AZ

“Zirə”nin “Qarabağ” kompleksi davam edir - REPORTAJ

Turun mərkəzi görüşü Zirədə keçirildi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan yerli komanda çempion “Qarabağ”ı qəbul etdi.

Oyuna marağın yüksək olduğunu da vurğulamaq lazımdı. Stadionun tribunaları dolmuşdu. İndiyəqədərki oyunların acı statistikası “Zirə” azarkeşlərinə xoş nəsə vəd etməsə də, onlar, heç olmasa, 1 xala ümid edirdi.

Oyun qarşılıqlı hücumlarla başladı. İlk təhlükəli hücum meydan sahiblərindən gəldi. 7-ci dəqiqədə Kulaç cərimə meydançasına şığıyıb, qapıçı ilə üz-üzə qalmağa yaxın oldu. Lakin Medina vaxtında və dəqiq oynayaraq, rəqibin qarşısını kəsdi. Hücumun davamında “qartallar” daha bir qol vəziyyəti yaratdı. Renatonun baş zərbəsi qapıdan aralı keçdi. 29-cu dəqiqədə “Qarabağ” 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazandı. Keyta Alıyevlə mübarizədə yerdə qaldı. Əliyar Ağayev öncə oyunu davam etdirsə də, VAR-ın müdaxiləsindən sonra monitora yaxınlaşdı. Nəticədə referi “nöqtə”ni göstərdi. Topun arxasında premyer-liqanın bombardiri Juninyo keçdi - 0:1.

Qoldan sonra dərhal irəli atılan “Zirə” futbolçuları Kulaçla təhlükə yarada bildi. Lakin onun qarşısını ağdamlılar kobudluqla aldı. Cərimə zərbəsini Alıyev “canlı sədd”ə vurdu. Hissənin sonunda “Qarabağ” fərqi artırmağa yaxın oldu. Amma Juninyonun qüvvətli zərbəsi qeyri-dəqiq alındı.

İkinci yarı nisbətən sönük keçdi. İlk təhlükəli vəziyyəti “köhlən atlar” yaratdı. Keytanın baş zərbəsini Nəzirov küncə çıxarmağı bacardı. Suma meydana çıxandan sonra “Zirə”nin hücumlarında canlanma müşahidə olundu. Bunların birində onun başlatdığı hücumu Sadıxov zərbə ilə tamamladı. Lakin Rəhim dəqiq ola bilmədi. Əvəzində qonaqlar rəqibini əks-hücumda yaxaladı. Keyta baxımlı cinah reydinin sonunda topu Leandro Andradeyə ötürdü. Onun zərbəsi qapıdan aralı keçdi. 90-cı dəqiqədə meydan sahibləri Suma ilə hesabı bərabərləşdirməyə yaxın oldu. Qvineyalının zərbəsini Ramazanov dəf etdi.

Bununla da “Zirə” 4-cü pilləyə yuvarlandı. “Qarabağ” isə xalını 79-a çatdırdı.

Gözdən qaçmadı
* Rəşad Sadıqov referinin penalti qərarına kəskin şəkildə etiraz etdi. O, “nə istəyirsiz məndən, çıxıb gedək? Hər dəfə belə olmaz”, - deyə etirazını bildirdi.
* Diktor matçın sonlarında azarkeşləri etik normalara riayət etməyə çağırdı.
* Oyunu izləyənlərn arasında yığmanın seleksiyasçısı İlqar Qurbanov da var idi.

İSMAYIL XEYRULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
football-plus.az

1Mənbələr