AZ

Qiymət artımından sonra yaranan TAKSİ QITLIĞI: SƏBƏBLƏR – Ekspert RƏYİ

Son günlər taksi qiymətlərində artımla yanaşı, taksi qıtlığı da müşahidə olunur. Gündəlik həyatımızda mütəmadi, yaxud məcburiyyədən taksi xidmətindən istifadə edənlər sifarişlərin qəbul edilmədiyini, yaxud imtina gəldiyini bildirirlər. Qiymət artdıqca taksilərin “yoxa çıxması”nın səbəblərini araşdırmaq qərarına gəldik.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını nəqliyyat eksperti Elməddin Murad cavablandırıb.

Ekspertin sözlərinə görə, taksi qıtlığı yeni tətbiq olunan qaydalarla bağlıdır.

“Dövlət tərəfindən taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar tətbiq olunur. Bu qaydalara görə istismar ili 15 ildən yuxarı olan nəqliyyat vasitələri taksi kimi xidmətə cəlb oluna bilməz. Yəni əsas səbəb budur.

Bunun nəticəsində də artıq taksi operatorları, yəni şirkətlər 1999-cu ildən üzü bu tərəfə olan bütün avtomobilləri sistemdə bloklayırlar. Bildiyim qədərilə, artıq 2007-ci ilə qədər taksilər sistemdə bloklanıb və o maşınlar artıq sistemdə görünə bilməz. Eyni zamanda da o maşın sürücüləri müştəri qəbul edə bilmirlər.

Belə olan halda sistem bildən birə yüzlərlə, minlərlə avtomobilli kənarda qoydu və nəticədə taksilərin sayı azaldı. Ona görə sifariş verəndə ən azı yarım saat gözləməli olursunuz. Bu, son günlər baş verən hallardır”, – Elməddin Murad qeyd edib.

O, insanların ucuz avtobus, metro əvəzinə, bir az bahalı taksiyə axınını ictimai nəqliyyatın yarıtmaz fəaliyyəti ilə əlaqələndirib.

“Taksiyə axın ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı yaranıb. Ictimai nəqliyyat, avtobuslar, metro basırıq olur, interval gözlənilmir. Sıxlıq yaranır və s. gecikmələr baş verir. Nəticədə insanlar taksiyə üz tuturlar.

İndi bu taksini də bu vəziyyətdə gətirib çıxardıq. İctimai nəqliyyatda da bir inkişaf baş vermir hələlik. Yəni bu, ağır nəticələrə gətirib çıxara bilər.

Hər bir halda mən hesab edirəm ki, bu məsələlərə bir daha baxmaq lazımdır ki, paralel şəkildə bu işlər görülsün. Yəni taksilərin sayı azaldılırsa, taksilərlə bağlı ciddi tədbirlər görülürsə, paralel şəkildə ictimai nəqliyyat inkişaf etdirilsin ki, insanlar taksi tapa bilməyəndə ictimai nəqliyyatdan səmərəli şəkildə istifadə edə bilsinlər”, – nəqliyyat eksperti vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
interpress.az

1Mənbələr