AZ

Bir qalanın sirri - Kənan Hacı yazır

Bir
Kənan HACI

Şüvəlandakı müəzzəm qala ilk baxışda mənə Dino Bussatinin “Tatar çölü” romanındakı Bastiani qalasını xatırlatdı. Fəthedilməz, insanın ruhuna hakim kəsilən bu qalanı ucaldan görəsən hansı dövrün cəngavəri idi?!

Mən bu qalaya hardan gəlib çıxmışdım? Bəlkə bura Orxan Pamukun “Bəyaz qala”sıdır?! Ya da Şərqin dünyaya açılan qapısıdır?!

Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə bir gün gümüşü saqqalına tumar çəkib “səni çox maraqlı bir yerə aparacağam”,- dedi. Məşədi Qərib məscidində ondan Quran dərsləri almışdım və bu dərslər mənim uşaq yaddaşımda düşüncə qatının açılması kimi qalıb. O, təkcə Quranın oxunuşu ilə kifayətlənmirdi, həm də surələrin, ayələrin təfsirini verirdi. Bu məqamda o, mürşid, mən isə mürid idim. Mürşidim məni görəsən hansı maraqlı görüşə hazırlayırdı? Bir-iki gün intizar içində yaşadım. Nəhayət, mülayim qış günlərinin birində günün ikinci yarısı Şüvəlana üz tutduq. Qarşımda əzəmətli bir qala ucalmışdı. Hacı Soltan mənə baxıb məmnunluq hissiylə gülümsəyirdi. Bu qaladan içəri adlamaq üçün müəyyən bir yol keçməli, mənəvi səlahiyyət qazanmalı idin. Burda ya daşa dönməli idin, ya da çevrilib başqa bir adam olmalıydın... Bu qala hər insanı öz həndəvərinə yaxın buraxmazdı. Müəyyən hikmətlərdən gərək bir azca halı olaydın. Yoxsa “kəmər” belində dayanmayacaqdı... Necə deyərlər, “hal əhli bilər halını hal əhlinin, ey dil”...

Bir anlıq özümü tarixin dərinliklərində hiss etdim. Bu oxşarlıqları sadəcə, bir xəyal fantaziyası bilməyin. Mən zərrəcə yanılmıram, milli adət-ənənələrimiz bir daha sübut edir ki, xalqımızın alt şüuru, insanımızın altereqosu hardan qaynaqlanır, hansı tarixi təcrübənin halal məhsuludur. Qan yaddaşımızın xəritəsində qala, istehkam həmişə gücün atributu olub. Qarşımızda ucalan qala da mənəvi gücün görüntüsü idi. Qalaların təyinatı heç zaman dəyişmir. Tarixin bu inkişaf xətti fərdi nümunə ilə təsdiqlənməsə, inandırıcı olmur. O fərdi nümunə Hacı İntiqam Atayev idi. Həmin qalanın sahibi Qala kəndində dünyaya göz açıb. Bu da taleyin bir şifrəsi deyilmi?! Mistika!

Onun mülkündə bir söz məclisi düzənlənmişdi. Biz də bu mübarək məclisin qonaqları idik.

Vur-tut, iyirmi iki yaşım vardı. Hacı İntiqamın personası mənə son dərəcə maraqlı görünmüşdü. Qazancını şeir-sənət məclislərinə xərcləyən bu insan gördüyü işdən inanılmaz dərəcədə zövq alırdı. Sanki Mahmud ağa dirilib Şamaxıdan Bakıya, Şüvəlana gəlib çıxmışdı.

Zövqü-səfa məclisinin qonaqları kimlər idi? Xalq şairləri Qabil, Balaş Azəroğlu, qüdrətli qələm ustaları Fikrət Sadıq, Nurəngiz Gün, Hacı Mayıl, ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, tarix elmləri doktoru Təvəkkül Səlimov, Hacı Soltan Əlizadə...

Sazəndələr, xanəndələr Şərq saraylarındakı kimi dinləyiciləri cuşə gətirməkdə idilər. Mənim yaddaşımda o məclis belə incə naxışlarla, miniatür cilvəsiylə qalıb.

Hacı İntiqam şeir-sənət xiridarıdır, bakılılar demiş, köhnə kişidir. Zahirən sərt, zəhmli görünsə də (əsl kişinin xarakterik cizgiləri elə belə də olmalıdır!) ruh adamıdır. Mən bəzən onu at belində döyüşə amadə qoşun başçısına bənzədirəm. Mən onu ilk dəfə görəndə Hacının hələ 50 yaşı da yox idi. İndi 75 yaşın zirvəsində elə həmin qıvraq görkəmiylə dayanıb zamana meydan oxumaqdadır. Onu cavan saxlayan el-oba sevgisi, zəhmət, bir də təşkil etdiyi ədəbi məclislərdir. Bu ədəbi məclislərin sorağı hələ 90-cı illərdə Ulu Öndər Heydər Əliyevə də çatmışdı. Ölkə başçısı onu qəbul etmiş, gördüyü işlərlə maraqlanmışdı və təqdir etmişdi.

Hacı İntiqamın lüğətində təmənna sözü yoxdur. Milyonları olmayan xeyriyyəçi qəlbən dünyanın ən zəngin adamıdır. Ürəyinin genişliyi ona hər yerdə qapı açıb. Gördüyü işləri sadalamaqla bitməz. Hər insan bədii əsər qəhrəmanına çevrilmir. Hacı İntiqam haqqında bir neçə kitab yazılıb.



İnsanlığın da bir istedad ölçüsü var. Hacı İntiqam şair, rəssam, bəstəkar olmasa da son dərəcə böyük istedad sahibidir. Onun insanlarla ünsiyyəti səmimiyyət mücəssəməsidir. Hacı Şüvəlan kəndinin mənəvi pasportuna çevrilib. Hər kəs ona sayğı, ehtiram göstərir. Onun ətrafında həmişə bir işıq haləsi olur. O olan yerdə həmişə canlanma olur. Hacı sükutu sevməyən adamdır, onun bütün enerjisi sanki səsində toplanıb. Bir də tərifi heç sevməz. Təşkil etdiyi məclislərdə hamıdan xahişi bu olur:

- Məni tərifləməyin. Nizamidən, Nəsimidən, Hüseyn Caviddən, Şah İsmayıl Xətaidən danışın. Qoy qonaqlar sizin danışığınızdan feyz alsın.

Özü dürüst, sözübütöv, mərd adam olduğu üçün hamıdan da bunu tələb edir. Təsvir etdiyim qala qədər etibarlıdır, dostluğa sadiqdir. Köhnə kişilərə xas olan nadir xüsusiyyətləri özündə birləşdirən ağsaqqalın görüşünə gedəndə Buzovnanın göyündə pərvaz edən göyərçinlərlə danışdığım da az olmayıb. Onunla görüşün mübtədası, məşqi, sınağı idi bu... Axı o, göyərçinləri çox sevir. Atam da göyərçinləri sevərdi, mən göz açandan həyətimizdə göyərçin görmüşəm və bu haqda eyni adlı hekayəm də var. Göyərçin insandan sədaqətli olur, deyirlər. Bəlkə Hacı bizə demək istəyir ki, sədaqətli, vəfalı olmağı bu görərçinlərdən öyrənin?!

Hacı İntiqam Azərbaycanın az qala, bütün klassiklər şairləri ilə bağlı məclislər keçirib. Bu məclislərin demək olar ki, hamısı lentə alınıb. Bu lentlər tariximizin qiymətli səhifələridir. Zaman keçdikcə bu görüntülər əvəzsiz bir sərvətə çevriləcək. Hacı İntiqamın adı mədəniyyət tariximizin təkzibolunmaz faktı kimi hər zaman xatırlanacaq. O, bizim müasirimizdir, bizə əlçatandır. Gələcək nəsillər onu da Mahmud ağa kimi xatırlayacaqlar. Buna şübhə yoxdur.

Hacı İntiqam hər gün dostlarına Vatsap vasitəsilə salam göndərir, salam alır. Özünə dost bildiyi insanları bir gün də unutmur. Bu da insanlığın ali keyfiyyətlərindəndir. Gündəlik ünsiyyətin bir forması kimi bütün dostları bu qaydaya əməl edir.

Hacı İntiqam Abşeronun şimal-şərqində, Xəzərin sahilində mənəviyyat qalası kimi görünür. Gələcəyə zillənən baxışları olduqca məmnundur. Bu gözəl coğrafi ərazidə şeir-qəzəl ətirli gecələr olur, hər kəs bu havanın səmtini bilir. Bilirlər ki, “hal əhli bu gün şeirə qonaqdır Şüvəlanda”. Yerinə düşən bu misra Yavər Şüvəlanlıdan bizə yadigar qalıb. O da bir zamanlar Hacı İntiqamın təşkil etdiyi məclislərin bəzəyi olardı. Hacının adıyla qoşa çəkiləsi o qədər munis insanlar var ki... O insanlar Hacının ocağı başında olub həmişə. Bizdən ayrı düşənləri də xatırlayırıq.

Bir sözlə, tale həmişə uğurlu insanların yanındadır. Hacı İntiqam qeyri-adi personası ilə həmişə diqqət mərkəzindədir. Biz isə ona can sağlığı arzulayırıq. Nöqtə heç də həmişə fikrin bitməyinə dəlalət eləmir. Növbəti abzasa keçid üçün bir vasitə də olur. Növbəti abzas isə gələn dəfə...
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
reyting.az

1Mənbələr