AZ

Şuşanın dünya mədəni irsində xüsusi yeri var » AzadMedia.az



Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı qeyd etmişdir ki, “müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı”. Azərbaycan tarixində özünəməxsus yeri olan Şuşanın mənfur düşməndən təmizlənməsi Böyük Zəfərin parlaq səhifəsidir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman doğma torpaqlarımızın azad olunmasına böyük nikbinliklə yanaşırdı.  Ulu Öndər 6 may 1996-cı ildə Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşdə qətiyyətlə bildirmişdir ki, “bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da, azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar”.  

Ulu Öndərin vəsiyyətini parlaq şəkildə yerinə yetirən Dövlət Başçısi İlham Əliyev qürur hissi ilə demişdir ki, “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Təəssüflə qeyd etmək lazımdır ki, otuz ilə yaxın bir müddətdə ermənilər Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşanı mədəni soyqırıma məruz qoymuşlar, nadir memarlıq nümunələrini tamamilə məhv etmişlər. Bu vandallıq bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən beynəlxalq cinayətdir.

Şuşanın dünya mədəni irsində xüsusi yer tutmasını nəzərə alan dövlətimiz burada genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Tarixi abidələrin bərpası müharibədən dərhal sonra başlanılmışdır və artıq bir çox işlərin aparılması nəticəsində Vaqifin məqbərəsi yenidən qurularaq, onun əzəli görkəmi qaytarılmışdır, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayi məscidi, Mehmandarov məscidi bərpa olunmuşdur, Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulmuşdur və onun evi yenidən qurulur.

Xüsusi olaraq qeyd edilməlidir ki, Ümummilli Liderin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək.

Burada bir daha Ulu Öndərin sözlərini xatırlatmaq tam yerinə düşər: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.

 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
azadmedia.az

2Mənbələr