AZ

Əbədi səadətə qovuşan Şuşa sakinləri ŞƏRH

Şan-şöhrəti dünyaya yayılan, misli bərabəri olmayan, Qarabağımızın qızıl üzüyünün firuzəsi olan gözəl Şuşamızın adı gələndə ürəyimizi kədər, gözlərimizi yaş bürüyürdü. Lakin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsinin 42-ci günündə Azərbaycan Ordusunun zabit və əsgərləri böyük hünər və rəşadət göstərərək Qarabağın tacı, musiqi beşiyimiz olan qədim və doğma şəhərimizi - Şuşamızı erməni işğalçılarından azad etdi. Ali Baş Komandanın xalqa müraciəti zamanı böyük qürur və fəxrlə söylədiyi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri hər bir azərbaycanlının yaddaşında əbədi səslənəcək!

Həmin andan etibarən Şuşaya böyük qayıdış prosesinə start verildi. 28 ildən sonra arzusuna çatan Şuşa sakinlərinin ömür təqviminə yeni səhifələr yazılmağa başladı. Bu ilin may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə bütün xalqımız daha bir tarixi hadisənin şahidi oldu. 32 ildən sonra şuşalılar öz doğma yurdlarına qayıtdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində şəhərə köçmüş 88 nəfər ilk sakinlərlə görüşü zamanı dövlət başçımız şəhərin azad edilməsində Azərbaycan ordusunun göstərdiyi şücaət və igidlikdən danışdı. Cənab Prezident çıxışı zamanı bildirib ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam olan gənc nəslin nümayəndələri olub. Bugünkü qürurumuzu biz şanlı Ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada öz haqqını döyüş meydanında bərpa edən Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Uydurduqları miflərin xəyalı ilə yaşayaraq Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya biləcəyini düşünən mənfur düşmənin düzgün hesablamalar aparmadığını vurğulayan dövlət başçımız bildirdi ki, onların arxasında duran böyük dövlətlər onlarda olan bu əminliyi daha da gücləndirmişdilər, lakin biz bilirdik və əmin idik ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq!

“44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək” deyən cənab Prezident 12 minə yaxın fərarisi olmuş erməni əsgərlərindən fərqli olaraq bizim əsgər və zabitlərimizin müharibənin son gününə qədər qəhrəmancasına mübarizəni davam etdirdiklərini, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə düşmənin belini qırdıqlarını böyük fəxarət hissi ilə dilə gətirdi.

Vətən Müharibəsi dövründə bir çox xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı Şuşa ilə bağlı verilən suala cavab verərkən ölkə başçısı bildirmişdi: “Şuşasız bizim işimiz yarımçıq qalacaq, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

2023-cü ildə heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, dövlətimizin gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Şuşada gedən genişmiqyaslı quruculuq işlərindən bəhs edən möhtərəm cənab İlham Əliyev bildirdi ki, bu gün öz yeni tarixini yaşayan, dirçəldilən Şuşada uzun fasilədən sonra şuşalılar rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.

Azərbaycanın heç bir zaman müharibə istəmədiyini, daim sülh tərəfdarı olduğunu bildirən cənab Prezident Ermənistanın havadarları tərəfindən Azərbaycana qarşı yönəldilmiş ədalətsiz fəaliyyətdən və ikili standartlardan danışaraq Azərbaycan xalqına və bölgəyə maraq göstərənlərə bəyan etdi: “Bundan sonra bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”!

İndi sevinc içində Şuşalı, Qarabağlı günlər yaşayırıq. Ümid edirik ki, belə iftixar dolu günlərimizin ömrü əbədi-əzəli olacaq. Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
sesqazeti.az

1Mənbələr