AZ

Məişət tullantıları poliqonunu sel suları basdı - Video

Bir neçə gündür ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bəzi bölgələrdə fəsadlarla nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, yağan yağışlarla əlaqədar ötən gün Göyçay rayonunda çaydan sel keçib. Nəticədə çay yatağına məişət tullantıları dolub. Bunu əks etdirən görüntülər isə sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, rayonun Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillər sel vasitəsilə çayın yatağına gəlib: “Mayın 13-də Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb. Nəticədə poliqonda toplanmış məişət tullantıları paylaşımda göstərilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb. Hazırda rayonun Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.

Yayılan görüntülərlə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə də sorğu ünvanladıq. Qurum rəsmisi Akif Məmmədov qeyd etdi ki, hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh orqan olan Göyçay rayon Komunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənir.

Lamiyə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
24
qafqazinfo.az

10Mənbələr