AZ

Paşinyandan Azərbaycan açıqlaması: “Vaxt gəldi”

Azərbaycanla əldə edilmiş razılaşmaları sülh müqaviləsinə daxil etməyin və onu imzalamağın vaxtıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Ermənistan demokratiyanın əsl və ən arzuolunan yoldaşının davamlı və sabit sülh olduğuna inanır:

“Hökumətim bunun məsuliyyətini öz üzərinə götürdü. Bu yaxınlarda Azərbaycanla 1991-ci il Almatı bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyasına başlamaq barədə razılığa gəlmişik.

Bu o deməkdir ki, demarkasiya zamanı sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Almatı bəyannaməsinə görə dövlət sərhədinə çevrilən inzibati sərhədləri bərpa etməliyik. Sərhədin demarkasiyası prosesinin başlanması 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və mənimlə dördtərəfli görüşdə əldə olunmuş razılaşmanın həyata keçirilməsidir. Bu, Praqada baş verib”.

Paşinyan əlavə edib ki, indi bu anlaşmaları sülh sazişinə daxil etməyin və imzalamağın vaxtıdır.

Ermənistan baş naziri nəqliyyat dəhlizləri ilə bağlı irəli sürdüyü “Sülh qovşağı” layihəsindən də danışıb:

“Regional sabitliyimiz üçün daha bir mərkəz nöqtəsi hökumətimin təşəbbüsü ilə həyata keçirilən “Sülh qovşağı” layihəsidir. Bu layihə nəzərdə tutur ki, Ermənistan və Azərbaycan keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq, nəqliyyat və digər kommunikasiyaları bərpa edib açsınlar”.

Paşinyanın sözlərinə görə, əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazırdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
1
teleqraf.com

2Mənbələr