AZ

Əsgərliyə getməmək üçün xaricə təhsil almağa gedənlər, DİQQƏT - Belə aldadırlar...

“Hazırda Azərbaycandan kənarda təhsil alan tələbələrin sayı 45 minə yaxındır. Ən çox azərbaycanlının təhsil üçün üz tutduğu dövlət isə qardaş Türkiyədir. Türkiyənin ali təhsil müəssisələri azərbaycanlı tələbələri heç bir imtahan nəticəsi olmadan birbaşa attestatla qəbul edirlər. Bu onların qəbul qaydalarında öz əksini tapıb. Dünyanın ən nüfuzlu universitetlərinə belə, hər hansı bir imtahan olmadan, minumum test sertifikatı ilə qəbul olmaq mümkündür. Hətta bu olmadan da qəbul həyata keçirilir”. 

Bu fikirləri təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a açıqlayıb. Onun sözlərinə görə burada heç bir qanunsuzluq yoxdur: 

“Məsələ bundan ibarətdir ki, həmin universitetlər tələbələrin minumum təhsil almasını özləri üçün yetərli hesab edirlər. Yəni, mütəxəssis orta məktəbdə yox, univertitetdə yetişir. Bugün Azərbaycanda kifayət qədər tanınmış şəxslər var ki, onlar xarici universitetlərə imtahansız qəbul olunublar. Bu, heç bir halda pis, yaxud ayıb hesab olunmamalıdır. Məsələnin mahiyyəti beynəlxalq imtahan nəticəsi, ya da imtahanla qəbul olmaq deyil. Əsas olan həmin təhsil müəssisəsini başa vurmaqdır. Məsələn, qardaş ölkədə attestatla univertitetə daxil olub, təhsilini başa vuran şəxs 600 balla universitetə qəbul olan kəsdən heç də zəif kadr deyil. Azərbaycanda 650 balla daxil olaraq, özəl, yaxud dövlət universitetlərində oxumaqdansa attestatla xaricdə oxumaq daha yaxşı və üstündür. Xaricdə fəaliyyət göstərən təhsil ocaqları hesab edirlər ki, müraciət edən şəxsin oxumaq, anlamaq, dinləmək kimi bacarığı varsa, deməli, onu mütəxəssis kimi yetişdirmək mümkündür. Həmin ölkələrdə qəbul zamanı seçilən ixtisasa uyğun olan fənlərin orta məktəbdəki nəticələrinə baxırlar və universitet daxilində bir neçə müntəzəm imtahanlar keçirirlər. Təbii ki, qəbul imtahanında 700 bal toplamaq mütəxəssis olmaq anlamına gəlməməlidir. Kadrları ali təhsil müəssisələri yetişdirir”. 

Ekspert qeyd edib ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır və 4 ildən sonra isə onların 42 faizi ixtisas üzrə çalışa bilir:

“Azərbaycan dövlət universitetlərinin hazırladığı kadrların bir çoxu əmək bazarında təhsil aldığı ixtisaslar üzrə iş tapa bilmir. Yəni universitet bizim ölkədə sadəcə formal bir kardon parçası olan diplom verir. Əmək bazarında sözügedən ixtisas və mütəxəssislər o qədər də işlək olmur. Ona görə də xarici ölkələrə təhsil almağa gedənlərə pis baxmamaq lazımdır. Təbii ki, istisnalar var. Ukrayna, Rusiya, Gürcüstan kimi ölkələrin universitetlərində hansısa yollarla qiymət almaq mümkündür. Ancaq kimsə gedib Avropa, Amerika, Türkiyədə imtahan nəticəsi olmadan təhsil alırsa, bu həmin şəxslərin zəif olduğunu göstərmir. Əlbəttə, kimlərsə zəif universitetlərdə təhsil alırlarsa, ölkəyə qayıdanda diplomları yoxlanılır. İndi proses kifayət qədər sadələşdirilib”. 

K.Əsədov bildirib ki, Azərbaycandan Türkiyəyə oxumağa gedən tələbələrin çoxu ona görə təhsillərini başa vura bilmir ki, burada müəllimlər tələbkar və ciddidir: 

“Həmçinin, bu tədris müəssisələrində müasir metodlar tətbiq edilir. Ona görə də, ilk olaraq, valideynlər övladlarını hansı ölkəyə göndərdiklərinə diqqət etməlidirlər. Bəzən riyaziyyat biliyi olmayan abituriyentləri maliyyə, yaxud komputer ixtisaslarına yönləndirirlər. Ancaq bu doğru seçim deyil. Onları humanitar ixtisaslara, ən çox da idmana istiqamətləndirmək daha düzgün olar. Valideynlər prestijli ixtisaslara maraqlı olur. Ancaq sonradan övladları təhsil müddətini başa vura bilmirlər. Bu da heç yaxşı hal deyil. Belə olan halda, mütləq mütəxəssislərlə məsləhətləşmək lazımdır. Valideynlər övladlarının bilik və bacarıqlarını nəzərdən keçirməlidirlər. 

Xaricdə təhsil şirkətləri abituriyentləri xarici ölkələrə yollayırlar. Burada onlar kommersiya maraqlarına uyğun olduğu üçün həmin universitetlərlə əməkdaşlıq edərək, tələbələrin birbaşa qəbulunu həyata keçirirlər. Ancaq sonradan biz görürük ki, qardaş ölkədə təhsil almağa gedən azərbaycanlıların 50 faizə qədəri bu müddəti başa vura bilmir. Beləliklə, valideyn böyük miqdarda vəsait və vaxt itirir. Tələbələr isə hər hansı təhsil sənədi olmadan ortada qalırlar. Valideynlər övladlarının bilik səviyyələrinin xaricdə təhsil almasına uyğun olub-olmamasına nəzər salmalıdırlar. Əgər uyğun deyilsə, o zaman övladlarını ölkəmizdə peşə təhsilinə yönləndirməlidirlər. Təbii ki, bu yolu seçənlər hərbi xidmətə getməmək üçün vaxt qazanmağa çalışırlar. Ancaq həmin seçim çıxış yolu deyil. Ümumiyyətlə, valideynlər hərbi xidmət məsələsini problem halına gətirməməlidirlər”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
4
yenisabah.az

10Mənbələr