AZ

Avtobusa şəraiti necə yaradaq? - FOTO

Bakının bəzi yollarında avtobuslar üçün ayrıca zolaqlar təşkil edilib. Bu fakt avtomobil sahiblərində narazılıq yaratsa da, doğru addımdır. İctimai nəqliyyat üçün xüsusi yolların ayrılması ilk vaxtlar bütün ölkələrdə narazılığa səbəb olub. Lakin sonradan hər kəs anlayıb ki, ictimai nəqliyyatı gücləndirməyin başqa yolu yoxdur.

Avtosfer.az xəbər verir ki, vaxtilə Türkiyədə metrobus xətləri ayrılanda da hökumətə qarşı ciddi narazılıqlar yaranmışdı. Lakin hökumət daha sərt metod seçərək yolları betonla ayırdı. Bu gün əhali sayına görə Avropanın ən böyük şəhəri olan İstanbulda metrobus və relsli nəqliyyatdan istifadə edənlər üçün tıxac anlayışı yoxdur. Qayıdaq özümüzə.


Səhər saatlarında mərkəzdə sıxlığı azaltmaq üçün polis demək olar hər gün Badamdar tərəfdə yolun 3 hərəkət xəttindən ikisini bağlayır və nəticədə kilometrlik tıxac yaranır. Burada da əziyyət çəkən 205 saylı marşrut avtobusundan istifadə edən Lökbatan qəsəbəsi sakinləri və təcili yardım sürücüləri olur. Nəzərə alaq ki, Bakı dairəvi yolundan şəhərə daxil olan yeganə marşrut da məhz budur. Buna görə də Lökbatandan şəhərə gələn sərnişinlər bəzən 3 saata gəlib çatırlar. 
Lakin bu yeganə marşruta şərait yaratmaqla ictimai nəqliyyatı təşviq etmək mümkündür. Maşın bazarından Qurd qapısınadək avtobus zolağı salınarsa bütün qəsəbə sakinlərinin işi asanlaşar. 


Eyni vəziyyət Cənub girişində də müşahidə olunur. Bayraq meydanından Azneft dairəsinədək avtobus zolağı olsa da, buna məhəl qoyan yoxdur. Nəticədə pik saatlarında onlarla avtobus ard-arda düzülür.


Burada maraqlı iş sürücülərin yolun yarısından zolağa girməsidir. Şəxsən şahidi olduğum hadisədə sürücü öz davranışını belə əsaslandırdı: ortadan girəndə radar çəkmir. 


Bu ərazidə yol polisinin xidmət aparması mümkün deyil, həyat üçün təhlükəlidir. Lakin kameraların işini təkmilləşdirərək sürücülərin fəndinin qarşısını almaq mümkündür. Təəssüf ki, burada İstanbul variantını seçərək avtobus yolunu beton baryerlə ayırmaq mümkün deyil. Çünki zolaqdan operativ nəqliyyat vasitələri də istifadə edir.
Xarici təcrübəyə nəzər saldıqda bir faktı əyani şəkildə görürük: şəxsi avtomobillərin təşviq edildiyi 60-cı illərdə bütün şəhərlərdə vəziyyət pisləşib. Tıxac problemi yalnız ictimai nəqliyyata üstünlük yaradıldıqdan sonra mümkün olub.

Vüqar

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
avtosfer.az

1Mənbələr