AZ

Rayon klubunda baş məşqçinin əleyhinə iş aparanlar - Onlar kimlərdir?

Tovuz şəhər stadionun tribunalarına cəm olan tərəfdarların tələbləri meydanda olan komandanın keyfiyyəti ilə tərs mütənasibdir.

Bu gün azarkeşlərin ilk fürsətdə baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsinin başqa adı yoxdur.

Əslində bunun məkirli plan olduğunu "Sumqayıt"la oyunda sezmişdik.

"Qarabağ"a məğlubiyyət xaric, bölgə klubu "Sumqayıt"la matça kimi bu il evdə keçirdiyi oyunlarda məğlub olmamışdı.

Kollektiv doğma publika önündə keçirdiyi 6 oyunda 4 qələbə qazanmış 1 oyunda bərabərliyə razılaşmışdı.

Və belə uğurlu senarinin ardınca "Sumqayıt"la matçda buraxılan ikinci qoldan həmən sonra tribunalarda bir çaxnaşma yarandı. Ayxan Abbasova yönələn iradların səs-küyü, pıçıltısı eşidildi. Biri heyətdən, digəri əvəzetmələrdən, bir başqası onun varlığından şikayətlənməyə başladı.

Sadəcə kütləvi hala çevirə bilmədilər. Bəlkə də utandıqlarından. Axı son 6 ev oyununda 4 qələbə qazanan, yalnız "Qarabağ"a uduzan komandanın çalışdırıcısına necə istefa qışqırasan? Məntiqin m-sı da yoxdur.

"Zirə"ilə qarşılaşmada həmin fürsət əldən qaçırılmadı. Evdə ardıcıl ikinci məğlubiyyət ələ düşən yeni imkanlar demək idi.

Fürsətçilər də bunu boş qoymadı.

Meydanda daha inamlı, üstün tərəf kimi görünən meydan sahiblərinin evini Aydın Bayramovun əlləri dağıtdı. O, Meza Kollinin cərimə meydançasına havalandırdığı topu qapısından buraxdı.

Həmin fürsətçilər həm üstün oyunu, həm də buraxılan qoldakı səhvin miqyasını görməzdən gəldilər.

Axı onlar üçün tək günahkar var - Ayxan Abbasov. Nə oyun maraqlıdır, nə keyfiyyət, nə də nəticə. Əsas fürsətdir...

Özü də ev oyunlarında. Səfər matçlarında həmin adamlar gözə də dəymir. Hətta komanda ardıcıl məğlubiyyətlər alsa belə.

Görünür, onların güc mərkəzi Tovuzda cəm olub. Müdaxilə imkanlarını burada daha rahat həyata keçirə biləcəklərini zənn edirlər.

Məğlubiyyətdən xilas olmağa 20 dəqiqə qaldığı bir vaxtda hesabdakı bir topluq gerilik istefa qışqırmağa təkan olursa, buna başqa nə izah verəsən? Bəs dəstək?

Lakin cəhdin uğurlu olduğunu demək olmaz.

Yerli publikanın böyük əksəriyyəti propaqandaya yer vermədi. Sanki belə bir halın gec-tez yaşanacağına fanatlar hazır idi.

Onlar istefa şuarını beşikdəcə boğdular.

Kütləviliyinə yol vermədilər.

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
sportinfo.az

1Mənbələr