AZ

Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL

Qarabağ klanı, daşnaklar və onların şirnikləndirdiyi keşişlər - II Qareginin “nökərləri”, yəni xidmətçiləri ən adi manqurtlardırlar və bunlar bir cinayətkar dəstədir. Bunu artıq erməni cəmiyyəti də yaxşı bilir, əks halda, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətlərinin səbəbkarı hesab etdikləri erməni baş nazir Nikol Paşinyanı Ermənistan ictimaiyyəti, erməni seçicisi çoxdan hakimiyyətdən uzaqlaşdırar və yenidən onları seçərdi. Amma biz bunun əksini müşahidə ediriksə, deməli, həmin o cinayətkar dəstənin əsl siması, daha doğrusu simasızlığı bütövlükdə hayların özlərinə də bəllidir.

Qalstanyan itaətkar şəkildə hansısa qüvvələrin əlində alət olaraq istifadə olunur və marionetliyi özü də qəbul edir

Bəli, artıq hakimiyyət hərisliyi, hakimiyyət uğrunda mübarizə fonunda olan-qalan maskalar da cırılır, kartların görünməyən tərəfi də açılır. Ermənistanda dövlət çevrilişi etmək istəyən qüvvələrin, hakimiyyəti ələ almaq istəyənlərin oynadığı oyunlar bayağı şəkildə, özü də çılpaqcasına özünün qurulma olduğunu göstərir. Arxiyepiskop Baqrat Qalstanyanın “rəhbərlik etdiyi”, daha doğrusu, “təşkil etdiyi”, sonra da onu idarə etdiyi “Vətən naminə...” hərəkatı bir çox məqamları sözsüz ki, açıb ortaya qoydu. Əslində, “rəhbərlik etdiyi”, yaxud, “təşkil etdiyi” sözlərini dırnaq içərisində yazmağımız heç də təsadüfi və əbəs yerə deyil. Çünki Baqrat Qalstanyan rəhbərlik edəndən çox, marionetə bənzəyir. Bəli, məhz hansısa qüvvələrin marioneti kimi çıxış edir. Onun özü də, erməni cəmiyyəti də bilir ki, ruhani liderin siyasətə burun soxması qanunla da, başqa formada da qəbul edilən deyil və belə çıxır ki, onu proseslərə “qarışdıran”, daha doğrusu qarışıqlıq yaratmağa vadar edən var. Belə çıxır ki, Qalstanyan itaətkar şəkildə hansısa qüvvələrin əlində alət olaraq istifadə olunur və belə bir marionetliyi özü də qəbul edir.

Haylar etirazları “teatr yürüşü” sayırlar və bunu Qarabağ klanının, daşnakların ssenarisi hesab edirlər

Sözsüz ki, Azərbaycana məxsus olan kəndlərin öz sahibinə qaytarılması barədə Ermənistan hakimiyyətinin qərarı kimlər üçünsə bir bəhanə olaraq istifadə olunmağa başlanıldı. Əvvəlcə hamıya məlum olan əyalətlərdə, kəndlərdə süni şəkildə insanları bir yerə toplayanlar, sözügedən kəndlərin sakinləri ilə deyil, oradan-buradan yığdıqları adamlarla etiraz aksiyası təşkil edənlər bir qədər də həyasızlaşaraq İrəvana doğru istiqamət də götürməyə çəsarət etdilər. Amma onların ağasız, sahibsiz və nəzarətsiz şəkildə buna cəsarət etmələri heç ermənilərin özlərinə də inandırıcı görünmədi. Əks halda, yəni, inandırıcı görünsəydi, onların, etirazçıların sayı heç olmasa arzuladıqlarının beş-on faizi qədər də olsa olardı. Deməli, belə çıxır ki, hansısa marionetin özünü alət etdiyi həmin o etirazları, İrəvana doğru yürüşü, sonra da ölkə paytaxtında planlaşdırdıqlarını haylar özləri də “teatr yürüşü” sayırlar və bunu elə həmin o Qarabağ klanının, daşnakların ssenarisi hesab edirlər. Ən azından ayıq düşüncəli haylar, azca da olsa düşüncəsi olan Ermənistan vətəndaşları bu qənaətdədirlər. Bu qənaətdədirlər ki, Srbazan deyilən və erməni dilində “müqəddəs” kimi məna verən biri heç də müqəddəs işlə məşğul olmur, birbaşa olaraq qarışıqlıq, xaos yaratmaq, kimlərinsə əlinə oynamaq niyyətindədir. Bunun üçün dəridən-qabıqdan da çıxır və özünün də hansısa məqama çatmaq niyyəti də təkzib edilə bilməz. Haylar özləri də bilirlər ki, həmin o Srbazan heç də müqəddər, pak biri deyil və sadəcə olaraq, çirkin niyyətlərin reallaşdırılması üçün bir alət, kimlər üçünsə bir marionet kimi istifadə edilir.

Etirazçıların istədiklərinə nail olması mümkün deyil, hərəkətləri ancaq Ermənistan üçün fəlakətli sonluq vəd edir

Diqqətə çatdıraq ki, Ermənistanda digər bir tərəfdə də erməni baş nazir Nikol Paşinyanı dəstəkləyənlər öz mövqelərini ortaya qoymaqdan çəkinmirlər. “Paşinyan, narahat olmayın, biz sizi dəstəkləyirik”, “biz sizi bəyənirik”, “hər zaman sizinlə fəxr edirik” şüarları ilə erməni baş naziri dəstəkləyənlər də var. Doğrudur, bu dəstək həm də Paşinyanın əzələ nümayişidir və indi onun müxalifətə qarşı, etirazçılara qarşı necə saymazyana dayandığı təsdiq edir ki, etirazçıların nəyə isə nail olması mümkün deyil və ən azından erməni baş nazir özü də buna inanmır. Əks halda Ermənistan hakimiyyəti hansısa güzəştlərə gedərdi, etiraz aksiyalarında həddini aşanların sərt şəkildə qarşısının alınması barədə məlum qərar da verilməzdi. Amma Nikol Paşinyan çəkinmədən müvafiq qərarını bəyan etdi və bildirdi ki, heç də güzəşt olmayacaq və bu faktın özü belə bir sıra məqamlardan xəbər verir.

Bilirik ki, erməni cəmiyyətinin iki seçimi var. Bunlardan birincisi Paşinyan hakimiyyətini devirmək və Azərbaycanla danışıqları pozmaqdır ki, bunun Ermənistana baha başa gələcəyi artıq bəllidir, hansı ki, bunu hayların özləri hamıdan yaxı bilirlər. İkinci seçim isə Paşinyan hakimiyyətini dəstəkləmək və mövcud danışıqlara riayət etmək, əmək etməkdir ki, bunun həmin ölkəyə faydası da çoxdur, üstəlik, qarşılaşacaqları problemlər baxımından da nəzərə alınması vacibdir. Ən azından, 44 günlük müharibənin şahidləri olan və Ermənistanın rüsvayçı məğlubiyyətini görənlər, itkilərinin, fəlakətlərinin fərqində olanlar ikinci seçimə üstünlük verməlidirlər. Amma marionetlər bunu nəzərə almadan bildiklərini etməyə çalışırlar ki, bu da sadəcə olaraq, yekunda ancaq erməni cəmiyyəti üçün, Ermənistan üçün fəlakətli sonluq vəd edir.

Hadisələrin gedişi etirazçılar üçün heç bir əminlik yarada bilməz və bəhanələri də boş cəfəngiyyatdır

Doğrudur, dırnaqarası müqəddəs kimi, “Srbazan” kimi özünü sırıyan Baqrat Qalstanyan indiki hakimiyyətə qarşı olan əhalinin bir hissəsinin diqqətini çəkə bilib. Bəli, Azərbaycana “birtərəfli güzəştlərə”, eləcə də sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxmaqla bəzilərinin diqqətini özünə çəkməklə də diqqət mərkəzinə düşə bilib. Daha açıq şəkildə desək, ümumiyyətlə, zəbt etdikləri torpaqların əllərindən çıxması kimi acı reallığı hələ də qəbul edə bilməyənlərin hissləri ilə məharətlə oynamaqla, özünü erməni cəmiyyətinin gözünə soxa bilib. Hətta Ermənistan hüdudlarından kənarda olan erməni lobbisinə də müraciət edərək proseslərə qoşulması tələbi ilə də həyasızcasına çıxış edib. Amma bu o demək deyil ki, onun ortalığa atılması, marionet kimi davranması ağasının istədikləri nə isə bir nəticənin əldə edilməsinə əminlik yaradır. Xeyr, heç bir əminlik yarada bilməz və onun bəhanələrinin hamısı boş cəfəngiyyatdır.

İndi ortaya atılanlar, ələlxüsus da Baqrat kimi yanlış düşünənlər iddia edirlər ki, öz mənafeyi, öz nüfuzu naminə COP29 ərəfəsində, yəni, ən azından 6 ay müddətində Azərbaycan məhz Ermənistanla müharibəyə başlamaz, ümumiyyətlə, heç nə etməz. Onlar iddia edilər ki, COP29 ərəfəsində Azərbaycan müharibə aparan ölkə kimi tarixə düşmək istəməz. Bir sözlə, cinayətkar rejimin marionetləri, revanşistlər belə bir vəziyyəti haylar üçün fürsət adlandırırlar və guya həmin fürsətdən istifadənin çox vacib olduğunu iddia edirlər. Amma ölkə rəhbərimizin, Ali Baş Komandan, cənab Prezindent İlham Əliyevin Şuşadan verdiyi mesajlar, Ermənistanın hansısa ölkələr, qüvvələr tərəfindən, məsələn, Fransa tərəfindən pik həddə, İrəvanın təhlükəli həddə silahlandırılmasına laqeyid yanaşılmayacağı, tərəfimizdən lazımi addım atılacağı və bu zaman heç kimin bizdən inciməyə haqqı belə olmayacağı barədə qeyd etdikləri onların özləri üçün çox kəskin cavab oldu və heç şübhəsiz ki, çoxları öz hesablarını getmiş, öz nəticələrini çıxarmış oldular.

Pafoslu çıxışların, Ermənistan bayrağının İrəvanın küçələrində dalğalandırılmasının, yüksək səslə müraciətlərin mənası da yoxdur

Bəli, ermənilər özləri də yaxşı bilirlər ki, onlar üçün, ələlxüsus da mövcud vəziyyətlə barışmaq istəməyənlər üçün olduqca acı olsa da, ürəklərini parçalasa da reallıq göz önündədir və onların istədikləri şəkildə vəziyyəti, reallığı dəyişmək mümkünsüzdür. Ağlı başında, başı da çiyinləri üzərində olan haylar bilirlər ki, İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar mövcud vəziyyətə müdaxilə etmək, onu dəyişmək haqqında ən azı yaxın 10-15 ildə danışmaq, bunu müzakirə belə etmək hayında, halında deyillər. Bilirlər ki, baş nazir Nikol Paşinyan olmasa belə, onun yerində kim olsa belə, ötən əsrin sonlarında zəbt etdikləri əraziləri bundan sonra bir daha zəbt, işğal edə bilməyəcəklər. Az da olsa ağlı olan erməni bilir ki, onların xəyal etdikləri torpaqlar bundan sonra onlar üçün uzaq başı elə xəyal olaraq qala bilər. Artıq öz qüdrəti, öz potensialı, öz gücü ilə torpaqlarını işğaldan azad edən Azərbaycanın nəyə qadir olduğunu haylar da bilirlər, onların havadarları da. Bu baxımdan kimlərinsə ortaya atılıb Paşinyanı, yaxud hər kimi hədəfə alması sadəcə olaraq hansısa niyyətə, hakimiyyəti ələ keçirmək kimi bir məqsədə xidmət edir ki, bu məqsəd üçün də həmin o dırnaqarası “müqəddəs”, yəni, Srbazan alət edilib və ortalıqda maronet kimi istifadə olunur.

Pafoslu çıxışlar, Ermənistan bayrağının İrəvanın küçələrində dalğalandırılması, yüksək səslə kütləyə müraciət etmək hələ heç nə demək deyil. Yəni, bütün bunların heç mənası da yoxdur. Baqrat Qalstanyan özü hamıdan yaxşı bilir ki, onunla meydana, etiraz aksiyasına toplaşan özü kimi marionetlərin heç biri Azərbaycanla müharibə başladığı təqdirdə hərbi komissarlıqlara gələrək döyüş meydanına getmək üçün müraciət etməyəcəklər, gizlənəcəklər. Heç Qarabağda 30 ilə yaxın məskunlaşan və qondarma rejimin təkidi ilə indi Ermənistana köçən və özünə yer edən haylar da döyüşə qatılan deyillər. Çünki bilirlər ki, Azərbaycanın həmləsinə Ermənistanın tab gətirməsi mümkün deyil və ölkələrimizi müqaisə belə etmək olmaz və yenə də məğlubiyyətləri qaçılmazdır. Bəs yaxşı, belə olan halda, Baqrat kimi bir marionet mübarizəni kimin aparacağını düşünür? Ümumiyyətlə, bu dırnaqarası “müqəddəs” ortaya atılanda məhz qeyd olunan, sadalanan reallıqları nəzərə alıbmı və əgər alıbsa, deməli, həqiqətən də “teatr yürüşü” təşkil edib və kimlərinsə hakimiyyət naminə qorduqları oyunda özünün də marionetliyini qəbul edib.

Marionet ruhaniyə, “müqəddəs” deyilənə kimin rəhbərlik etdiyi məlum oldu

Bəlkə də etirazlar yenicə başlayanda haylar arasında kimlərsə Baqrat Qalstanyanın manipulyasiyalarına aldana bilərdilər. Amma artıq İrəvanda onun məhz erməni baş nazir Nikol Paşinyana ultimatumlar verməyə, istefasını tələb etməyə başladığı zaman hər şey bəlli oldu və daha kiminsə aldanması mümkün deyil. Bəlli oldu ki, arxiyepiskop da, onun arxasında duran qüvvələr də, ümumiyyətlə, onların hamısı eqoist maraqlar güdürlər. Baqrat Qalstanyanı daşnak İşxan Saqatelyan və keçmiş müdafiə naziri Seyran Ohanyan böyük həvəslə öpəndə həmin o marionet ruhaniyə, dırnaqarası “müqəddəs” deyilənə kimin rəhbərlik etdiyi məlum oldu. Məlum oldu ki, həmin bu “Srbazan” ordunu şəxsi varlanma vasitəsinə çevirən, ölkəsinin hərbisini talayan biri ilə eyni müstəvidə, eyni mövqedədir. Deməli, hayların özlərinə də bəlli oldu ki, Ohanyan kimisinin arxasınca getmək, onun kimi birinə, bir marionetə inanmaq axmaqlıqdır.

Qalstanyan Köçəryanla görüşə gedəndə isə nəhayət hər şey tamamilə aydın oldu. Həmin görüş məsələsi orata çıxan kimi bütün bu teatr tamaşası, “teatr yürüşü” ilə bağlı tamamilə hər şey bəlli oldu. Bəlli oldu ki, Ermənistanda hakimiyyəti dəyişmək və hayları, erməni cəmiyyətini Azərbaycanla yeni müharibəyə qızışdırmaq kimi bir niyyəti olan ikinci prezident tərəfindən həmin o “müqəddəs” Baqrat Qalstanyan koordinasiya edilib. Baqrat artıq bundan sonra nə qədər “təmizlənmək” istəsə də özünü belə bir marionet adından təmizləyə bilməyəcək və çətin ki, onun müqəddəsliyi barədə bircə dənə də olsa erməni bundan sonra düşünə. Çünki bir toplumu aldadaraq əyalətdə, kəndlərdə toplayıb, sonra da ölkə paytaxtına, İrəvana yürüşə sövq etmək üçün Srbazanın nə qədər yalançı və murdar bir marionet olmasını başa düşmək erməni cəmiyyəti üçün də çətin deyil. Özlərinin zənginləşmələri, varlanmaları üçün onillər boyu bütövlükdə Ermənistanı, erməni xalqını alətə çevirənlərə indi də Baqrat Qalstanyanın marionet olmağı özü üçün qəbul etməsi erməni cəmiyyətinə, haylara qarşı böyük xəyanətdir. Çünki onun niyyəti hayları yenidən bir də Koçaryan-Sarkisyan dəstəsinin, cinayətkar dəstənin zənginləşməsi üçün alətə çevirməkdir və bunun xəyanətdan başqa adı ola bilməz. Bəli, Nikol Paşinyan heç də mələk, yaxud ermənilər üçün müqəddəs, arzuolunan biri deyil, amma onu cinayətkar rejimlə müqaisə etmək mümkünsüzdür. Həm də axı həmin o Srbazan, yəni, qondarma və dırnarası “müqəddəs” Barqat bilməlidir, heç olmasa özünüqoruma instinktini işə salaraq dərk etməlidir ki, əgər sərhədin müəyyənləşdirilməsi prosesi pozularsa, deməli, Ermənistanı müharibə gözləyir və bu da bütövlükdə haylar üçün növbəti faciə, fəlakət deməkdir. Bilməlidir ki, Qareginlər, Koçaryanlar, Sarkisyanlar, Saqatelyanlar, Ohanyanlar hayları məhz buna, müharibəyə və məhvə aparırlar.

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sia.az

1Mənbələr