sevdalı olaraq böyüyür. Onun bu sevgisi çox keçmir ki, onu ən ali zivəyə ucaldır. Bu uca zivə ilə el-obasının, xalqının igid oğlu olur.

Vətən fədaisi, şəhid adını qazanan xalqın igid oğlu Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. İlk təhsilinə Qaraqala kənd tam orta məktəbində başlayan Rəhman 8-ci sinfi bitirdikdən sonra təhsilinə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə davam edir. Özünü vətənin hərbçi qulluqçusu kimi görən qəhrəmanımız 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində Mühəndis istehkam ixtisası üzrə təhsilinə davam edir. O, 2018-ci ildə leytenant rütbəsi alaraq Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmətə başlayır. Tezliklə hərbi biliyi və döyüş qabiliyyəti, işinə qarşı ciddi məsuliyyəti ilə olduğu hərbi hissənin komandir və zabitlərinin etimadını qazanır. İstehkam Tağımının komandiri vəzifəsinə təyinat alan gənc zabit çox çəkmir ki, istehkam bölük komandiri vəzifəsinə yüksəlir.  Vətənə canla-başla xidmət edən Rəhman 44 günlük Vətən müharibəsi başlayan zaman tabeliyində olan bölüklə döyüşlərə qatılaraq ən çətin vəzifənin öhtəsindən gəlməyə çalışır. O, müharibədə ən çətin işin - istehkamçı kimi Füzuli, Zəngilan, Hadrut, Xocavənd, Şuşa və Laçın dəhlizində gedən döyüşlərdə ərazilərin mühəndis maneələrindən, minalardan təmizlənməsi və ordunun hərəkəti üçün zəmin yaradılmasında yüksək peşəkarlıq nümayiş etdirir. Onun döyüş yolu Laçına qədər gedib çıxır. Bu döyüş vətənin igid olunun son döyüşü olur. Noyabr ayının 1-i Laçın dəhlizi uğrunda gedən döyüşlərdə yaralanan Rəhman Əjdərov şəhidlik zirvəsinə yüksəlir.

Qəhrəmanımız doğulduğu kəndin qəbiristanlığında dəfn olunur. Onun Qarabağı azad görmək arzusunu müzəffər ordumuz həyata keçirir. Yeddi gün sonra düşmən dizə gətirilərək Qələbə çalınır.

Ömrünün cəmi 3 ilini vətənə ləyaqətlə xidmətə həsr edən şəhid Rəhman Əjdərov ölümündən sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Azərbaycan bayrağı ordeni”, “Xocavəndin işğaldan azad olunmasına görə”, “Laçının işğaldan azad olunmasına görə” medallarına layiq görülüb.

Ruhunuz şad olsun Vətən oğlları! Uğrunda canını fəda etdiyin torpaqlar sizin kimi igidlər sayəsində indi azaddır!

Səriyyə Salahova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
ikisahil.az

1Mənbələr