AZ

Qəzəbi necə idarə etmək olar? -MÜTƏXƏSSİSDƏN TÖVSİYƏLƏR

Qəzəb, hər kəsin zaman-zaman hiss etdiyi təbii bir hissdir. Ekspert psixoloq Ezgi Dokuzlu Tezel, gözləntilərin yerinə yetirilməməsi, ədalətsizlik, mədəni təzyiqlər, uğursuzluqlar, itkilər, çarəsizlik və ya təhdidlərin qəzəbə səbəb ola biləcəyini qeyd edərək, mövzu ilə bağlı mühüm məlumatlar verib.

“İki sahil” “CNN-Türk”ə istinadla xəbər verir ki, qəzəb də bədənimizdə müxtəlif fiziki reaksiyalara səbəb ola bilən bir hissdir. Bu reaksiyalar bədənin “döyüş!” və ya “qaç!” reaksiyasının nəticəsidir. Qəzəb ürək döyüntüsünün və təzyiqinin yüksəlməsi, tərləmə, baş ağrısı, mədə-bağırsaq problemləri və əzələ gərginliyi kimi fiziki əlamətlərə səbəb ola bilər.

Qəzəbin mənbəyini tapmaq lazımdır

Ezgi Dokuzlu Tezel bildirib ki, bir insan hissi mübarizə apararkən öz daxili aləmini ünsiyyət vasitəsilə ifadə edə bilmirsə, bu hall onu təcrid edir, problemin mənbəyi barədə danışmaq və onu həll etmək ehtimalını azaldır. Qəzəbin mənbəyini araşdırmaq və onu idarə etməyə çalışmaq isə daha sağlam və konstruktiv ünsiyyət dili yarada bilər. İnkişaf etmiş ünsiyyət dili dedikdə empatiya, özünü idarə etmək, duyğuları tanımaq, anlamaq və düzgün ifadə etmək bacarıqları nəzərdə tutulur.

Yeniyetmələr qəzəbini idarə etməkdə daha çox çətinlik çəkirlər

Psixoloq qeyd edib ki, xüsusilə uşaqlar və yeniyetmələr əsəblərini idarə etməkdə çətinlik çəkirlər. Yeniyetməlik dövründə hormonlarda və beyin strukturunda baş verən sürətli dəyişikliklər qəzəbin artmasına səbəb olur. Bundan əlavə, şəxsiyyət və özünü inkişaf etdirmə, müstəqillik axtarışı, həmyaşıd təzyiqi kimi müxtəlif sosial və şəxsi təzyiqlər də qəzəbin artmasına səbəb olur. Xüsusilə gənc yetkinlik dövründə karyera narahatlığı, əlaqələri idarə etmək və müstəqil həyat qurmaq kimi yeni vəzifələrin öhdəsindən gəlmək məcburiyyətində qalanlar üçün streslə mübarizə çətinliyi hirs gətirən mənbələrdən biridir.

Sakitləşmək üçün 5 məsləhət

Ezgi Dokuzlu Tezel xəbərdarlıq edib ki, əgər qəzəb insanın gündəlik həyat rejimini davam etdirməsinə mane olarsa, ətrafına psixoloji və ya fiziki zərər verməyə başlasa, mütləq mütəxəssis dəstəyi alınmalıdır.  Mütəxəssiz qəzəbi idarə edə bilmək üçün 5 məsləhət verib:

Özünüzü tanıyın - Özünüzü tanıyın, qəzəb səviyyənizi və qəzəbinizi yaradan vəziyyətləri aşkar edin. Özünüzü inkişaf etdirmək və dərk etmək qəzəbi idarəetməyinizi gücləndirir.

Tənəffüs məşqləri edin - Stressli və ya qəzəbli hiss etdiyiniz zaman 10-15 dəfə diafraqmatik nəfəs alın. Bu nəfəs məşqləri sizi rahatlaşdıracaq. Həmçinin unutmayın ki, açıq havada gəzmək və təmiz hava almaq da əsəbləri sakitləşdirir.

Pozitiv düşünün - Pozitiv düşünməyə yönəlmiş hər bir cəhd qəzəbi idarə etməyə kömək edə bilər. Əsəbi vəziyyətlə mübarizə apararkən hadisələrə daha nikbin baxış bucağı və başqalarının mövqeyini anlamağa çalışmaq daha yaxşı ünsiyyət qurmağa kömək edir.

Açıq və aydın danışın - Duyğularınızı açıq şəkildə ifadə etmək, sadə və başa düşülən ünsiyyət dilindən istifadə etmək insanın özünü ifadə etməsinə kömək edə biləcəyi üçün əsəbiliyi azalda bilər.

Elmə etibar edin - Uzunmüddətli perspektivdə qəzəbi idarə etmə bacarıqlarını artırmaq üçün müntəzəm məşq, meditasiya, idman və ya psixoterapiya kimi elmi metodlardan istifadə etmək faydalıdır. Gündəlik həyatınızda bu üsulları mütəmadi olaraq yerinə yetirmək qəzəbli anlarda daha sakit qalmağınıza və emosional reaksiyalarınızı daha təsirli şəkildə idarə etməyinizə kömək edəcək.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
ikisahil.az

1Mənbələr