AZ

Hava buna görə soyuq keçir - Yaxın 10 gündə bizi nə gözləyir?

Hazırda may ayı olmağına baxmayaraq, hava şəraiti dəyişkən və qeyri-sabit keçir. Yay fəslinin gəlməsinə isə az bir müddət qalıb. Belə olan halda, havanın temperaturu artmaqdansa, daha da azalır. Əhali isə yazda qış havasının hökm sürməsindən narahatdır. 

Maraqlıdır, may ayında hava niyə siyuq keçir? 

Mövzunu “Yeni Sabah”a şərh edən meteoroloq Cavid Hüseynov suallara aydınlıq gətirib: 

“Azərbaycan Respublikası ərazisində iqlimin və sinoptik şəraitin formalaşmasında Kontinental və dəniz Arktik, Tropik və mülayim en dairələrinin kontinental hava kütlələrinin, həmçinin Azor maksimumunun, Cənub siklonlarının, Orta Asiya antisiklonlarının və  yerli hava proseslərinin mühüm rolu var. 

Respublikamızın subtropik və mülayim iqlim qurşağında yerləşməsi, mürəkkəb relyefi, oroqrafiyası, dənizə yaxın olması və digər fiziki-coğrafi amillərin təsiri burada fəsillərin (4 fəsil) və iqlim tiplərinin müxtəlifliyinə (dünyada mövcud olan 11 iqlim tipindən 9-una təsadüf edilir) səbəb olub. 

Bu ilin fevral ayında havanın temperatur göstəricilərinin bəzi günlərdə rekord həddə çatması və iqlim normasından çox olması, həm ölkəmizin sinoptik şəraiti ilə (siklon və antisiklonların fəaliyyəti), həm də Qlobal İqlim dəyişmələrinin (tərəddüdlərinin) regional təsirləri ilə əlaqədar olmuşdur (İqlim dəyişmələrinin təzahürlərindən biri də fəsillər üçün xarakterik olmayan havanın temperatur anomaliyalarıdır). Temperatur anomaliyalarının təkrarlanma və davamiyyət tezliklərində artım dinamikasının müşahidə ediləcəyi ehtimalı var”. 

Ekspert qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyini də açıqlayıb: 

“Dünyanı və ölkəmizi iqlim dəyişmələrinin mənfi təsirlərindən və ekstremal anomaliyalardan qorumaq üçün havanı və suyu təmizləyən və ekoloji qalxan kimi istilərlə mübarizə aparan yaşıllıqları qorumalı, beton cəngəlliklərimizi “yaşıla” çevirməli və vaxtilə məhv edilən təbii meşə örtüklərini bərpa etməliyik. 

Son günlərdə ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti may ayı üçün xarakterik olmasa da, Siklon və Antisiklonların fəaliyyətinin nəticəsi olan Dəniz Arktik və Kontinental Arktik hava kütlələrinin ölkəmizin ərazisinə daxil olmasıyla havanın temperaturnun kəskin düşməsinə və intensiv yağıntıların (yüksək dağlıq ərazilərdə qar şəklində) yağmasına, sahilyanı və düzənlik ərazilərdə isə güclü küləklərin əsməsinə səbəb olmuşdur. 

Sinoptik şəraitlə əlaqədar olaraq respublikamızın ərazisində havanın temperatur göstəricilərinin  may ayının I və II dekadaları (ongünlükləri) üzrə normadan aşağı olacağı və qeyri-sabit hava şəraitinin hələ bir neçə gün davam edəcəyi (təxminən may ayının 25-inədək) ehtimal edilir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
yenisabah.az

1Mənbələr