AZ

Spikerlər Cenevrədə yenidən GÖRÜŞƏCƏKLƏR: Prosesə YEKUN TÖHFƏ…

Azərbaycan və Ermənistan parlamentlərinin mayın 16-da Cenevrədə görüşəcəklər. Ermənistan mediasının yaydığı məlumata görə, sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq.

Maraqlıdır, bu görüşdə spikerlər nəyi müzakirə edəcəklər? Ermənistan və Azərbaycan münasibətlərinin gələcəyi baxımından bu görüşün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli parlament diplomatiyasının çox önəmli olmasına diqqət çəkib.

Bildirib ki, ölkələr arasında əlaqələrin qurulmasına, davamlı xarakter almasına da parlament diplomatiyasının böyük təsiri var: “Ümumiyyətlə, parlament diplomatiyası çox önəmlidir və hər hansısa xüsusi qərarın qəbul edilməsində deyil, bütövlükdə əlaqələrin qurulmasına və mütəmadi şəkildə münasibətlərin saxlanılmasında mühüm rol oynayır. Həm də hakimiyyətin bir qolu olaraq parlamentlər səviyyəsindəki münasibətlər bütövlükdə siyasi qərarların təsdiqlənməsi prosesində müstəsna əhəmiyyətə malikdir”.

Ekspert vurğulayıb ki, parlamentlər prosesə yekun töhfə verir: “Təsəvvür edin ki, tərəflər arasında sülh müqaviləsi imzalanıb, yaxud hansısa razılaşma əldə olunub. Bu razılaşmanın, sənədlərin ratifikasiya olunması üçün parlament qərar verməlidir. Yəni, dövlətlər adından imzalanan razılaşmanın, sənədlərin son mərhələdə parlamentdə ratifikasiya olunması var. Bütün hallarda, hətta parlamentlərin əlaqələri son mərhələ kimi hesab olunur. Birinci mərhələdə ölkə rəhbərləri, birbaşa nazirliklər, müvafiq qurumlar, sərhəd xidmətləri, xəritəçəkmə və digər müvafiq qurumlar görüşür, müvafiq iş həyata keçirir, sənədlər imzalanır və sair. Lakin son nöqtə parlamentin təsdiqindən sonra məlum olur. Ona görə, parlamentlərin prosesə verdiyi töhfə yekun töhfədir, son addımdır. Bu həm də onu göstərir ki, Ermənistan-Azərbaycan arasında kifayət qədər irəliyə doğru addımlar atıla bilib ki, artıq parlamentlərin, spikerlərin təmaslarına ehtiyac yaranıb”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
medianews.az

1Mənbələr