AZ

“Ruslar əsas diqqəti Zəngəzura yönəldəcək" - Partiya sədri

“Ermənistanda hakimiyyətin dəyişdirilməsi daha çox Rusiyanın maraqlarına uyğundur. Bilirsiniz ki, Paşinyan Putinlə görüşəndən sonra Ermənistanda etiraz aksiyaları vüsət almağa başladı. Çünki Ermənistan xeyli müddətdir ki, Qərbə orientasiyaı götürüb. Amma istədiklərinə nail ola bilmir. İndi ola bilər ki, Rusiyanın təsirini hiss edir. Rusiya isə regionda təsirini gücləndirməyə çalışır. Gürcüstanda da proseslər gedir və bu da təsadüfi deyil, Rusiyanın xəttidir”.

Bunu Bakupost.az -a Azad Vətən Partiyasının sədri Akif Nağı Ermənistanda keçirilən etiraz aksiyaları haqda danışarkən deyib.

O, çıxışına daha sonra bunları əlavə edib:

“Rusiya Ukraynaya da təzyiqini artırır, hərbi əməliyyatlar genişlənib. Odessa və Xarkov istiqamətində hücumlar davam edir. Qərb isə hələlik müqavimət göstərə bilmir. Ola bilər Rusiya regionda müəyyən dəyişikliklər etmək qərarına gəlib”.
A.Nağı indi diqqətin Zəngəzura yönələcəyini bildirib:

“Qarabağdan sülhməramlıları çıxaran ruslar Zəngəzuru hədəf götürüblər, qüvvələrini orda cəmləşdirməyə çalışacaqlar. Çünki Zəngəzur "Orta yol" deyilən iqtisadi layihənin bir hissəsdir. Rusiya diqqətini ora cəmləşdirir. Əslində bu yolla indiyə qədər onun mövqeyinə qarşı olan qüvvələri sıradan çıxarır”.
O, hadisələrin gedişində kilsənin böyük rol oynadığını bildirib:

“Sonuncu güc mərkəzi kimi kilsə də istəyinə nail ola bilməsə, Paşinyanın mövqeyi güclənəcək. Rusiyanın orda ənənəvi istifadə etdiyi qüvvə Köçəryan-Sərkisyan tandemidir. Onlar da nəticəyə nail ola bilməsələr, yeganə qüvvə kimi Paşinyan ortada qalır. Erməni cəmiyyətində ən ciddi təsirə malik olan kilsədir. İndi də onların kilsəylə bağlı geniş strukturları var. Bu isə böyük bir gücdür, insanlara təsir edir. Hazırda kilsənin çağırışı ilə aksiyalar keçirilir. Amma Paşinyan geri çəkilmir, onun da dəstəkçiləri var. Getdikcə, hiss olunur ki, kütləvi aksiyalar zəifləyəcək. Lokal aksiyalara keçəcəklər. Bu da gücsüzlük əlamətidir. Hesab edirəm ki, hadisələrin sonunda Rusiya müstəvisinə keçən Paşinyanın mövqeyi güclənə bilər”.
Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
bakupost.az

1Mənbələr