AZ

Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindəndir-Millət vəkili

“Mayın 10-da – Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə ilk qayıdan sakinlərlə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin simvolu olan Şuşa şəhəri xalqımızın qürur mənbəyidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın, Şuşanın işğaldan azad olunması idi”.  Xalq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın nümunəsi, milli-mənəvi dəyərlərimizi və tariximizi yaşadan məkandır. Məhz Vətən müharibəsində Şuşanın azad edilməsi ilə düşmən təslim oldu. Bu barədə şuşalılarla görüşdə Prezident İlham Əliyev deyib: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı”.

Millət vəkilinin sözlərinə görə, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük faciələr gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. O vaxtlar hakimiyyət uğrunda mübarizə torpaqlarımızın, o cümlədən Şuşanın işğal olunması ilə nəticələndi. Dövlət başçısının dediyi kimi, məhz AXC-Musavat cütlüyünün hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Onlar bizim Qələbəmizə bu günə qədər kölgə salmağa, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamağa, ona kölgə salmağa çalışırlar.

1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Vətən müharibəsi zamanı cənab İlham Əliyevin güclü strateq, cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. Bununla da, cənab İlham Əliyev ATA vəsiyyətini yerinə yetirdi. Amma işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək hazırda qarşımızda dayanan ən ümdə vəzifədir. Artıq o torpaqlara artıq həyat qayıdır.

Pərvin Kərimzadə söyləyib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Ulu Öndərin anadan olmasının 101-ci ildönümündə Prezident və birinci xanım tərəfindən Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da isə ikinci yaşayış kompleksinin təməli atılmışdı. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilir.

Prezident İlham Əliyevin şuşalılarda görüşdə dediyi kimi, Şuşada böyük infrastruktur layihələri reallaşdırılır və şəhərin dirçəldilməsi geniş vüsət alıb: “Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”. Şuşanın tarixi və dini abidələri də bərpa olunur. Bu işə Heydər Əliyev Fondu böyük töhfələr verir. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın və Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Bu ərazilərin təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır.

“Azərbaycan dövləti bu gün işğaldan azad edilmiş əraziləri bərpa etməklə yanaşı bütövlükdə regionda yeni təşəbbüslərlə çıxış edir. Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına hədəflənib. Biz zaman-zaman Ermənistanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə təxribatlarının şahidi oluruq. Onlar bu məsələdə xarici havadarlarına arxalanırlar. Cənab Prezident bir daha həmin dairələrə mesajlar verdi. Hər hansı cəhdlər yeni reallıqları dəyişdirmək iqtidarında deyil. Çünki 44 günlük müharibədə qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan regionda söz sahibidir”,-deyə Pərvin Kərimzadə vurğulayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
xalq.az

1Mənbələr