AZ

Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər

Mayın 10-11-də Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib ki, Azərbaycan tərəfi ilə son danışıqlar konstruktiv şəraitdə keçib. Lakin erməni nazir bildirib ki, hazırda daha çox şey söyləmək üçün heç bir əsas yoxdur. Əksər ekspertlərə görə, xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmayıb. Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Almatı bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi. Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı “Dostluq Evi”ndə keçirilməsi simvolik xarakter daşıyırdı. Lakin tərəflər şifahi olaraq, sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır. Sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, görünən odur ki, tərəflər gözləntilərin əksinə olaraq sülhə yaxınlaşa bilmədilər. Ekspertin sözlərinə görə, ən azından sülhlə bağlı ümumi bəyanatın olacağı gözlənilirdi:

"Xüsusən Ermənistan tərəfi ümid edirdi ki, 1991-ci ildə imzalanmış Almatı bəyannaməsinə uyğun bir bəyanat səsləndirilər və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyarlar. Gözləntilər özünü doğrultmadı. Amma ümumi razılaşmaların olduğu deyilir. Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası, 4 kəndin qaytarılması, Naxçıvana meneəsiz yolun çəkilişi və digər kommunikasiyalarla bağlı ümumi razılaşmalar mövcuddur. Ancaq texniki detallarla bağlı anlaşmalar hələ yoxdur. Yəni delimitasiya və demarkasiya prosesinin konkret hansı ilin xəritəsinə əsasən aparılacağı, hansı metodologiyadan istifadə ediləcəyi ilə bağlı razılaşma əldə olunmayıb. Bununla bağlı tərəflər arasında ziddiyyətlər, fikir ayrılıqları var. Azərbaycan Naxçıvana maneəsiz yolun fərqli statusa sahib olmasını tələb edir. Ermənistan isə Azərbaycanla bütün nəqliyyat yollarının, kommunikasiyaların açılmasını istəyir və s. Əsas odur ki, Azərbaycan və Ermənistan rəsmiləri ikitərəfli qaydada, vasitəçisiz görüşlər təşkil edə bilirlər. Danışıqların davam etdirilməsi ilə bağlı da ümumi razılaşma əldə edilib".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
bakuinform.agency

1Mənbələr