AZ

Minsk qrupuna Azərbaycan tərəfdən nə üçün yaşıl işıq verilmir?ŞƏRH

Minsk

Bakı, 14 may, AZƏRTAC

Bir sıra hallarda hansısa beynəlxalq strukturların ləğv olunması onların yaradılması prosesindən daha çətindir. Bəzi hallarda hansısa qurum formal olaraq ləğv edilməsə də, təşkilatın missiyası müəyyən siyasi reallıqlara uyğun gəlmədiyinə görə faktiki olaraq qüvvədən düşmüş hesab edilir. ATƏT-in Minsk qrupu ilə bağlı bu prosesi hazırda müşahidə etməkdəyik. 2020-ci ildə İkinci Qarabağ müharibəsinə qədər Minsk qrupunun yerinə Rusiya Azərbaycanla Ermənistan arasında danışıqlarda əsas iştirakçı qüvvə idi. Həmin dövrdə bir sıra ekspertlər Minsk qrupunun islahatlara ehtiyacı olduğunu, ya da hansısa formada təşkilatın restrukturizasiya edilməsinin vacibliyindən danışırdılar. Ancaq bu təkliflərin heç biri dəyərləndirilmədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin direktoru, politoloq Rusif Hüseynov söyləyib.

Minsk qrupunun 1990-cı illərin əvvəllərində fəaliyyətə başladığı formatda da işini davam etdirdiyini vurğulayan politoloq deyib: “Ümumiyyətlə, əsas problemlərdən biri Minsk qrupunun təxminən 25 il ərzində eyni formatda və dəyişmədən fəaliyyət göstərməsi ilə bağlı idi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqların yaranması fonunda Minsk qrupu öz aktuallığını daha da itirdi. 2022-ci ilin fevralında Ukraynada müharibənin başlanması ilə Qərb və Rusiya arasında konfrontasiyanın yaranması, 2023-cü ildə Qarabağda keçirilmiş antiterror tədbirlərinə qədər Minsk qrupu ilə bağlı ümidlər ondan ibarət idi ki, bu təşkilat Rusiya ilə Qərbin əməkdaşlıq edə biləcəyi yeganə format kimi qala və müəyyən nəticələr ortalığa qoya bilər. Lakin bununla bağlı da ümidlər puça çıxdı. Azərbaycan Qarabağda nəzarəti tamamilə öz əlinə aldı və suverenliyini bərpa etdi”.

R.Hüseynov bildirib ki, indiki halda Minsk qrupunun yeganə ümid bəslədiyi məsələ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesində özünə hansısa bir rol tapmaqdan ibarət ola bilər. Politoloqun sözlərinə görə, bu məsələ ətrafında da bir neçə problem mövcuddur: “Birinci məsələ, sözsüz ki Azərbaycanın Minsk qrupunun yarandığı dövrdən etibarən fəaliyyətsizliyi ilə bağlı əvvəlki acı təcrübəsidir. Ona görə də Azərbaycan tərəfi Ermənistanla sülh danışıqlarını məhz ikitərəfli məcrada aparmaq niyyətindədir. Buna görə də Minsk qrupuna Azərbaycan tərəfdən yaşıl işıq verilmir. Digər məsələlər isə Azərbaycanla bağlı deyil. Biz görürük ki, qlobal konfrontasiya çərçivəsində Rusiya ilə Qərb bir-birindən getdikcə uzaqlaşmaqdadır. Bir sıra məsələlərdə Rusiya ilə Qərb düşmən mövqeyində dayanıblar. Ona görə də ATƏT-in, xüsusilə Minsk qrupu çərçivəsində ABŞ və Fransanın, digər tərəfdən isə Rusiyanın hansı formada əməkdaşlıq edə biləcəyini təsəvvürümüzə gətirə bilmirik”, - deyə Topçubaşov Mərkəzinin direktoru vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
azertag.az

1Mənbələr