AZ

ABŞ Rusiyadan uran idxalına qadağa qoyub

 
"Bu qanunun qəbulu ilə Rusiya ildə bir milyard dollar itirəcək..."
 
"Yeni qanun Amerikanın nüvə sektorunda liderliyini bərpa edəcək..."
 
Bazar ertəsi ABŞ prezidenti Co Bayden bundan öncə ABŞ Konqresi tərəfindən qəbul edilən "Rusiyadan uran idxalının qadağan edilməsi" barədə qanun layihəsini imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Amerika şirkətləri kommersiya atom reaktorları üçün əsas yanacaq olan zənginləşdirilmiş urana görə Rusiyaya ildə təxminən bir milyard dollar ödəyib.
 
"Rosatom" ABŞ-ın 93 atom reaktorlarında istifadə edilən zənginləşdirilmiş uranın təxminən 20 faizini tədarük edib.
 
Bu tədarüklər hətta 2023-cü ildə "Rosatom"un Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silah biznesinə komponentlər, texnologiyalar və raket yanacağı üçün xammal tədarükü üzərində işləməsi barədə sənədlərlə sübutlar üzə çıxandan sonra da davam edib. 
 
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatında deyilir ki, "prezident Baydenin imzaladığı tarixi qanun ABŞ energetika və iqtisadi təhlükəsizliyini möhkəməndirəcək və mülki nüvə energetikası sahəsində Rusiyadan asılılığı aradan qaldıracaq".
 
"Bu yeni qanun Amerikanın nüvə sektorunda liderliyini bərpa edir. Bu, bizim energetika sektorumuzun
gələcək nəsillər üçün qorunmasında kömək edəcək", - Sallivan qeyd edib.
 
Onun sözlərinə görə, bu yaxınlarda ABŞ Konqresi tərəfindən 2, 72 milyard dollarlıq misli görünməyən maliyyələşmə sayəsində ölkədə uranın zənginləşdirilməsi üzrə yeni güclər işə salınacaq.
 
"Biz nüvə sektorumuzun uzunmüddətli artımına sadiqik", - Sallivan vurğulayıb.
 
Bundan başqa, ABŞ Kanada, Fransa, Yaponiya və Böyük Britaniya ilə ötən ilin dekabr ayında öz ölkələrində zənginləşdirici və konversiya güclərinin genişləndirilməsinə birlikdə 4, 2 milyard dollar həcmində investisiya qoyulması barədə razılığa gəlib.
 
Rusiyadan uran idxalına qadağa barədə qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. 
 
Bu qanun Rusiya tədarükünün dayandırılmasından sonra nüvə reaktorlarını dayandırmağa məcbur olan müəssisələr üçün 2028-ci ilədək istisnaları nəzərdə tutur.
 
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun fikrincə, bu qanun "AES üçün uran yanacağının dünya bazarına qarşı yönəlib" və beynəlxalq iqtisadi münasibətlərdə yeni təlatümlərə gətirib çıxaracaq.
 
"Kifayət qədər milli zənginləşdirici gücə malik olmayan Vaşinqton öz iqtisadiyyatına zərər vurur. Həm də maliyyə itkiləri Rusiyaya nisbətən ABŞ  üçün daha çox olacaq. Lakin yerli strateqlər üçün ən başlıcası ölkəmizə ziyan vurmaqdır", - diplomat deyib.
 
O, həmçinin hesab edir ki, ABŞ "Rusiyanın profil şirkətlərini diz çökdürmək istəyir". Lakin onun fikrincə, bu şirkətlər digər istiqamətlər üzrə işləyəcək, "Vaşinqtonun başabəla strateqləri isə peşiman olacaq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
14
moderator.az

10Mənbələr