AZ

Şuşa xalqımızın əyilməz ruhunun rəmzidir

Otuz iki ildən sonra şuşalıların öz doğma şəhərlərinə qayıdışı tarixi hadisədir. Qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri oldular. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizdə savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdi və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.

Mayın 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və  xalqımıza hörmət edirlər. Çünki Azərbaycan xalqı, dövlətimiz öz haqqını danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa edərək şəhərləri, kəndləri azad etdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Ölkə başçısı vurğuladı ki, mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər Azərbaycanın torpaqlarını əbədi işğal altında saxlaya biləcəklər. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində Azərbaycan ordusu hər gün irəli gedirdi. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Təbii ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Çünki Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində böyük iz buraxıb və bu şəhər xalqımızın əyilməz ruhunun rəmzidir.

Görüş zamanı Prezident İlham Əliyev antiterror əməliyyatından da bəhs edərək bildirdi ki, antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik.

Şuşada genişmiqyaslı quruculuq işlərinin aparıldığını diqqətə çatdıran ölkə başçısı qeyd etdi ki, Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Hazırda isə daha geniş - yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı magistral avtomobil yolu çəkilir.

Mayın 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə əbədi yaşamağa qayıdırlar və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
3
ikisahil.az

4Mənbələr