Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında növbəti dəfə yazı müsabiqəsi elan edir.

İndex.az xəbər verir ki, ASA-dan verilən məlumata görə, “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda elan edilən bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.

Yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə dəyərləndirici mükafatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

* Müsabiqədə 14 may 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edəcək;
* Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;
* Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;
* Müsabiqədə iştirak edən yazılar üçün işarə limiti 4000-5000 aralığında müəyyən olunur;
* Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail ([email protected]) ünvanına mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;
* Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə dəyərləndirici mükafatlar təqdim olunacaqdır;
* Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının hər il ənənəvi olaraq elan etdiyi bu yazı müsabiqələri ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.