AZ

Çempionun kimliyi fərq etmir – Premyer Liqa Şamaxıya qayıdır

Misli Premyer Liqasında komanda sayının artmayacağı dəqiqləşəndən sonra I Liqada çempionluq mübarizəsi daha maraqlı xarakter aldı. Daha öncə 2-3-cü pillələri tutacaq komandaların da müəyyən ümidi var idisə, indi yalnız çempionun elitaya yüksələcəyi dəqiqdir.

Hazırda aşağı dəstədə yalnız iki komandanın çempion olmağa real şansı var. 53 xalı olan “Qaradağ Lökbatan” və 2 xal geridə olan “Şamaxı” bu imkanı özündə saxlayır. Və onlar mayın 16-da üz-üzə gələcək. Lokbatanda reallaşacaq qarşılaşmada meydan sahiblərinin qələbəsi şempionluğa bəs edəcəksə, bərabərlik sualları son tura saxlayacaq. Qonaqlar yalnız qələbə qazanacağı halda liderliyə yüksəlib yenidən Premyer Liqaya qayıtmaq üçün əla fürsət əldə edəcək.

Hər iki komanda son turda autsayderlə üz-üzə gələcəyindən bu matçda qalib gələnin bütün suallara nöqtə qoyacağını demək olar. Faktiki çempionluq matçı olan bu qarşılaşmanın canlı yayımlanacağı, oyunda VAR-ın tətbiqi təsadüfi deyil. AFFA da qarşılaşmanın yüksək səviyyədə təşkilində, Premyer Liqaya vəsiqənin taleyinin ədalətlə həll olunmasında maraqlıdır.

Lakin qalib kim olursa-olsun növbəti mövsümdə Şamaxı stadonu Premyer Liqa matçlarını qəbul edəcək. Eyniadlı komanda kimi “Qaradağ Lökbatan” da Lisenziyalaşdırma Qrupuna ev stadionu kimi məhz bu arenanı sifariş verib. 16 ildir mövcud olan bu klub indiyədək yalnız SOCAR-dan gələn pulları xərcləməklə məşğul olub, normal infrastrukturun qurulması üçün heç nə etməyib. Vəziyyətin ciddiləşdiyi, Premyer Liqaya vəsiqə qazanmağın real olduğu bir vaxtda isə stadion axtarmaq yada düşüb.

“Araz-Naxçıvan” və “Kəpəz” azmış kimi, indi “Qaradağ Lökbatan” qaçqın həyatı yaşayacaq. Bu reallıqda AFFA-nı Premyer Liqada komanda sayını artırmamaqda qınamaq yersizdir.

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
futbolinfo.az

1Mənbələr