AZ

Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlarında müsbət tendensiya olduğunu qeyd edib

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ədalətli, beynəlxalq hüquqa əsaslanan saziş olmalıdır. Bu barədə mayın 15-də Azərbaycan XİN başçısı Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında bildirib.

Sülh müqaviləsində gələcəkdə mübahisəli məsələlərin yaranmasına gətirib çıxara biləcək məqamlar istisna edilməlidir. Bayramovun sözlərinə görə, hazırda tərəflər qarşılıqlı məqbul həll yollarına nail olunması üzərində işləyirlər. 

O, ermənistanlı həmkarı Ararat Mirzoyanla mayın 10-da Almatıda keçirilən görüşü sülh prosesində "növbəti addım" adlandırıb. Bayramov qeyd edib ki, bu görüşdə "böyük müzakirələr aparılıb". Təfərrüatları açıqlamayan nazir Almatı danışıqlarını "müsbət" qiymətləndirib.

"Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar ən müsbət nəticə verən formatdır". Son 6 ayda "etimadın möhkəmləndirilməsi üzrə bir sıra addımlar" atılıb, deyə Bayramov qeyd edib.

O, iki ölkə arasında sərhədin delimitasiyası prosesinin başlamasını və 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verilməsini xüsusi vurğulayıb.

"Bu, iki ölkə arasında birbaşa danışıqlar sayəsində baş verib. Ümid edirik ki, bu istiqamətdə iş davam etdiriləcək", deyə Bayramov bildirib.

Möhkəm və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritetdir, deyə öz növbəsində Borq qeyd edib. Bu istiqamətdə praqmatik və bərabərhüquqlu danışıqlar çox vacibdir, deyə o, əlavə edib.

"Biz ATƏT olaraq delimitasiya prosesinin başlamasını alqışlayırıq və hesab edirik ki, bu proses yaxıın aylarda da davam edəcək. Uzunmüddətli sülh üçün dialoq zəruridir. Dünən Yerevanda keçirdiyim görüşlərdə də həll yolu tapmaq üçün danışıqların vicdanla aparılmalı olduğunu qeyd etmişəm", deyə o bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
turan.az

1Mənbələr