Mayın 14-nə keçən gecə Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.
Editor.az bildirir ki, bu barədə Volqa Dəmiryolunun mətbuat xidməti məlumat yayıb. Hadisə Kotluban stansiyasında baş verib. Məlumatda xəsarət alan olmadığı, ərazidə qatarların hərəkəti dayandırıldığı bildirilir. Hadisəyə səbəb kimi “səlahiyyətsiz şəxslərin dəmir yolu nəqliyyatının fəaliyyətinə müdaxiləsi” göstərilib.
Lakin “Baza” teleqram kanalı yazır ki, qatar pilotsuz təyyarənin hücumuna məruz qalıb. Nəticədə yanacaq olan iki sistern yanıb. İlkin məlumata görə, bir çən partlayıb və bundan sonra yanacaq ətrafa dağılıb və ot örtüyü yanıb. “Baza”nın yazdığına görə, ümumilikdə 9 vaqon relsdən çıxıb. Hələ ki, yanğını söndürmək mümkün olmayıb.
//Samir Qurbanov, Editor.az