AZ

Zəngəzur dəhlizinin açılması PERSPEKTİVİ: “Ermənistan maneələr yaratmaqda davam edir”

“Əgər Ermənistan mövqeyində dəyişiklik etməzsə, Zəngəzur dəhlizinin yaxın perspektivdə açılması qeyri-mümkün görünür”.

Bunu Yenicag.az-a açıqlamasında yaxın perspektiv üçün Zəngəzur dəhlizinin açılmasının nə qədər real olduğundan danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsinin əldə olunması istiqamətində Ermənistan maneələr yaratmaqda davam edir.

“Hətta iki ölkə nümayəndələri arasında Qazaxıstanda keçirilən görüşdən öncə Ermənistan XİN rəhbəri elə bəyanat səsləndirdi ki, ciddi nəticənin əldə olunmayacağı artıq məlum idi. Həllini gözləyən məsələlərin müzakirəsi ərəfəsində Ermənistanın mövqeyinin dəyişməz olaraq qaldığını bildirmək sülh sazişinin imzalanmasını ləngidir. Eyni yanaşma Zəngəzur məsələsinə münasibətdə də mövcuddur”, – deyə politoloq qeyd edib.

Eyni zamanda, siyasi şərhçi bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı reallıqları dərk etmək istəmir:

“Ortaya sülh kəsişməsi adlı plan atılıb. Mahiyyəti isə Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yolunun Mehridən, avtomobil yolunun isə kifayət qədər dağlıq və ermənilərin yaşadığı ərazilərdən keçməsindən ibarətdir. Bu cür yanaşma isə təbii olaraq qəbuledilməzdir. Dəmir yolu və avtomobil magistralı eyni yerdən keçməlidir. Digər məqamlardan isə kommunikasiyaların maneəsiz və təhlükəsiz olmasından ibarətdir. Ermənilər isə qarşılıq və bərabərlik prinsipini əsas gətirərək, bunların heç biri ilə razı deyil.

Azərbaycandan-Azərbaycana gedən vətəndaş, yaxud yüklə Ermənistandan Çinə gedən arasında bərabərlik ola bilməz. Əgər Ermənistan mövqeyində dəyişiklik etməzsə, Zəngəzur dəhlizinin yaxın perspektivdə açılması qeyri-mümkün görünür”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
yenicag.az

1Mənbələr