AZ

Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər

Son illər Azərbaycan Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə daha sıx münasibətlər qurmağa başlayıb.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iclaslarında Şimali Kipr Türk Respublikasının (ŞKTR) bayrağının dalğalanması da rəsmi Bakının böyük jesti idi.

Qeyd edək ki, sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin nazirləri ilə görüş keçirib.

Görüş zamanı Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının dalğalandırılmasını sevindirici və mühüm hadisə olduğunu qeyd edib. Dövlət başçısı həmin bayrağın TDT-nin Azərbaycanda keçiriləcək tədbirlərində bundan sonra da dalğanalacağını bəyan edib. 

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək Zirvə toplantısında da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarın da iştirak edəcəyi gözlənilir. Onu da əlavə edək ki, ötən ilin 14 oktyabrında Ersin Tatar Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. 

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kiprin müşahidəçi statusunun olması tam məntiqlidir. Artıq hər iki ölkə parlamentlərarası işçi qrupu da yaradıb. 

Hazırda Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdədir. 

Zaman-zaman müxtəlif səviyyəli qarşılıqlı səfərlər də həyata keçirilir. Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) nümayəndəliyi də fəaliyyət göstərir.

Bütün bunları nəzərə aldıqda, gedişat Azərbaycanın Şimali Kipr Türk Respublikasını (ŞKTR) yaxın gələcəkdə müstəqil dövlət kimi tanımasına apara bilər. Artıq bunun üçün ciddi maneə qalmır. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev də Azərbaycanın yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıya biləcəyini istisna etməyib.

“Qarabağ müharibəsinə qədər Şimali Kiprlə əlaqələrin tam şəkildə qurulmasında müəyyən problemlər var idi. Amma artıq problemli məqamlar tamamilə aradan qaldırılıb. 

Parlamentlərarası işçi qrupu yaradılıb, Şimali Kipr Türk Dövlətləri Təşkilatında müşahidəçidir, eyni zamanda, qarşılıqlı əlaqələr günü-gündən inkişaf edir. 

Bütün bunları nəzərə aldıqda, düşünürəm ki, Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər”,-deyə R.Nurullayev bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
cebheinfo.az

1Mənbələr